11 oktyabr 2025 14:14
138

ABŞ Finlandiyadan 11 buzqıran gəmi alacaq

Finlandiya ilə ABŞ arasında Birləşmiş Ştatlar üçün ümumi dəyəri 6 milyard dollar olan buzqıran gəmilərin inşası ilə bağlı saziş imzalanıb.

İki sahil” ERR-ə istinadla xəbər verir ki, sənəd Finlandiya prezidenti Alexander Stubb, Finlandiyanın baş naziri Petteri Orpo oktyabrın 9-da Ağ Evdə ABŞ prezidenti Donald Trampla keçirilən görüşündə imzalanıb.

Müqavilə ABŞ Sahil Mühafizəsinin Finlandiyadan 11 buzqıran gəmi almasını nəzərdə tutur ki, onlardan dördü Finlandiya gəmiqayırma zavodlarında, qalan yeddisi isə ABŞ-da, lakin Finlandiya rəhbərliyi altında tikiləcək.

Reuters-in məlumatına görə, müqavilənin dəyəri 6 milyard dollardan çoxdur.

Tramp bildirib ki, buzqıran gəmilər ABŞ-ın Arktikada milli təhlükəsizliyini gücləndirmək üçün həyati əhəmiyyət kəsb edir.

"Bizim bu gəmilərə həqiqətən ehtiyacımız var, çünki bizim çoxlu ərazimiz var — hamıdan çox. Mən bu razılaşmadan çox məmnunam. Bu, böyük tərəfdaşlıq olacaq", - deyən Tramp, Finlandiyanın dünyanın ən yaxşı buzqıran gəmilərini istehsal etdiyini və amerikalıların finlərdən öyrənməli olduğu çox şey olduğunu bildirib: "Biz dünyanın ən yaxşı buzqıran gəmilərini alırıq və Finlandiya onları tikməkdə tanınır. Onlar buzqıran gəmilərdə demək olar ki, monopoliyaya malikdirlər: heç kim onları Finlandiya kimi etmir".

Oval ofisdə jurnalistlərə danışan Stubb Finlandiyanın buzqıran istehsalında dünya lideri olduğunu təsdiqləyib. Onun sözlərinə görə, mövcud buzqıran gəmilərin təxminən 80%-i finlər tərəfindən layihələndirilib, 60%-i isə Fin gəmiqayırma zavodlarında tikilib: "Düşünürəm ki, bu, prezident Trampın böyük strateji addımıdır, çünki hamımız Arktikanın strateji, hərbi və iqtisadi baxımdan çox vacib olduğunu bilirik. İndi biz bunun üzərində birlikdə işləyə bilərik".

Stubbın Trampla görüşündə Finlandiyanın baş naziri Petteri Orpo da iştirak edib və razılaşmanın Finlandiya iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edib: "İqtisadiyyatımız Rusiyanın Ukraynaya qarşı təcavüzündən çox əziyyət çəkir. Və bu sövdələşmə investisiya deməkdir. Bu, iş yerləri deməkdir, iş isə ümid deməkdir. Ona görə də bu, bizim üçün çox vacibdir".

Nəlumata görə, ilk buzqıran gəmilərin 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”