09 noyabr 2025 16:39
130

Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi açılıb

Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi “Doll Prague” açılıb. Bu il sərgidə 24 ölkədən 185 kukla ustası iştirak edib.

“İki sahil” xəbər verir ki, ölkəmizi sərgidə Çexiyada yaşayan azərbaycanlı rəssam və kukla ustası Vəfa Aşumova təmsil edib.

Onun müəllif işləri “Bakı gecəsi”, “Dəniz”, “Nar” və “Natəvan” ziyarətçilərinin böyük marağına səbəb olub. V.Aşumovanın instalyasiyasının mərkəzində isə Şuşanın incisi - böyük azərbaycanlı şairə, xan qızı Xurşidbanu Natəvan dayanırdı. O, milli geyimin incə xətləri və zərif detallarında olduqca zövqlə və dərin mənəvi duyğu ilə təqdim olunub.

Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begimin deyib: “Natəvanın libasının ətəyində həkk olunmuş doğma şəhəri Şuşa sanki onun üzərində bir mələk kimi ucalır, o isə şəhərini öz ruhunun bir parçası kimi sinəsində daşıyırdı… Kukla Şuşanın azad olunmasının 5 illiyinə - Zəfər Gününə həsr edilmişdi və sərgidən bir gün əvvəl Azərbaycan Mədəniyyət Evində keçirilən ‘Şuşa, sən azadsan!’ adlı bədii gecədə ilk dəfə olaraq Çexiya yaradıcı ictimaiyyətinə təqdim olunub.”