14 oktyabr 2025 12:18
155

Uşaq hüquqları sahəsində fəaliyyət göstərən mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə təşkil olunan növbəti təlim başa çatıb

6–9 oktyabr 2025-ci il tarixlərini əhatə edən beynəlxalq təlim “Uşaqların zərərli informasiyadan qorunması” mövzusuna həsr olunub.

Təlimdə uşaq hüquqları və informasiya məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət orqanlarının əməkdaşları, ümumitəhsil müəssisələrinin psixoloqları, eləcə də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan təlim beynəlxalq ekspert, professor Sophie Kiladze tərəfindən aparılıb.

Təlim zamanı uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq təcrübə diqqətə çatdırılıb, informasiya məhsullarının yaş kateqoriyalarına və təsnifatına dair Azərbaycan Respublikasında mövcud qanunvericilik bazası haqqında məlumat verilib, müəllim və valideynlərlə işin təşkili istiqamətində praktiki tövsiyələr müzakirə olunub.

Ümumilikdə 120 nəfərin iştirak etdiyi təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.