Mina problemi artıq təkcə lokal humanitar məsələ deyil, qlobal inkişaf gündəliyinin tərkib hissəsidir
XXI əsrdə münaqişələrin bitməsi sülhün bərpası demək deyil. Müharibələrin ən səssiz, lakin ən uzunömürlü silahı minalardır. Bu partlayıcı qalıqlar müharibə bitəndən illər sonra belə, sanki “gözə görünməz düşmən” kimi insanların həyatına, iqtisadi dirçəlişə, humanitar sabitliyə zərbə vurur. Bu, təkcə təhlükəsizlik problemi deyil, həm də bərpa, demoqrafiya, iqtisadiyyat və sosial ədalət məsələsidir.
Azərbaycan ərazisinin 13 %-dən çoxu mina təhlükəsi ilə əhatə olunub
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “Baş katibin Humanitar Silahsızlanma və Mina Təhlükəsizliyi Kampaniyası” tədbirində bildirib ki, minalar, müharibə qalıqları və partlayıcı qurğular bir çox münaqişə və post münaqişə vəziyyətində olan ölkələrdə mülki əhaliyə, hərbçilərə, sülhməramlılara, humanitar işçilərə hələ də ölümcül təhlükə yaradır. Azərbaycan belə ölkələrdəndir. Onun ərazisinin 13 %-dən çoxu bu təhlükələrlə əhatə olunub və zərərçəkənlərin sayı artır. Diplomat qeyd edib ki, genişmiqyaslı mina çirklənməsi Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsinə ciddi maneə yaradır. Bu baxımdan Azərbaycan humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edib. Azərbaycan 2022-ci ildən etibarən BMT ilə birgə üç beynəlxalq mina konfransı təşkil edib. Konfranslar humanitar minatəmizləmə, davamlı inkişaf və mina çirklənməsinin ətraf mühitə təsiri kimi mövzular üzrə konkret nəticələr və sənədlərlə yekunlaşıb. Səfir xatırladıb ki, Azərbaycan 2023-cü ilin dekabrında 1954-cü il Haaqa Konvensiyası çərçivəsində "Minaların mədəni irs obyektlərinə təsiri" ilə bağlı qətnamənin qəbuluna nail olub. BMT Baş Assambleyasının 79/173 saylı qətnaməsi ilk dəfə Azərbaycanın təşəbbüsü ilə qəbul edilib. Qətnamədə minaların, partlayıcı qalıqların itkin düşmüş şəxslərin axtarışı və qalıqlarının tapılması prosesinə maneələr yaratdığı qeyd olunub. Diplomat mina fəaliyyətinin gender aspektinə də toxunarub. Bildirib ki, Azərbaycanda ilk qadın minatəmizləmə qrupları Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), BMT-nin İnkişaf Proqramı (UNDP) və Avropa İttifaqının birgə layihəsi çərçivəsində yaradılıb. Səfir çıxışının sonunda beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha güclü həmrəyliyə və dəstəyə çağırıb: "Dünya üzrə mina təhlükəsinin miqyası beynəlxalq əməkdaşlığın gücləndirilməsini, daha çox maliyyə və texniki dəstəyi tələb edir. Humanitar minatəmizləmə istiqamətində koordinasiyalı və adekvat fəaliyyət vacibdir". Diplomatın bu çıxışı əslində çox konkret bir mesaj verir: mina problemi artıq təkcə lokal humanitar məsələ deyil, qlobal inkişaf gündəliyinin tərkib hissəsidir. Bu çıxış Azərbaycanın mina problemini beynəlxalq hüquq, inkişaf, mədəni irs və gender bərabərliyi müstəvisində təqdim etdiyi çoxplanlı diplomatik konsepsiyanı əks etdirir. Bu yanaşma həm BMT səviyyəsində qəbul görür, həm də ölkənin postmünaqişə dövrü siyasətinin humanitar əsaslarını formalaşdırır.
Problemin faciəvi tərəfi ondandır ki...
Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpası məhz bu görünməz təhlükənin aradan qaldırılması ilə başlayır. ANAMA-nın rəsmi məlumatına görə, son 2021–2024-cü illərdə 179 min 186 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. Bu müddət ərzində 18 min 411 tank əleyhinə, 29 min 250 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Rəqəmlər təkcə görülən işin miqyasını deyil, həm də faciənin dərinliyini göstərir. Çünki bu minalar yüzlərlə insanın canını alıb, minlərlə ailəni doğma yurduna dönmək arzusundan məhrum edib.
Məsələnin faciəvi tərəfi ondadır ki, Ermənistan işğal dövründə bu torpaqlarda planlı şəkildə minalama siyasəti həyata keçirib. Bu, artıq müharibə taktikası deyil, dövlət səviyyəsində həyata keçirilmiş mina terrorudur. Üstəlik, Ermənistan minalanmış ərazilərin xəritələrini verməyi uzadır, bu da humanitar fəlakətin miqyasını artırır.
Dünya səyyahları mina faciəsini yerində gördülər
Bu gün Azərbaycanın mina problemi artıq təkcə yerli deyil, qlobal diqqət mərkəzinə çevrilir. Səkkiz ölkədən olan beynəlxalq səyyahların Füzuli rayonunun Horadiz kəndində həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanışlığı da bu baxımdan mühüm hadisə idi. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan “Extreme Travelers International Congress” klubunun üzvləri ərazidə aparılan əməliyyatları izləyərək, mina təhlükəsinin miqyası ilə yerində tanış olublar. Bu, Azərbaycanın mina reallığının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından önəmli addımdır. Çünki fakt yerində görüləndə rəqəmlərdən daha çox təsir edir. Amerikalı səyyah Duq Keysin qeyd edib ki, zaman keçdikcə minaların yerləşmə mövqeləri dəyişir — torpaq sürüşməsi, yağış, eroziya kimi təbii proseslər xəritələrin etibarlılığını azaldır. Bu isə o deməkdir ki, Ermənistanın mina xəritələrini gizlətməsi yalnız gecikmə deyil, həm də qəsdən təhlükənin artırılması, yəni insanlığa qarşı cinayət deməkdir.
Səyyahlara mina xəritələrinin olmaması, partlamamış hərbi sursatların çoxluğu, təhlükəsizliyin təmin olunması üçün aparılan nəhəng əməliyyatlar barədə ətraflı məlumat verilib. Həmçinin mina və partlamamış sursatların zərərsizləşdirilmə prosesi nümayiş etdirilib. Bu, eyni zamanda, Azərbaycanın şəffaflığına və beynəlxalq humanitar prinsiplərə sadiqliyinə də sübutdur.
Yeni statistika: təhlükənin miqyası azalmır
ANAMA-nın oktyabrın 20-dən 26-na qədər olan həftəlik hesabatına əsasən, azad edilmiş ərazilərdə 83 tank əleyhinə, 143 piyada əleyhinə mina və 5498 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1644,6 hektar ərazi minalardan təmizlənib. Bu statistik rəqəmlər göstərir ki, mina təhlükəsi hələ də aktualdır və proses uzunmüddətli xarakter daşıyır. Hər təmizlənən hektar torpaq bir kəndin, bir ailənin, bir həyatın yenidən doğuluşu deməkdir.
Azərbaycan nifrətin davamını sülhə, dağıntını quruculuğa çevirir
Bu gün azad edilmiş ərazilərdə bərpa prosesi “mina təmizlənən yollardan” keçir. Hər təmizlənən torpaq sahəsi Qarabağda, Şərqi Zəngəzurda həyatın yenidən başlaması deməkdir. Qayıdışın təməli təhlükəsizliyə dayanır. Təhlükəsizlik isə minatəmizləmədən keçir. Azərbaycan bu prosesə dövlət siyasətinin prioriteti kimi baxır, minatəmizləməni bərpa və yenidənqurma strategiyasının ayrılmaz hissəsi kimi reallaşdırır.
Minalar təkcə müharibənin qalıqları deyil, həm də nifrətin davamıdır. Amma Azərbaycan bu nifrəti sülhə, dağıntını quruculuğa çevirir. Çünki bu torpaqlarda həyat yenidən doğur. Azərbaycanın mina terroruna qarşı mübarizəsi əslində onun gələcəyə inamının ifadəsidir. Bu mübarizə həm insan həyatının, həm də dövlət suverenliyinin qorunması uğrundadır. Və nə qədər çətin olsa da, bu yolda Azərbaycan qalib gələcək. Çünki sülh, həyat və ədalət minalardan daha güclüdür.
Nigar Orucova, “İki sahil”