Kənan Əliyev Azərbaycan Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin olunub.
“İki sahil” bu barədə Agentliyə istinadən xəbər verir.
K. Əliyev oktyabr ayından aparat rəhbəri vəzifəsində çalışır.
K. Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011–2014-cü illərdə Mançester Universitetinin Biznes Məktəbində bakalavr təhsili alıb. 2014–2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr dərəcəsi qazanıb.
2023–2024-cü illərdə İspaniyanın Madrid şəhərində yerləşən İE Universitetinin Biznes Məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.
Əmək fəaliyyətinə 2016-cı ildə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis kimi başlayan K.Əliyev, 2017–2021-ci illərdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində çalışıb.
2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsini icra edib. 2022-ci ilin sentyabrından 2025-ci ilin avqustunadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik kimi fəaliyyət göstərib.