Enerji, maliyyə, səhiyyə və demokratik institutlara qarşı artan təhdidlər fonunda kibermüdafiənin yalnız mövcud potensialın bir hissəsi ilə qurulması yolverilməzdir. Bu gün biz təkcə texniki deyil, həm də insani problemlə üz-üzəyik - kibertəhlükəsizlik və bu sahədə liderlik mövqelərində qadınların az təmsil olunması. Tədqiqatlar göstərir ki, müxtəlifliyə əsaslanan komandalar daha güclü, innovativ və davamlı həllər təqdim edirlər. Bu, sadəcə, bərabərlik prinsipi deyil, strateji zərurətdir.
“İki sahil” xəbər verir ki, bunu Moldovanın Avropa Siyasi Araşdırmalar İnstitutunun direktoru, kibertəhlükəsizlik üzrə ekspert və Moldovanın məsuliyyətli süni intellekt məsələləri üzrə qubernatoru Natalya Spinu oktyabrın 11-də Bakıda keçirilən “Women in Cyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfransda deyib.
Tədbir “Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılıq” təşəbbüsü çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi və Hökumətlərin Akademiyası tərəfindən həyata keçirilən layihə əsasında təşkil olunub. Konfransın tərəfdaşları sırasında IEA, FAIR, DGTIS və “Texnologiyada Qadınlara Dəstək” İctimai Birliyinin yer aldığını qeyd edən Natalya Spinu bildirib ki, Avropa İttifaqı baxımından kiberdavamlılığın təmin olunması yalnız texnologiya ilə məhdudlaşmır, bu, eyni zamanda, inklüzivlik, müxtəliflik və süni intellekt kimi yeni texnologiyaların etik idarəçiliyi ilə bağlı məsələdir.
O, kibertəhlükəsizlik sahəsində gender bərabərliyinin təşviqi, qadınların peşəkar inkişafı və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün belə konfransların əhəmiyyətini vurğulayıb.