Azərbaycan 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında isə lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam yarandı ki, erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız ölkəmizin başçısının milli maraqlara söykənən, qətiyyətli, prinsipial siyasəti sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı tarixi çıxışında bildirib: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar”.
Erməni daşnaklarının Qərbi Azərbaycanda soydaşlarımıza yönəlik etnik təmizləmə siyasəti planlı şəkildə həyata keçirilib. XX əsrin əvvələrindən başlayaraq, daha dəqiq desək, 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illəri əhatə edən deportasiya prosesi xüsusi amansızlıq və qətllər fonunda icra edilib. Bölgənin etnik tərkibinin dəyişdirilməsi naminə bu cür vandalizm aktının oxşarına tarixdə çox nadir hallarda rast gəlmək olar. Erməni vandalları artıq illərdir ki, Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın izlərini silməyə çalışırlar. Bu məqsədlə onlar planlı sürətdə bizlərə məxsus dünya və yerli əhəmiyyətli tarixi abidələri məhv edir, bəzilərində isə tarixi saxtakarlığa əl atırlar. Təkcə paytaxt İrəvanda Xan sarayı, Abbas Mirzə məscidi, İrəvan qalası, Dəmirbulaq məscidi, Sərtib xan məscidi kimi memarlıq incilərimiz dağıdılıb, Göy məscid və Hacı İmamverdi məscidi bu gün də şəhərə gələn qonaqlara fars abidələri kimi təqdim olunmaqdadır.
Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Bu ərazilər əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir. Ölkəmizin başçısı Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə, xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir.
Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir. Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamalarını təmin etməlidir. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaları onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Qeyd edilməlidir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar da yer alır. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmalarına şərait yaratmaq tələb olunur.
Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün beynəlxalq hüququn prinsiplərindən çıxış edir. Deportasiya edilmiş azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı beynəlxalq hüququn əsas normalarına uyğun olaraq tənzimlənir. Bu çərçivədə dövlətimiz müxtəlif beynəlxalq platformalarda mövzunun gündəmdə saxlanılması üçün mühüm diplomatik addımlar atır. Xüsusilə, beynəlxalq təşkilatlar qarşısında Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək və onun beynəlxalq öhdəliklərinə əməl etməsini tələb etmək əsas hədəflərdən biridir. Qərbi Azərbaycan ərazi deyil, insan hüquqları məsələsidir. Qayıdış ideyası Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə yox, əksinə, bu münasibətlərin etibarlılığının möhkəmlənməsinə xidmət edir.
Zahid Rza, “İki sahil”