31 oktyabr 2025 10:46
128

Braziliyalı tədqiqatçı: Belçika müstəmləkəçiliyinin fəsadları Konqo, Burundi və Ruandada hələ də davam edir

Belçika müstəmləkəçiliyinin Konqodakı zorakılığı gözlə görünəcək səviyyədədir.

“İki sahil” xəbər verir ki, bunu Braziliya Universitetinin doktorantı, tədqiqatçı Luis Filip Patrik De Yonq Filho (Louis Philippe Patrick De Jongh Filho) oktyabrın 31-də Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Belçika müstəmləkəçiliyinin fəsadları Konqo, Burundi və Ruandada hələ də davam edir: "Konqodakı Belçika müstəmləkəçiliyini "boru kəməri" metaforasına bənzədirəm. Bu da fiziki zorakılıqdan ideoloji və yaddaş səviyyəsinə qədər keçən və bu günümüzü formalaşdırmağa davam edən bir sistemdir. Hazırda Belçika müstəmləkəçiliyinin Konqodakı zorakılıq və qəddarlıq aspektləri gözlə görünəcək səviyyədədir. Bu zorakılıq isə təsadüfi olmayıb, idarəetmənin məqsədyönlü bir mexanizmi idi. Zorakılıq siyasi dilin bir forması, iqtisadi istismarı və irqi iyerarxiyanı tətbiq etməyin bir aləti idi".

Tədqiqatçı bildirib ki, Belçikanın Konqodakı müstəmləkə administrasiyası "iqtisadi və sosial inkişaf" üçün onillik proqramlar təqdim edib: "Bu plan guya Konqonu müasirləşdirməyi hədəfləyib, amma əslində Belçika hakimiyyətini daha da möhkəmləndirib və yerli xalqları qərarvermə prosesindən kənarda saxlayıb. Təhsil və din isə nəzarətin güclü vasitələrinə çevrilib. Missioner məktəblərinin məqsədi insanlara güc vermək yox, onları itaətə öyrətmək olub. Uşaqlara itaət, əl əməyinə əsaslanan ağır iş və fədakarlıq təlqin edilib. Kilsə kolonizasiyanı "ilahiləşdirilmiş missiya" kimi təqdim edib, afrikalıları isə "aşağı irq" kimi qələmə verib. Bu gün Belçikada uşaqlar belə afrikalılarla bağlı komiksləri oxuyurlar. Onlarda afrikalılar vəhşi kimi qələmə verilir. Belə "mədəni" məhsullar zülmü yumora, iyerarxiyanı isə normaya çevirib".