15 noyabr 2025 18:47
124

Robert Sekuta: TAP Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir

Transadriatik boru kəməri (TAP) Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə ABŞ-nin Azərbaycandakı sabiq səfiri Robert F. Sekuta TAP-ın kommersiya istifadəyə verilməsinin 5-ci ildönümü münasibətilə bildirib.

“Xüsusilə 2022-ci ilin fevralından etibarən Avropa və dünyada baş verən hadisələr bir daha sübut etdi ki, hökumətlər və enerji şirkətləri TAP və Cənub Qaz Dəhlizini (SGC) layihələndirmək və tikmək üçün birləşiblər. TAP və SGC-nin digər komponentlərinin enerji təhlükəsizliyinə töhfəsi böyük olub və hələ də böyükdür - bu, ya evlər və biznes üçün qaz təmin etmək, ya da TAP-ın keçdiyi İtaliya, Albaniya və digər ölkələrdə enerji və milli təhlükəsizliyi təmin etmək baxımından əhəmiyyətlidir”, - deyə Sekuta qeyd edib.

O, TAP vasitəsilə Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi oynadığı rolun əhəmiyyətini vurğulayıb.

“Azərbaycanın qaz və neftinin proqnozlaşdırıla bilən tədarükü qlobal enerji tələbatına mühüm töhfədir. Bu uzunmüddətli reallıqdır, lakin son illərdə xüsusilə önəmli olub, çünki Aİ ölkələri və Avropa ilə yanaşı dünya ölkələri Moskva, Tehran və digər bir sıra hökumətlərin beynəlxalq sülh və təhlükəsizliyi zəiflədən hərəkətləri səbəbindən əvvəllər Rusiyadan, İrandan və digər ölkələrdən gələn tədarük alternativlərini axtarırlar”, - Sekuta izah edib.

O həmçinin qeyd edib ki, enerji bazarları dinamikdir və qlobal enerji sektoru bir çox dəyişikliklər yaşayır: yeni enerji mənbələri və texnologiyalar ortaya çıxır, qlobal bazar inkişaf edir, həmçinin istehlakçılar və şirkətlər üçün enerji təmin edərkən iqlim dəyişikliyini nəzərə almaq zərurəti artır.

“Enerji qədim zamanlardan bəri olduğu kimi insanların həyatının əsası olaraq qalır. Amma onun əldə olunma üsulları mütəmadi olaraq inkişaf edir”, - Sekuta vurğulayıb.

Sabiq səfir hesab edir ki, TAP-da iştirak edən hökumətlər və şirkətlər - müştərilər, tədarükçülər və ya operatorlar - bu dəyişiklikləri diqqətlə izləməli, enerji tələbatının tendensiyalarını təhlil etməli və yeni tələblərə vaxtında uyğunlaşmalıdırlar.

“Xüsusilə mən ABŞ və Qətərdən gələn mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükünün artmasını və bunun boru kəmərləri vasitəsilə gələcək tədarükün inkişafına təsirini qeyd etmək istəyirəm. Boru kəmərləri ilə və MTQ şəklində çatdırılan qaz Avropa ölkələri və digər regionlar üçün həlledici olaraq qalacaq. Bu iki tədarük üsulunun necə kəsişəcəyi və inkişaf edəcəyi TAP operatorları və digər qaz kəməri şəbəkələri üçün mühüm olacaq”, - deyə Robert Sekuta sonda bildirib.