22 oktyabr 2025 17:52
136

Vüsal Qasımlı "PeşəFest-2025" tədbirində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "PeşəFest-2025"in Bakıdakı yekun tədbirində çıxış edib.

“İki sahil” xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.

İİTKM-in icraçı direktoru peşə təhsili ilə bağlı Azərbaycanda mövcud vəziyyət, bu sahədə qlobal inkişaf trendləri, xüsusilə enerji keçidi və süni intellektlə bağlı yenilikləri diqqətə çatdırıb. O həmçinin peşə sahələri üzrə tələb-təklif, dövlət-özəl tərəfdaşlığı, tədris prosesinin əhatə dairəsinin genişləndirilməsi və adambaşı maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı vacib məqamları vurğulayıb.

“PeşəFest-2025” layihəsinə 10 rayon və paytaxt Bakıda 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.