07 noyabr 2025 13:27
116

“Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusu müzakirə olunub

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı işini panel sessiyalarla davam etdirib.

“İki sahil” xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin moderatorluğu ilə keçirilən panel sessiyada “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusu müzakirə olunub.

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı Azərbaycan dili üçün imla və üslub səhvlərini yoxlayan süni intellekt əsaslı sistemin yaradılmasına ehtiyac olduğunu söyləyib. O “Dövlət dili haqqında” Qanunda bu istiqamətdə normativlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ədəbi dilin formalaşmasının təkcə yazıçıların və alimlərin deyil, həm də jurnalistlərin əməyinin nəticəsi olduğunu deyib. O bildirib ki, qəzet və jurnallar, radionun və televiziyanın dili, müasir informasiya saytları xalqın danışıq və yazı üslubuna təsir göstərən əsas vasitələrdir.

Jurnalist Seyfəddin Hüseynli Azərbaycan dilinin işlənməsi və düşüncə tərzinin formalaşması məsələsində nəsillərarası fərqin artıq daha qabarıq şəkildə hiss olunduğunu söyləyib. Seyfəddin Hüseynli gənclərə müraciət edərək dilə münasibətin, onu hiss etməyin vacib olduğunu vurğulayıb.

Panel sessiya işini müzakirələrlə davam etdirib.