Azərbaycan dövləti bu gün də beynəlxalq təşkilatlar və regional ittifaqlarla əməkdaşlıqda maraqlıdır və Prezident İlham Əliyevin xarici siyasətində bu xətt prioritet məsələdir. Məhz bu mənada ölkəmiz öz milli maraqları çərçivəsində Müstəqil Dövlətlər Birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verir.
Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri və keçirdiyi bir sıra yüksək səviyyəli görüşlər səmərəli nəticələrlə yadda qaldı. Xüsusilə regional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqların müzakirəsi baxımından bu səfər Azərbaycan-Tacikistan, eləcə də MDB ölkələri arasında münasibətlərin inkişafı üçün mühüm addım oldu.
Düşənbə səfərinin önəmli məqamlarından biri Azərbaycan Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş oldu. Hər iki liderin ölkələrarası münasibətlərə dair qarşılıqlı müzakirələr aparması Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı oldu.
Xüsusilə ötən ilin dekabrın 25-də AZAL-a məxsus təyyarənin Rusiya ərazisində qəzaya uğramasına dair Rusiya Prezidentinin təqdim etdiyi izahat, kompensasiya və hüquqi qiymətləndirməyə dair ifadə olunan sözləri Moskvanın Bakı ilə münasibətləri həssaslıqla qorumağa çalışdığını bir daha təsdiq etdi.
Bütün bunlarla bərabər, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında etdiyi çıxış da xüsusi əhəmiyyət kəsb daşıyır. Ölkəmizin başçısı çıxışında Azərbaycanla Tacikistan arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin regionun geosiyasi sabitliyinə və əməkdaşlıq potensialına mühüm töhfə verdiyini qeyd etdi. Azərbaycan lideri humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin regional inteqrasiya prosesində vacib amil olduğunu vurğulayaraq Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsini uzun illər davam edən işğaldan sonra azad olunmuş ərazilərdə dövlət quruculuğu və dirçəliş strategiyasının beynəlxalq səviyyədə tanınması kimi dəyərləndirir. Prezident həmçinin III MDB Oyunlarının Gəncə və digər şəhərlərdə keçirilməsini MDB ölkələri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Azərbaycanın regional nüfuzunun və təsir dairəsinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirdi.
Dövlətimizin başçısının Tacikistan səfəri olduqca önəmli siyasi və strateji əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin Düşənbədəki çıxışı və görüşləri Azərbaycanın regional əməkdaşlıqda fəal rolunu bir daha dünyaya nümayiş etdirdi. Sözügedən səfər MDB məkanında Azərbaycanın mövqeyinin güclənməsi baxımından mühüm siyasi addım kimi tarixə düşdü.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri