06 noyabr 2025 00:57
102

Qızılın bahalaşması kimə və necə sərf edir?

Azərbaycan cari ilin 9 ayında 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da  ötən ilin eyni dövründəkindən 2,1 dəfə çoxdur

2025-ci ildə qızılın bir unsiyası tarixi maksimuma çataraq təqribən  4000 ABŞ dollarına təklif olunub. Bu isə qızıl ehtiyatı çox olan ölkələr üçün yeni qazanc mənbəyinə çevrilib. Bəs qızılın qiymətinin davamlı artma səbəbləri nələrdir? Eyni zamanda, dünyada qızılın qiymətində baş verən artım Azərbaycanın qızıl bazarına nə dərəcədə təsir edə bilər?

İqtisadçıların fikrincə, bir çox ölkələr, fondlar və investorlar inflyasiyadan qorunmaq üçün qızılı ehtiyat aktiv kimi alırlar. Yəni, qızılın qiymətinin dünya bazarında tarixi maksimuma qalxması həm qlobal iqtisadi proseslərin, həm də regional hərbi münaqişələrin təsirindən qaynaqlanır. Təbii ki, burada söhbət ilk növbədə Rusiya-Ukrayna, İsrail -ran, İsrail-Fələstin müharibələrindən gedir. İnvestorlar belə zamanlarda riskli aktivlərdən (səhmlərdən və valyutalardan) uzaqlaşaraq iqtisadi təhlükəsizliklərini qızıl ehtiyatlarını artırmaqda görürlər.

Bundan başqa, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini azaldarkən də dolların dəyəri düşür. Bu da qızılın dəyərinin artmasına vəsilə olur. Həmçinin iqtisadi inflyasiyalardan da qorunmaq üçün dövlətlər, fondlar və iri investorlar qızılı ehtiyat aktiv kimi alırlar. Xüsüusilə Çin, Hindistan, Rusiya və digər ölkələrin mərkəzi bankları valyuta risklərini azaltmaq üçün qızıl ehtiyatlarını artırırlar. Nəticədə qızıl bazarında tələbat yüksəlir.

 Qızıl həm də yalnız zinət əşyası və maliyyə aktivindən ibarət deyil, ondan elektronika və alternativ enerji texnologiyalarında da istifadə olunur. Bu istiqamətdə də tələbat artımı qiymətə təsir göstərir. Qızıl bazarlarında qızıl zinət əşyalarının və sikkələrin qiymət artımı da birbaşa dünya bazarı ilə əlaqəlidir.

 Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun müəyyən qədər qızıl ehtiyatı var. Qiymət artımı bu aktivlərin dəyərini  yüksəldir, nəticədə valyuta ehtiyatlarının ümumi həcmi də böyüyür.

Azərbaycanda qızıl hasilatı şirkətləri (Daşkəsən, Kəlbəcər, Gədəbəy, Zəngilan və s.) fəaliyyət göstərir. Yüksək qiymət hasilatçı şirkətlərin gəlirlərini artırır, nəticədə dövlət büdcəsinə daha çox vergi və rüsum daxil olur. Həmçinin əmanətçilər banklarda valyuta və ya daşınmaz əmlak əvəzinə qızıla ehtiyac duyurlar ki,  bu da bank sektorunda müəyyən hərəkətlilik yaradır.

Məlumdur ki, ölkəmizdə istifadə olunan zinət qızılının bir qismi idxal olunur. Bu səbəbdən də dünyada qızılın qiymətinin artması daxili bazarda  bahalaşmanı daha da sürətləndirəcək. Nəticədə qızılın bahalaşması Azərbaycan üçün büdcə gəlirləri və valyuta ehtiyatlarının artımı baxımından müsbət, amma daxili bazarda alıcılıq gücünün zəifləməsi və istehlakçıların xərclərinin artması baxımından mənfi təsir göstərəcək.

O da məlumdur ki,  2024-cü ildə ən çox qızıl almış ölkələrin adı açıqlanıb. Azərbaycan bu cədvəldə 5-ci yerdədir. Ümumdünya Qızıl Şurası tərəfindən qeyd edilib ki, ölkəmizin qızıl alışlarını Azərbaycan Mərkəzi Bankının deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) reallaşdırıb.  Ümumdünya Qızıl Şurasının EMEA üzrə baş analitiki Krişan Qopaul sosial media paylaşımında bildirib ki,  ARDNF 2024-cü ilin son rübündə daha 20 ton qızıl alıb və bununla da 2024-cü il üçün qızıl alışını 45 tona çatdırıb. «2024-cü ilin sonunda Azərğaycanın ümumi qızıl ehtiyatları 147 ton təşkil edib ki, bu da onun investisiya portfelinin 21faizini  təşkil edir (2023-cü ilin sonunda bu göstərici 12faiz  idi),» Gopaul bildirib.

Qızıl haqqında daha bir önəmli xəbər isə odur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bununla da ölkəmiz qızıl ixracından gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox artırıb. Təkcə sentyabrda isə Azərbaycan 27,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvəlinə nisbətən 45,75 faiz  çoxdur.

Ümumilikdə isə cari ilinin 9 ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz  artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Elçin Zaman, «İki sahil»