Qlobal enerji və nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınan Azərbaycan hazırda dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasına da mühüm töhfələr verir
“Yaşıl Keçid Proqramı” çərçivəsində qarşısına iddialı məqsədlər qoyan ölkəmiz 2030-cu ilə qədər 6 giqavatdan çox bərpa olunan enerji istehsalını hədəfləyir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 30-a yaxın kiçik su elektrik stansiyası istifadəyə verilib. Bu, regionun "yaşıl enerji zonası"na çevrilməsi deməkdir. Günəş və külək enerjisi sahəsində də iri layihələr həyata keçirilir. Lakin Prezident İlham Əliyev qeyd edib ki, bu keçid birtərəfli olmamalıdır. Yəni, nə neft və qaz tamamilə kənarda qalmalı, nə də onların əhəmiyyəti azaldılmalıdır. Azərbaycan üçün neft və qaz strateji resurslardır və onlar uzun müddət iqtisadi sabitliyin, sosial inkişafın və enerji təhlükəsizliyinin təməlini təşkil edəcək. Eyni zamanda bu resurslardan əldə edilən gəlirlər yaşıl enerji infrastrukturuna yatırılır ki, bu da balanslı və məsuliyyətli siyasətin təzahürüdür. Bu aspektdə, qarşıdakı iki il ərzində "yaşıl enerji"nin inkişafının birinci mərhələsinin - 10 günəş və külək-elektrik stansiyasının inşasının uğurla başa çatdırılacağı gözlənilir. Bu çərçivədə 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcəyi gözlənilir. İlk panelin quraşdırılması ilə 445 MVt gücündə "Biləsuvar" Günəş-Elektrik Stansiyasının tikintisinə də start verilib. 943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu stansiya, həm də 315 MVt gücə malik "Neftçala" Günəş - Elektrik Stansiyasının gələn il, 240 MVt gücündə "Abşeron-Qaradağ" KüləkElektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan "Şəfəq" Günəş-Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir. Cəbrayılda 50 MVt gücündə "Şəms" və 50 MVt gücündə "Üfüq" Günəş-Elektrik stansiyalarının təməlinin yaxın zamanda qoyulması planlaşdırılır. Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə "Qobustan" Günəş-Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpaolunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kVt saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək.
Qeyd etdiyimiz kimi, uzunmüddətli "yaşıl enerji" gündəliyinin bütün istiqamətləri beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıq əsasında irəliləyir. Bunun nəticəsində Azərbaycan artıq genişmiqyaslı "yaşıl enerji" əməkdaşlıq ekosistemi formalaşdırmağa nail olub. Bu əməkdaşlıq çərçivəsində "Masdar", "ACWA Power", BP, "SOCAR Green", "Nobel Energy", AGEC, Baltech, "Universal International", "China Datang", China Energy, Power China, TotalEnergies, Elecnor və ROX kimi aparıcı beynəlxalq şirkətlər töhfələri ilə Azərbaycanın "yaşıl inkişafı"nın bir parçasına çevrilirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, təkcə enerji sərvətlərinə malik olmaq kifayət deyil: "Qonşularınızla, onların qonşuları ilə möhkəm və etibarlı münasibətlər qurmalısınız ki, enerji, təhlükəsizlik və regional bağlantı layihələrini uğurla həyata keçirə biləsiniz. Buradakı birinci prioritet əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı". Bu bağlılıqda "yaşıl enerj"i tərəfdaşlıq əlaqələrinin səviyyəsi ölkələrarası münasibətlərin xarakteri ilə tam şəkildə uzlaşır. Prezident İlham Əliyevin qlobal nüfuzu, dostluğa və etimada əsaslanan çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin "yaşıl enerji" sahəsindəki hədəflərinin reallaşmasına davamlı dinamizm qazandırır. Bunun bariz nümunəsi kimi bu ilin aprelində Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasını göstərmək olar. Bu sənəd bərpaolunan enerji sahəsində əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu. Quruda günəş, dənizdə külək enerjisi, hidroakkumulyasiya və batareya saxlama sistemləri, eləcə də elektrik şəbəkəsi infrastrukturuna dair çoxsaylı müqavilələrin imzalanması, "China Energy Engineering Corporation Limited" şirkəti ilə əməkdaşlığın strateji səviyyəyə yüksələrək hərtərəfli xarakter alması və 2032-ci ilədək Çin şirkətləri ilə ümumi gücü azı 1000 MVt olan layihələrin həyata keçirilməsinə başlanması bu istiqamətdə atılan mühüm addımlardandır. Yaxud 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsini Strateji Tərəfdaşlıq Xartiyasının prioritet istiqamətlərindən biri kimi təsbit edərək, "yaşıl enerji" ilə bağlı regional baxışımıza əlavə güclü stimul verir. Həmçinin əldə olunmuş tarixi razılaşma əsasında Zəngəzur dəhlizini əhatə edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) reallaşdırılması uzun illərdən sonra Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini bərpa etməklə yanaşı, regionlararası "yaşıl enerji" inteqrasiyasının genişlənməsinə və Orta dəhliz boyunca "yaşıl enerji" qurşağının formalaşmasına yeni imkanlar açacaq.
Qeyd edək ki, son tədqiqatlar Azərbaycanda 27,5 min meqavat həcmində bərpa olunan enerji ehtiyatı olduğunu təsdiqləyib. Bunun 3 min meqavatı külək, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Xəzər dənizinin ölkə ekvatoriyasında isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpa olunan enerji sahəsində potensialı 200 qiqavat qiymətləndirilir.
Sevinc Azadi, “İki sahil”