09 noyabr 2025 13:38
209

Kamran Bayramov: Üçrəngli bayrağımız millətimizin birlik və həmrəyliyinin ən uca təcəssümüdür

Azərbaycanın dövlətçilik tarixində ən müqəddəs rəmzlərdən biri üçrəngli bayrağımızdır. Müstəqilliyimiz, azadlıq ruhumuz və milli kimliyimizin təcəssümü olan bu bayraq xalqımızın qürur mənbəyidir. Hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş, həmin il dekabrın 4-də Milli Məclis tərəfindən rəsmiləşdirilmişdir. Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunub. 2004-cü il iyunun 8-də isə “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun qəbul edilərək bu sahədə hüquqi baza daha da təkmilləşdirilmişdir. Dövlətçiliyimizin, milli, mənəvi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiram dövlət başçımız tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir. Dövlət bayrağı hər bir vətəndaş tərəfindən müqəddəslik, azadlıq, fəxr və qürur mənbəyi kimi qəbul olunur.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında  bildirib.

K.Bayramov qeyd edib ki, ən müqəddəs rəmzlərimizdən biri olan dövlət bayrağı millətin varlığının təsdiqi, müstəqil dövlətə sahib çıxmaq iradəsinin parlaq göstəricisidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabrda başlayan Vətən müharibəsi 44 gün davam edərək şanlı Qələbə ilə başa çatdı. Azərbaycan Ordusu uzun illər ərzində qurulan düşmən hərbi qüvvələrini məhv edərək tarixi ədaləti bərpa etdi və işğal altında olan torpaqlarımızı azad etdi. Bu gün isə illərlə həsrət qaldığımız üçrəngli bayrağımız azad olunmuş şəhər və kəndlərimizdə, ən uca zirvələrdə qürurla dalğalanır və Qələbəmizin əbədi rəmzinə çevrilir. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikası konstitusiya quruluşunu bərpa etmək məqsədilə Qarabağda lokal antiterror tədbirləri həyata keçirdi və bununla da ölkənin tam suverenliyi təmin olundu. 15 oktyabr tarixində isə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı ucaldıldı. Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünü, xalqımızın milli birliyini və həmrəyliyini əks etdirir, müstəqilliyimizin əbədi olduğunu nümayiş etdirir. 

Deputat vurğulayıb ki, bu tarixi hadisələr Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmliyini və milli rəmzlərimizin xalqımız üçün daşıdığı dərin mənanı bir daha təsdiqləyir. Elə buna görə də Müzəffər Ali Baş Komandanımızın sözləri xüsusilə əlamətdardır: «Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli - mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir».

K.Bayramov əlavə edib ki, bütün bu tarixi nailiyyətlər və milli rəmzlərimizə olan dərin ehtiram göstərir ki, Azərbaycan xalqı birlik və qürur ruhunu daim yaşadacaq, bayrağımızın mənasına sadiq qalacaqdır. Məhz buna görə də belə bir həqiqəti xüsusi vurğulamaq yerinə düşür ki, xalqımızın ürəyi döyündükcə, milli bayrağımız da dalğalanacaqdır.