06 noyabr 2025 11:15
115

Keçmişlə bu gün arasında canlı körpü - MÜSAHİBƏ

Azərbaycan mədəniyyətinin beşiyi, paytaxt Bakının ən qədim hissəsi olan İçərişəhər əsrlərin sınağından çıxmış canlı bir tarix kitabıdır. Bu unikal məkan təkcə memarlıq baxımından deyil, həm də milli kimliyimizin və mədəni yaddaşımızın simvolu kimi xüsusi əhəmiyyət daşıyır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin qorunması, bərpası və müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi məqsədilə çoxşaxəli fəaliyyət göstərir. Burada aparılan bütün işlər elmi araşdırmalara, milli qanunvericiliyə və UNESCO-nun müəyyən etdiyi beynəlxalq standartlara əsaslanır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı “İki sahil” qəzetinə müsahibəsində burada görülən bərpa və konservasiya işlərinin məqsədlərindən, yeni arxeoloji tapıntılardan, qeyri-qanuni tikintilərin qarşısının alınmasından, sakinlərlə mədəni irsin qorunması arasında balansın necə qorunmasından, həmçinin “İçərişəhər” brendinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən layihələrdən bəhs etdi.  

-İçərişəhərin ərazisində aparılan bərpa işləri hansı elmi əsaslara və beynəlxalq standartlara söykənir?

-İçərişəhər ərazisində aparılan təmir və bərpa işləri birinci növbədə Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununun tələblərinə, həmçinin şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən normativ-hüquqi sənədlərə uyğun aparılır. Bundan əlavə, görülən işlər beynəlxalq bərpa və konservasiya prinsiplərinə, elmi araşdırmalara və müasir metodologiyalara əsaslanır. Bu proseslər, həmçinin UNESCO-nun Dünya İrs Komitəsinin tövsiyələri və UNESCO-nun dəstəyi ilə hazırlanmış “Master Plan” çərçivəsində həyata keçirilir. Bərpa işlərində əsas məqsəd abidələrin tarixi dəyərini qorumaq, onların orijinallığını və autentikliyini saxlamaqdır. Hər bir müdaxilə elmi tədqiqat, arxiv materiallarının öyrənilməsi, arxeoloji və memarlıq təhlilləri əsasında aparılır. Bundan əlavə, istifadə olunan materiallar və texnologiyalar ənənəvi üsluba uyğun seçilir, həm də müasir mühafizə standartlarına cavab verir.

Yəni, İçərişəhərdə bərpa işləri həm milli qanunvericiliyə, həm də beynəlxalq standartlara uyğun şəkildə icra olunur və şəhərin dünya mədəni irsindəki yerini qorumağa xidmət edir.

-Qoruq ərazisində yerləşən tarixi abidələrin pasportlaşdırılması və rəqəmsallaşdırılması sahəsində hansı işlər görülüb?

Daşınmaz abidələrin pasportlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2025-ci il tarixli Qərarına uyğun olaraq aparılır və sözügedən Qərar qəbul olunduqdan sonra bununla bağlı müvafiq işlərə başlanılmışdır. Bununla yanaşı, sözügedən Qərar qüvvəyə minənədək İdarə tərəfindən bir sıra işlər görülmüş, tarixi abidələrin coğrafi informasiya sistemi üzərində məlumatları toplanmış, hər bir abidə əhəmiyyət dərəcəsinə görə qruplaşdırılaraq məlumat bazası yaradılmışdır. Əlavə olaraq, rəqəmsal kadastr sisteminin təkmilləşdirilməsi, funksional olaraq müasirləşdirilməsi və ərazidə yerləşən abidələr də daxil olmaqla bütün daşınmaz əmlaka dair məlumatların dəqiqləşdirilməsi istiqamətində də çoxşaxəli işlər görülür.

-İçərişəhərdə qeyri-qanuni tikintilərin və abadlıq işlərinin qarşısının alınması istiqamətində konkret hansı tədbirlər görülür?

 Qoruq ərazisində bu məsələyə xüsusi diqqət yetirilir. İlk növbədə, daimi monitorinq və nəzarət təmin olunur – mütəxəssislər mütəmadi olaraq ərazidə yoxlamalar aparır, foto-video sənədləşmə vasitəsilə vəziyyət izlənilir. Hər hansı təmir və ya abadlıq işinə başlamazdan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən yazılı icazə alınması məcburidir.

İcazəsiz aparılan tikinti və təmir işləri dərhal dayandırılır və obyektin əvvəlki vəziyyətə qaytarılması tələb olunur. Bununla yanaşı, abidələrin qorunması qaydaları ilə bağlı sakinlər və sahibkarlar arasında maarifləndirmə işləri aparılır. Qanun pozuntusu aşkar edildikdə isə inzibati protokollar tərtib edilir və qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülür.

-Qoruq ərazisində yerləşən yaşayış binalarının müasir tələblərə uyğunlaşdırılması abidələrin qorunmasına necə təsir edir?

Bu prosesin həm müsbət, həm də müəyyən risk daşıyan tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, yaşayış şəraitinin yaxşılaşdırılması sakinlərin tarixi binalarda yaşamağa davam etməsinə imkan yaradır. Bu isə həmin binaların baxımsız qalmasının və dağılmasının qarşısını alır. Bundan əlavə, yanğın siqnalizasiya sistemləri, rütubətə nəzarət avadanlıqları kimi müasir texnologiyaların tətbiqi abidələrin uzunömürlülüyünü təmin edir.

Eyni zamanda, düzgün aparılmayan uyğunlaşdırma işləri mənfi nəticələrə gətirib çıxara bilər. Belə hallarda orijinal memarlıq və tarixi elementlər zədələnə, müasir inşaat materialların istifadəsi isə abidənin autentikliyinə xələl gətirə bilər.

Bu baxımdan optimal yanaşma ondan ibarətdir ki, uyğunlaşdırma işləri yalnız konservasiya və restavrasiya prinsiplərinə əməl olunmaqla, müvafiq mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir.-

-“İçərişəhər” brendinin beynəlxalq aləmdə tanıdılması üçün hansı təşviqat və turizm layihələri icra olunur?

-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi beynəlxalq müstəvidə “İçərişəhər” brendinin tanıdılması və turizmin inkişafı məqsədilə bir sıra genişmiqyaslı təşviqat layihələri həyata keçirir. Bu istiqamətdə UNESCO, Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO), Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC), ICESCO və digər nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq qurulub. 2024-cü ildə Qoruğun “Bakı Xan Sarayı Kompleksi” layihəsi Dünya İrsi Şəhərləri Təşkilatı tərəfindən təqdim edilən nüfuzlu “Jean-Paul-L’Allier” İrs Mükafatına layiq görülmüşdür. Həmin ilin 23–29 noyabr tarixlərində İdarənin nümayəndələri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “II Səudiyyə Beynəlxalq Əl İşləri Həftəsi”ndə iştirak edərək qurama, keçə sənəti, miniatür, təzhib, dulusçuluq, keramika, batika, zərgərlik, sədəfkəsmə və taxta üzərində işləmə kimi Azərbaycan ənənəvi sənət növlərini təqdim etmişlər.

Cari ilin 12 iyul tarixində isə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi münasibətilə Parisdə UNESCO-nun 47-ci sessiyası çərçivəsində xüsusi tədbir təşkil edilmişdir.

Bundan əlavə, Qoruq ərazisində keçirilən Beynəlxalq Xalça Festivalı kimi mədəni layihələr həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə “İçərişəhər”in zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılmasına xidmət edir.

-İçərişəhərdə yerləşən muzey və sərgi salonlarının fəaliyyəti necə əlaqələndirilir və onların inkişaf strategiyası nəyi nəzərdə tutur?

-Muzey və sərgi salonlarının fəaliyyəti “İçərişəhər” Muzey Mərkəzi (İMM) tərəfindən əlaqələndirilir. Muzey Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il müvafiq qərarına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir və strategiyası İMM-nin Əsasnaməsinə uyğun tənzimlənir.

İçərişəhər və “Qala” qoruqları ərazisindəki tarixi-memarlıq abidələrində təşkil olunmuş ekspozisiyalar Muzey Mərkəzi tərəfindən idarə olunur. Abidələr muzeyləşdirilərək funksiyasına uyğun müstəqil obyektlərə çevrilmişdir.

Muzey Mərkəzinin inkişaf strategiyası abidələrin qorunması, elmi əsaslarla öyrənilməsi, milli maddi-mədəni irsin komplektləşdirilməsi, nümayişi və təbliğini əhatə edir. Bu məqsədlə sərgilər, ekskursiyalar, mühazirələr təşkil edilir, elmi-kütləvi nəşrlər hazırlanır və elmi-tədqiqat işləri aparılır.

-Qoruğun idarəedilməsi zamanı sakinlərin mənafeləri ilə mədəni irsin qorunması arasında necə balans saxlanılır?

 Bilirsiniz ki, “İçərişəhər” ərazisində 3500-dən artıq sakin yaşayır. Bizim əsas məqsədimiz mədəni irsi qorumaqla yanaşı, insanların rahat və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir. Qoruğun idarə olunmasında tarixi abidələrin mühafizəsi ilə sakinlərin mənafelərinin qorunması arasında balans saxlanılır.

Ərazidə aparılan bərpa, abadlıq işləri bütün bunlar həyata keçirilərkən mərhələli şəkildə aparılır, sakinlərin rahatlığı mütləqdir ki, nəzərə alınır. İnfrastrukturun yaxşılaşdırılması, həyətlərin abadlaşdırılması, binaların fasadlarının təmiri və təhlükəsizlik tədbirlərinin hər biri məhz sakinlərin rifahı naminə həyata keçirilir.

Sakinlərin mədəni irsin qorunmasında fəal iştirakı üçün maarifləndirici görüşlərdə, sərgilərdə, açıq hava konsertləri, bayram tədbirləri və uşaq proqramlarında onların iştirakı təmin olunur. Əlavə olaraq, yaxın zamanlarda sakinlərin iştirakçılığını təmin etmək, həmçinin onların Qoruğun mədəni-sosial fəaliyyətinə inteqrasiyasını gücləndirmək məqsədilə İcma Mərkəzinin istifadəyə verilməsi də planlaşdırılır.

-Qoruq ərazisində yerləşən qədim məscid, karvansara və hamamların funksional şəkildə istifadəsi və qorunması necə tənzimlənir?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz Nizamnaməsinə əsasən “İçərişəhər” və “Qala” qoruqları ərazisində qədim məscid, karvansara və hamamların funksional istifadəsi və qorunmasını tənzimləyir, turizmin inkişafını təmin etmək üçün infrastrukturu yaradır, abidələri dövlət qeydiyyatına alır, pasportlaşdırır, qorunması və istifadəsinə dair tədbirlər görür, təmir, bərpa, konservasiya və abadlıq işlərinin keyfiyyətini artırır.

Bərpa və ya konservasiyadan sonra abidənin “yaşaması” üçün onun istifadəsi mütləqdir. Qorunma yalnız fiziki baxımdan deyil, funksional və sosial baxımdan da davamlılıq tələb edir. Bu səbəbdən İçərişəhərdəki bir çox tarixi məkanlar – məsələn, karvansaralar, məscidlər və hamamlar mədəni-ictimai funksiyalara uyğunlaşdırılır. Beləliklə, abidələr həm öz tarixi kimliyini qoruyur, həm də müasir şəhər həyatına inteqrasiya olunur.

-İçərişəhərdə keçirilən mədəni tədbirlər və festivalların məkanın tarixi kimliyinə uyğunlaşdırılması zamanı hansı meyarlara diqqət yetirilir?

-Mədəni tədbirlər və festivalların təşkilində əsas diqqət tarixi irsə hörmət prinsipinə yönəlir. Hər bir tədbirin mövzusu və konsepti məkanın memarlıq xüsusiyyətlərinə və tarixi kimliyinə uyğunlaşdırılır. Tədbirin miqyası, quraşdırılan səhnə və texniki avadanlıqlar elə seçilir ki, onlar abidələrin qorunmasına və tarixi mühitin bütövlüyünə zərər yetirməsin. Bununla yanaşı, milli-mədəni elementlərin qorunması və təqdimatda estetik harmoniyanın saxlanılması mühüm şərt kimi nəzərə alınır. Beləliklə, İçərişəhərdə keçirilən hər bir festival və ya tədbir həm qədim mədəni irsin davamlı qorunmasına, həm də müasir dövrdə onun cəlbedici şəkildə təbliğinə xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”