15 oktyabr 2025 19:28
135

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

“İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda 3-cü Milli Şəhərsalma Forumunun iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, Şuşa şəhəri ilə tanışlıq ilk inşa edilən yaşayış kompleksi ilə başlayıb. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhəri, o cümlədən tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb: “Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastruktur layihələri həyata keçirilib, 23 binadan ibarət ilk yaşayış kompleksi istifadəyə verilib və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir”.

Qonaqlar sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri olan mərkəzi meydan, Yuxarı Gövhər Ağa məscidi və qala divarları ilə tanış olublar.