İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin sahiblərinə müraciət edib.
“İki sahil” xəbər verir ki, müraciətdə deyilir ki, ölkə Prezidentinin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 iyun 2023-cü il tarixli fərmanının icrasına başlanıldığı dövrdən bu il oktyabrın 14-nə qədər quruma 18 523 müraciət daxil olub.
İstismara qəbul olunmuş 4 956 obyektin 3 931-nə dövlət reyestrindən çıxarış verilib.
"Tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-nə qədər başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin sənədlərinin qəbulunu müvafiq icra hakimiyyəti orqanları davam etdirir və bu müddət 1 yanvar 2026-cı il tarixində başa çatır. Sahibkarlardan xahiş olunur ki, bu müddətədək tələb olunan sənədlərlə müraciət etsinlər və mövcud imkandan yararlansınlar.
Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
Sözügedən fərmanda edilmiş dəyişikliyə əsasən bu cür obyekt sahibləri 1 yanvar 2026-cı ilə qədər tələb olunan sənədlərlə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib