Amerika və Avropa mediasında dərc olunan son xəbərlərə görə, Ukraynanı 2022-ci ildən bəri "ən sərt qış" gözləyir. Nəşrlər Kiyevin Qərb tərəfdaşlarından maliyyələşdirmə ilə bağlı problemlərini, silah tədarükünün əlaqələndirilməsindəki çətinlikləri, yanacaq-enerji sektorunun vəziyyətini və şaxtalı qış proqnozlarını qeyd edirlər.
“İki sahil” xəbər verir ki, "Politico" nəşri "İndiyə qədər ən sərt qış" başlıqlı məqalə dərc edib.
Nəşr Ukraynanın keçmiş energetika naziri Olqa Boquslavetsdən sitat gətirib. O, hesab edir ki, "bu qışın əvvəlki bütün qışlardan daha çətin olacağı artıq aydındır".
BBC "daxili məlumatlara" istinadən iddia edir ki, Ukrayna hakimiyyəti hərbi əməliyyatların başlamasından bəri "ən pis qışa hazırlaşır". Adı çəkilməyən yüksək vəzifəli Ukrayna rəsmisi "bu, tariximizin ən pis qışı olacaq" fikrini bildirib. BBC mənbəsi əlavə edib ki, bütün dövlət qurumları ən pis ssenariyə hazır olmalıdır.