15 noyabr 2025 16:46
105

“Sabah” qəzeti: Ankara, Bakı və İslamabad əməkdaşlığı – Türk-İslam dünyasının yeni geosiyasi həmrəylik oxu

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunan bayram tədbirləri təkcə qardaş ölkənin qəhrəmanlarına ehtiram nümunəsi deyil, həm də Türk dünyasının strateji oyanışının, qardaşlıq ideyasının dövlət siyasətləri ilə qovuşmasının rəmzi oldu.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin “Bakı Qarabağda Qələbənin beşinci ildönümündə: qələbənin nuru, taleyin kölgəsi” sərlövhəli şənbə yazısında qeyd olunur.

Məqalənin müəllifi, professor Mehmet Yüce Türkiyə və Azərbaycanın ittifaqını təsbit edən Şuşa Bəyannaməsinin, həmçinin iki qardaş ölkənin Pakistanla sıx əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayır. “İslamabadın iştirakı ilə Ankara və Bakı əməkdaşlıq platforması Türk-İslam dünyasının yeni geosiyasi həmrəylik oxuna çevrilib”, – deyə müəllif qeyd edir və Qarabağda Qələbənin Türk dünyasının tarixi zəfərlər zəncirinin bir hissəsi olmaqla yanaşı, “türk millətinin ortaq gələcəyinin formalaşdırılmasına hazırlığın andı” olduğunu bildirir.

Nəşrdə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsinə göstərdiyi xüsusi diqqəti də önə çəkilir. “Prezident Ərdoğanın Bakıda keçirilən Hərbi Paradda səsləndirdiyi mesajlar dünyaya göstərdi ki, iki ölkə arasındakı tarixi bağlar yalnız qardaş xalqları birləşdirən tellər deyil, həm də beynəlxalq arenada birgə addımlara hazır iki güclü suveren dövlətin strateji ittifaqının nümayişidir”, – deyə M.Yüce yazır.

Məqalədə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması mövzusuna da diqqət yetirilir: “İki qardaş dövlətin faciə qarşısında nümayiş etdirdiyi dözümlülük birlik və həmrəyliyin daha bir göstəricisi oldu”, – deyə M.Yüce vurğulayır.