Misirli professor Xalid Azb “Mədəniyyət və kitablar” adlı yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında maraqlı videoçarx yayımlayıb.
“İki sahil” xəbər verir ki, misirli alim videoçarxda dünyada ilk xalça muzeyi sayılan Azərbaycan Xalça Muzeyinin təsis edilməsi tarixindən danışır. Bildirir ki, orijinal üslubda inşa olunan muzey binası bükülmüş xalçanı xatırladır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.
Misirdə fəaliyyət göstərən “Halqa” fondunun Memarlıq Evinin direktoru professor Xalid Azb AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə maraq göstərir, kanalında ölkəmizin mədəniyyət və tarixi məkanları barədə silsilə verilişlər yayımlayır. Hazırda Azərbaycan şairi Nizami Gəncəvi və onun əsərlərinə çəkilmiş miniatürlər haqqında tədbirlər keçirməyə və mühazirələr təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, Xalid Azb islam mədəniyyəti və memarlığı sahəsində tanınmış alimdir. Ərəb xətti, islam memarlığı haqqında bir neçə kitabın müəllifidir.
"Euronews" Bakı Beynəlxalq İncəsənət Festivalı və onun iştirakçılarına material həsr edib
Bişkekdə azərbaycanlı teatr xadiminə “Çingiz Aytmatov” medalı təqdim edilib - FOTO