17 noyabr 2025 08:05
146

Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşısında geniş əməkdaşlıq üfüqləri açan QƏRAR - TƏHLİL

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı oldu

Azərbaycanın xarici siyasətində artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regionla, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur.  Elə son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçılarının Azərbaycana 23 dəfə səfər etmələri və Prezident İlham Əliyevin həmin müddətdə qardaş ölkələrdə 14 dəfə səfərdə olması bunu sübut edir. Prezident İlham Əliyevin noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı dediyi kimi, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq xüsusi xarakter daşıyır. Xatırladaq ki, Mərkəzi Asiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edən Azərbaycan bu regionun ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər isə xalqlarımızı daha da yaxınlaşdırır.

Qeyd edək ki, Mərkəzi Asiya ölkələri Azərbaycanın haqq səsini həmişə dəstəkləyib. Bu ölkələr bu gün də işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərində də yaxından iştirak edirlər. Belə ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir. Bu ilin oktyabrında isə Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Yeri gəlmişkən, Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. 

Xatırladaq ki, bu, dövlət başçımızın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakıdır. Bu qurumun ilk tədbri 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib. Şübhəsiz, dövlət başçımızın Daşkənddə keçirilən bu tədbirə də qatılması əlamətdar hadisədir. Elə tədbir iştirakçıları da bunu müsbət dəyərləndiriblər. Yeri gəlmişkən, dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına tamhüquqlu üzv qismində qoşulması ilə bağlı qərara görə həmkarlarına təşəkkürünü bildirib. Xatırladaq ki, tədbirdə Azərbaycanın bu formata qoşulmasına dair tarixi qərar da qəbul olunub. Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verməklə yanaşı, geniş coğrafi məkanda qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə də xidmət edəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın sözügedən formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsinin daha əhəmiyyətli olacağını bildirib. Qırğızıstan Prezidenti Sadır Japarovun fikrincə, qardaş Azərbaycanın iştirakı ilə bu formatın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.

Bəli, bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Bu tədbirdə dövlətimizin başçısı Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaların beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcəyini vurğulamaqla yanaşı, Orta Dəhlizin inkişafının ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edəcəyini də qeyd edib. Həm də ölkəmizdə Zəngəzur dəhlizinin tikintisinin başa çatmaq üzrə olduğunu bidirib: “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”. 
Qırğızıstan Prezidenti Sadır Japarov Zəngəzur dəhlizinin tikintisi layihəsinin Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi davamı kimi göründüyünü vurğulayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”