Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə giriş nitqi ilə açan Beyləqan RİH başçısı Ə. Əzizov 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlamağından, bu yolda xalqımızın mübarizə əzmindən və Ulu öndərin xidmətlərindən bəhs edib. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.
Daha sonra YAP Beyləqan Rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan danışıb. O, Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyata keçirilən məqsədyönlü siyasətin dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin inkişaf yolunda mühüm mərhələ olduğunu vurğulayıb.
Rayon ağsaqallar şurasının sədri Etibar İmanov və digər natiqlər də çıxış edərək, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri, zəngin tarixə malik olan xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizəsi, müstəqilliyimizin bərpası, Ulu Öndər Heydər Əliyevin laiqli davamçısı Prezident İlham Əliyevin müdrik fəaliyyətindən bəhs edən geniş çıxışları dinlənilib.