Müharibə bəşər tarixinin ən dramatik və eyni zamanda ən çox təhlil edilən hadisələrindən biridir. Lakin onun mahiyyətinə nüfuz etmək üçün müharibəni yalnız silahlı qarşıdurma, hərbi strategiya və geosiyasi maraqlar prizmasından qiymətləndirmək kifayət etmir. Müharibə insan cəmiyyətinin daha dərin qatlarında - mədəniyyət, kollektiv yaddaş və ideoloji düşüncə sistemlərində formalaşan mürəkkəb proseslərin nəticəsidir. Bu baxımdan müharibə yalnız fiziki məkanlarda deyil, həm də mənəvi və simvolik müstəvilərdə baş verən çoxqatlı qarşıdurmadır.
Mədəniyyət bu prosesin həm başlanğıc nöqtəsi, həm də davamlılığını təmin edən əsas mexanizmlərdən biridir. Əgər mədəniyyət yalnız incəsənət, ədəbiyyat və estetik zövq kimi başa düşülərsə, onun müharibə ilə əlaqəsi səthi görünə bilər. Lakin mədəniyyət cəmiyyətin özünü dərketmə üsulu, kollektiv kimliyi formalaşdırma mexanizmi və sosial davranışı istiqamətləndirən sistem kimi qəbul edildikdə, onun müharibə ilə əlaqəsi qaçılmaz olur. Mədəniyyət insanların dünyanı necə qavradığını, hansı dəyərləri əsas götürdüyünü və hansı ideallar uğrunda mübarizə aparmağa hazır olduğunu müəyyən edir. Başqa sözlə, mədəniyyət insanın daxilində görünməyən bir xəritə formalaşdırır və bu xəritə siyasi qərarların, ictimai reaksiyaların və hətta müharibə kimi radikal hadisələrin istiqamətini müəyyənləşdirir. Müharibə birdən-birə baş vermir, o, uzun müddət ərzində formalaşan mədəni və ideoloji proseslərin kulminasiya nöqtəsidir.
Görkəmli mədəniyyət və ədəbiyyat tənqidçisi Terry Eagleton mədəniyyətin yalnız estetik sahə ilə məhdudlaşmadığını, eyni zamanda siyasi və ideoloji funksiyalar daşıdığını vurğulayır. O, mədəniyyəti passiv sahə kimi yox, cəmiyyətin davranışını formalaşdıran aktiv qüvvə kimi təsvir edir. Bu aktivlik müharibə şəraitində daha qabarıq şəkildə üzə çıxır. Müharibə prosesində mədəniyyət ilk növbədə mənalandırma funksiyasını yerinə yetirir, belə ki, insanlar müharibəni zorakılıq aktı olmaqla bərabər, müəyyən ideyalar uğrunda aparılan mübarizə kimi qəbul etməyə başlayırlar. Bu mənalandırma tarixi təcrübə, ədəbiyyat, mifologiya və kollektiv yaddaş vasitəsilə formalaşır, müharibəni mədəni və ideoloji baxımdan əsaslandırılmış hadisəyə çevirir.
Mədəniyyət həmçinin müharibənin legitimləşdirilməsində mühüm rol oynayır. Cəmiyyətə təqdim olunan ideyalar müharibəni zəruri, qaçılmaz və hətta ədalətli kimi göstərir, bu da ictimai dəstəyin formalaşmasına səbəb olur. Heç bir müharibə təkcə hərbi güc vasitəsilə aparıla bilməz. Onun arxasında mənəvi və ideoloji baza dayanmalıdır. Bu baza isə məhz mədəniyyət vasitəsilə qurulur. Mədəniyyətin təsir dairəsi eyni zamanda beynəlxalq münasibətlər sistemində də dövlətlərin davranışını formalaşdıran mühüm alətə çevrilir. Bu kontekstdə "yumşaq güc" anlayışı dövlətlərin zor tətbiq etmədən, mədəni və ideoloji təsir vasitəsilə digər aktorların mövqelərinə təsir göstərmək imkanını ifadə edir.
Mədəni diplomatiya vasitəsilə dövlətlər öz dəyərlər sistemini, tarixi irsini və sosial modelini beynəlxalq auditoriyaya təqdim edərək müsbət imic formalaşdırır. Bu proses reputasiya məsələsi ilə yanaşı, siyasi tərəfdaşlıqların qurulmasına, qarşılıqlı etimadın artmasına və strateji əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycanın multikulturalizm siyasəti və beynəlxalq mədəni platformalarda fəal iştirakı bu baxımdan regional sabitliyə töhfə verən mühüm amil kimi çıxış edir. Beləliklə, mədəniyyət beynəlxalq səviyyədə güc balansının formalaşmasında dolayı, lakin təsirli mexanizmə çevrilir.
Mobilizasiya funksiyası da mədəniyyətin müharibə kontekstində əhəmiyyətini göstərir. Simvollar, şüarlar, musiqi, ədəbiyyat və digər mədəni elementlər fərdi maraqları kollektiv məqsəd ətrafında birləşdirir, ictimai dəstək yaradır və cəmiyyətin vahid mövqedə birləşməsini təmin edir. Bu həm də fərdi davranışın transformasiyası və kollektiv identikliyin möhkəmlənməsi ilə nəticələnir.
Kollektiv yaddaşın rolu Azərbaycan cəmiyyətində əvəzolunmazdır. Keçmişdə baş vermiş hadisələr mədəniyyət vasitəsilə yenidən istehsal olunur və gələcək nəsillərin düşüncəsinə təsir göstərir. Tarixi xatirələr keçmişi əks etdirməklə indiki dövrün siyasi və sosial qərarlarını müəyyən edən aktiv faktora çevrilir. Müharibənin mahiyyətini yalnız kollektiv yaddaş və ideoloji konstruksiyalar çərçivəsində izah etmək kifayət etmir, bu prosesin əsasını fərdi psixoloji mexanizmlər də təşkil edir. Müharibə şəraitində insan şüuru təhlükə və qeyri-müəyyənlik təsiri altında transformasiyaya uğrayaraq davranış və qərarvermə modellərini dəyişir. Formalaşan qorxu və travma zamanla sosial mühitə yayılaraq kollektiv davranışa təsir göstərir və müdafiəyönümlü düşüncəni gücləndirir. Beləliklə, müharibə yalnız ideoloji və tarixi deyil, eyni zamanda psixoloji əsaslara söykənən kompleks reallıq kimi çıxış edir. Məsələn, Xocalı faciəsi və Qərbi Azərbaycan torpaqlarının itirilməsi xalqımızın kollektiv yaddaşında dərin iz buraxmışdır. Bu hadisələr milli kimliyin formalaşmasında, tarixi ədalətin tələb olunmasında və xalqın birgə müdafiə və vətənpərvərlik ruhunun qorunmasında əhəmiyyətli rol oynayır.
Eyni zamanda 2020-ci il Zəfəri kollektiv yaddaşın və mədəni irsin müasir ifadəsi kimi çıxış edir. Bu Zəfər yalnız ərazi uğrunda qələbə ilə yekunlaşmadı, həm də milli ideoloji birliyin, strategiyanın və texnoloji imkanların sinxron nəticəsi oldu. Xalqın və dövlətin uzun illər formalaşdırdığı milli şüurun, tarixi xatirələrin və mədəni təcrübənin nəticəsi olaraq, cəmiyyətin vahid məqsəd ətrafında hərəkət etməsinə, ideoloji dəstəyin möhkəmlənməsinə və strateji resursların effektiv istifadəsinə imkan yaradır.
Kollektiv yaddaş və mədəniyyət "biz" və "digərləri" bölgüsünü formalaşdıraraq həm psixoloji bazanı təmin edir, həm də insanların milli maraqları qorumaqlarına hazır olmalarını şərtləndirir. Azərbaycan xalqı özünü tarixi torpaqları, milli hüquqları və mədəni irsi qorumaq məsuliyyətində olan kollektivin üzvü kimi dərk edir. Xalqın folkloru, qəhrəmanlıq dastanları, musiqi və tarixi hekayələr cəmiyyətdə emosional bağlılıq və kollektiv identiklik yaradır, fərdi maraqları ümumi məqsəd ətrafında sinxronlaşdırır. Məsələn, "Dədə Qorqud" dastanında igid qəhrəmanların xalqı qorumaq, azadlıq və ədalət uğrunda mübarizə aparmaq motivləri ön plana çıxır. Bu dastan gənc nəsillərə milli qəhrəmanlıq ruhunu aşılamaqla onların özlərini kollektiv tarixi və mədəni irsin bir hissəsi kimi dərk etməsinə şərait yaradır. Eyni zamanda himnimiz və ya Üzeyir bəy Hacıbəylinin "Koroğlu" üverturası xalqın vətənpərvərlik ruhunu möhkəmləndirir və fərdləri birgə hərəkət və ideoloji dəstək üçün motivasiya edir. Belə mədəni elementlər insanların şəxsi qorxu və tərəddüdlərini aradan qaldıraraq, onları həm sosial, həm də strateji məqsədlərə yönəldir, fərdlərin fəaliyyətini vahid bir məqsəd - milli birliyin, sosial məsuliyyətin və tarixi şüurun qorunmasının təminatına çevirir. Beləliklə, Azərbaycan təcrübəsi göstərir ki, kollektiv yaddaş və mədəniyyət milli identiklik, ideoloji sabitlik və sosial mobilizasiya üçün strateji rol oynayır. Keçmiş faciələrin, Qərbi Azərbaycan məsələsinin və 2020-ci il Zəfərinin mədəni və ideoloji çərçivədə inteqrasiyası gələcək nəsillərin qərarvermə prosesinə və ictimai davranışına təsir edərək, ölkənin həm müdafiə, həm də inkişaf strategiyalarının formalaşmasına xidmət edir.
Qeyd etdiyimiz kimi, mədəniyyət qarşıdurmanı təşviq etməklə, müharibənin legitimləşdirilməsində mühüm rol oynamaqla bərabər, həm də sülh və dialoq üçün potensial yaradır. Müasir münaqişələrin izahında mədəni və sivilizasion faktorların rolu geniş elmi müzakirə mövzusudur. Bəzi nəzəri yanaşmalara görə, qlobal qarşıdurmaların əsas mənbəyi mədəni identikliklər və dəyərlər sistemləri arasındakı fərqlərdir. Bu baxış münaqişələri sivilizasiyalararası gərginliyin nəticəsi kimi izah edir.
Lakin alternativ yanaşmalar göstərir ki, eyni fərqliliklər qarşıdurma ilə yanaşı, dialoq və əməkdaşlıq üçün də potensial yaradır. Mədəniyyətlərarası qarşılıqlı təsir və ortaq dəyərlərin vurğulanması münaqişələrin yumşaldılmasına və uzunmüddətli sabitliyin təmin olunmasına imkan verir. Bu kontekstdə mədəniyyət statik deyil, dinamik və istiqamətləndirilə bilən resurs kimi çıxış edir.
Mədəniyyətlərarası anlaşma, ortaq dəyərlərin təşviqi və qarşılıqlı hörmət münaqişələrin qarşısını almaqda mühüm rol oynaya bilər. Azərbaycan uzun illər müxtəlif etnik və dini icmaların birgə yaşadığı bir ölkə olaraq, çoxmədəniyyətli təcrübəsini həm daxildə, həm də digər dövlətlərlə apardığı mədəniyyətlərarası siyasət vasitəsilə inkişaf etdirir. Fərqli mədəniyyətlərin nümayəndələri arasında folklor festivalları, musiqi və teatr layihələri, tarixi abidələrin qorunması və mədəni irsin paylaşılması yolu ilə qarşılıqlı anlaşma və hörmət təşviq olunur. Eyni zamanda Azərbaycanın digər dövlətlərlə mədəni əməkdaşlıq proqramları vasitəsilə regionda və beynəlxalq səviyyədə sülh və əməkdaşlıq üçün önəmli platforma yaradılır. Mədəni resurslar həm xalqın birliyini gücləndirə, həm də potensial gərginliklərin yumşaldılmasına xidmət edə bilər. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı müharibənin mahiyyətini daha da mürəkkəbləşdirib desək, yanılmarıq. Sosial media və digər rəqəmsal platformalar müharibənin fiziki forma ilə yanaşı, informasiya və simvolik müstəvilərdə aparılmasına da şərait yaradır. Bu platformalarda yayılan ideoloji və mədəni mesajlar fərdi maraqları kollektiv məqsəd ətrafında birləşdirir, ictimai dəstək yaradır və sosial mobilizasiyanı gücləndirir. Müasir münaqişələrdə reallığın qavranılması obyektiv faktlarla yanaşı, onların necə təqdim olunmasından da asılıdır. "Posthəqiqət" kimi xarakterizə olunan bu şəraitdə informasiya axını ictimai rəyin formalaşdırılması və yönləndirilməsi vasitəsinə çevrilir.
Rəqəmsal platformalar vasitəsilə yayılan məlumatlar seçilmiş ideyalar əsasında qurulur və bu, fərdlərin hadisələri necə interpretasiya etdiyini müəyyən edir. Dezinformasiya və manipulyasiya mexanizmləri vasitəsilə alternativ reallıq modelləri yaradılır, bu isə cəmiyyət daxilində emosional reaksiyaları gücləndirir və qərarvermə prosesinə təsir göstərir. Bu baxımdan informasiya məkanı müasir müharibələrin paralel cəbhəsi kimi çıxış edir və burada üstünlük əldə etmək strateji əhəmiyyət daşıyır.
Tarixi və müasir nümunələr göstərir ki, müharibə həm də inkişaf prosesini stimullaşdırır. Avropada sənaye inqilabı dövründə silah istehsalının sürətlə inkişafı və logistika sistemlərinin optimallaşması müharibələrin miqyasını artırmış, vətəndaşların "millət və azadlıq" idealları uğrunda döyüşməsinə stimul yaratmışdır. Az əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanın təcrübəsi də bunu təsdiqləyir. 1990-cı illərdə baş verən Qarabağ münaqişəsi yalnız ərazi uğrunda deyildi, həm də milli yaddaşın qorunması və ideoloji mövqenin formalaşması ilə bağlı idi. Xalqın yaddaşı və kollektiv şüuru müdafiə üçün ruhun formalaşmasında əsas rol oynamışdır. 2020-ci ilin İkinci Qarabağ müharibəsi isə müasir texnologiyalar - dronlar, yüksəkdəqiqlikli silahlar və informasiya infrastrukturu vasitəsilə dövlətin iqtisadi və texnoloji potensialının strateji məqsədlərə çevrilməsini təmin etmişdir. Sosial media milli ideoloji mesajların yayılmasını və cəmiyyətin mobilizasiyasını gücləndirmişdir.
Heydər Əliyevin və İlham Əliyevin yanaşmaları bu konsepti praktik səviyyədə təsdiqləyir. Heydər Əliyev iqtisadi potensialın gücləndirilməsi və sosial sabitliyin təmin edilməsi ilə milli müdafiəni möhkəmləndirməyi prioritetləşdirmiş, dövlətin strateji resurslarının hərbi, iqtisadi və mədəni sahələrdə sinxron istifadəsini vurğulamışdır. İlham Əliyev isə bu yanaşmanı müasir texnologiyalar və informasiya sistemləri ilə genişləndirərək müharibə, mədəniyyət və inkişafın harmonik inteqrasiyasını təmin etmişdir. Bu yanaşma göstərir ki, dövlət yalnız hərbi güc və iqtisadi resurslarla deyil, həm də mədəni və ideoloji baza vasitəsilə strateji üstünlük qazana bilər.
Tarixi və müasir nümunələr göstərir ki, münaqişələr yeni texnologiyaların tətbiqi, istehsal və logistika sistemlərinin optimallaşdırılması, sosial davranış və kollektiv identikliyin yenidən formalaşması kimi transformasiyalara təkan verir. Azərbaycanın təcrübəsi bu qarşılıqlı təsir mexanizmini xüsusi bir kontekstdə nümayiş etdirir. Belə ki, milli iqtisadi və texnoloji potensialın gücləndirilməsi, mədəni və ideoloji şüurun formalaşdırılması müharibənin strateji uğurunu təmin etmiş, dövlətin həm inkişaf, həm də müdafiə imkanlarını paralel şəkildə möhkəmləndirmişdir.
Birinci Dünya müharibəsi Avropada sənaye texnologiyalarının və logistika sistemlərinin sürətlə inkişafına təkan verdi. Müharibənin genişmiqyaslı xarakteri və resurs tələbkarlığı ölkələri yeni istehsal üsullarını, avtomatlaşdırmanı və dəqiq təchizat zəncirlərini inkişaf etdirməyə məcbur etdi. Nəticədə müharibədən sonra Avropada sənaye infrastrukturu modernləşdi, hərbi və mülki istehsal arasında qarşılıqlı əlaqələr gücləndi və dövlətlərin iqtisadi idarəetmə bacarıqları formalaşdı.
İkinci Dünya müharibəsi isə texnoloji inqilabın daha qabarıq şəkildə baş verməsinə səbəb oldu. Radar sistemləri, elektronika, aerokosmik texnologiyalar, nüvə texnologiyaları və informasiya sistemləri həm hərbi, həm də mülki sahələrdə yeni imkanlar yaratdı. Müharibədən sonrakı dövrdə Avropa və ABŞ-də iqtisadi bərpa prosesi və sənaye modernləşməsi sürətləndi, bu isə II Sənaye İnqilabının qlobal miqyasda yayılmasına zəmin hazırladı. Eyni zamanda müharibə zamanı yaradılan elmi-tədqiqat institutları və texnologiyaların sivil sektorla inteqrasiyası dövlətlərin inkişaf strategiyalarını yenidən formalaşdırdı.
Soyuq müharibə dövrü isə inkişafın hərbi və ideoloji kontekstdə koordinasiyasını göstərən nümunə oldu. ABŞ və SSRİ arasında baş verən rəqabət yalnız nüvə və kosmik yarışla məhdudlaşmayıb, həm də iqtisadi, elmi və texnoloji sahələrdə geniş transformasiyalara təkan verdi. Kosmik texnologiyaların, informasiya sistemlərinin və hərbi innovasiyaların inkişafı eyni zamanda ölkələrin təhsil, tədqiqat və sənaye strukturlarının modernləşməsinə xidmət etdi. Bu dövrdə ideoloji və mədəni rəqabət, sosial mobilizasiya və kollektiv identikliyin formalaşdırılması dövlətlərin strateji üstünlüklərinin əsas komponentinə çevrildi.
Müasir dövrdə isə müharibə və inkişaf əlaqəsi daha çox informasiya texnologiyaları və rəqəmsal platformaların rolu ilə müşahidə olunur. 2022-ci il Rusiya-Ukrayna müharibəsi kimi nümunələr göstərir ki, dron texnologiyaları, yüksəkdəqiqlikli silah sistemləri, kibertəhlükəsizlik və informasiya əməliyyatları müasir münaqişələrdə strateji üstünlük yaradır. Eyni zamanda sosial media vasitəsilə yayılan ideoloji və mədəni mesajlar cəmiyyətdə emosional bağlılığı gücləndirir və milli birliyi möhkəmləndirir. Bu şəraitdə müharibə yalnız fiziki qarşıdurma deyil, həm də iqtisadi, texnoloji və mədəni inkişafın sürətləndirici faktoruna çevrilir.
Beləliklə, həm tarixi, həm də müasir nümunələr göstərir ki, müharibələrə yalnız dağıdıcı hadisə kimi baxmaq olmaz, onlar eyni zamanda texnoloji innovasiyaları, iqtisadi modernləşməni, sosial davranış və kollektiv identikliyin yenidən qurulmasını stimullaşdıran katalizator rolunu oynayır. Azərbaycanın təcrübəsi bu qarşılıqlı təsirin konkret və çağdaş nümunəsini təşkil edir, burada milli iqtisadi və texnoloji potensialın gücləndirilməsi, mədəni və ideoloji şüurun formalaşdırılması müharibənin strateji uğurunu təmin edən əsas amillər kimi çıxış etmişdir.
Beləliklə, müharibə və inkişaf, mədəniyyət və ideoloji bazanın inteqrasiyası çoxqatlı və qarşılıqlı təsir mexanizmi kimi dəyərləndirilməlidir. Müharibəni anlamaq üçün onun görünən tərəfinə baxmaqla kifayətlənmək olmaz, onun arxasında duran mədəni, ideoloji və iqtisadi strukturların analizi də eyni dərəcədə vacibdir. Bu yanaşma həm akademik, həm də praktik səviyyədə mühüm əhəmiyyət daşıyır, çünki münaqişələrin qarşısını almaq və ya onları effektiv idarə etmək hərbi və siyasi vasitələrlə yanaşı, mədəni və inkişafedici strategiyalarla da mümkün olur. Müharibənin qiymətləndirilməsi strateji nəticələr və siyasi məqsədlərlə bərabər, etik və hüquqi prinsiplər əsasında da təhlil edilməlidir. Müasir beynəlxalq sistemdə müharibənin aparılma qaydaları müəyyən normativ çərçivə ilə tənzimlənir ki, bu da hərbi əməliyyatların məhdudlaşdırılması və insan həyatının qorunması məqsədi daşıyır.
"Ədalətli müharibə" yanaşması münaqişələrin həm başlanma səbəblərini, həm də aparılma üsullarını qiymətləndirməyə imkan verir. Bu çərçivə mülki əhalinin qorunması, qeyri-proporsional güc tətbiqindən çəkinmə və humanitar prinsiplərə riayət olunmasını əsas şərt kimi irəli sürür. Beynəlxalq humanitar hüququn bu normaları müharibə şəraitində belə etik məsuliyyətin aradan qalxmadığını göstərir ki, bu da öz növbəsində dövlətlərin davranışının hüquqi və mənəvi legitimliklə ölçülməsinə gətirib çıxarır.
Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi müharibə mədəniyyəti isə analoqu olmayan bir nümunədir. Müharibədən sonrakı mərhələ də dağıntıların aradan qaldırılması ilə eyni vaxtda yeni inkişaf modelinin formalaşdırılması üçün imkan yaradıb. Rekonstruksiya prosesi iqtisadi, sosial və institusional sahələrdə paralel transformasiyanı tələb edir. İnfrastrukturun yenidən qurulması, iqtisadi fəaliyyətin bərpası və sosial reinteqrasiyanın təmin olunması bu prosesin əsas istiqamətlərini təşkil edir. Müasir yanaşmalarda innovativ texnologiyaların tətbiqi və "ağıllı idarəetmə modelləri" postmüharibə inkişafını daha effektiv və davamlı edir. Bu baxımdan rekonstruksiya yalnız keçmişin bərpası deyil, gələcəyin strateji şəkildə qurulması kimi dəyərləndirilməlidir. Dövlət öz ərazilərinin sərhədlərini qoruyaraq və strateji məqsədlərə çataraq eyni zamanda sivil əhalinin həyatına zərər verməməyə diqqət yetirmişdir. Bu yanaşma yalnız milli maraqları təmin etməklə kifayətlənməyib, regionda sabitlik və inkişaf üçün perspektiv imkanlar yaratmışdır. Müharibədən sonra Ermənistanın siyasi vassallıqdan çıxaraq öz inkişaf yolunu müəyyən etməsi Azərbaycanın humanist və strateji yanaşmasının nəticəsi kimi qiymətləndirilməlidir.
Eyni zamanda müharibənin nəticələri region və beynəlxalq səviyyədə perspektiv imkanlar açır. Gələcəkdə Zəngəzur dəhlizinin (TRIPP) açılması iqtisadi inteqrasiyanı təşviq edəcək, regional ticarət və nəqliyyat imkanlarını artıracaq, qonşu dövlətlərin xalqlarının inkişafına dəstəyin təmin olunmasına şərait yaradacaq və beynəlxalq əməkdaşlığı möhkəmləndirəcək. Bu yanaşma göstərir ki, müharibə yalnız dağıdıcı deyil, eyni zamanda diqqətli planlaşdırma və mədəni-ideoloji strategiyalarla inkişaf və sabitlik üçün katalizator rolunu oynaya bilər.
Siyasi və fəlsəfi baxımdan bu nümunə bir daha təsdiqləyir ki, hərbi güc və texnoloji üstünlük yalnız vasitədir. Əsas məqsəd isə insan həyatına, milli irsə və gələcək nəsillərin inkişaf perspektivlərinə hörmətlə yanaşmaqdır. Müharibə və mədəniyyət, güc və humanizm, strateji məharət və etik məsuliyyət - bütün bunlar birgə işlədikdə cəmiyyətlər üçün davamlılıq və tərəqqi təmin olunur. Müharibə və mədəniyyət arasındakı qarşılıqlı əlaqə göstərir ki, cəmiyyətlərin taleyi yalnız fiziki güc balansı ilə müəyyən olunmur. Əsas müəyyənedici faktor insanın düşüncə sistemi, dəyərlər strukturu və gələcəyə yönəlik baxışıdır. Müharibə bu sistemlərin sınaqdan keçdiyi ekstremal şərait kimi çıxış edir. Tarixi təcrübə göstərir ki, davamlı üstünlük yalnız hərbi qələbə ilə yox, mədəni və intellektual dayanıqlıqla təmin olunur. Bu baxımdan güc və humanizm, strategiya və etik məsuliyyət bir-birini tamamlayan elementlər kimi çıxış edir. Cəmiyyətlər bu balansı qoruduqda davamlı inkişaf və sabitlik üçün zəmin yaranır. Sonda belə bir nəticəyə gəlmək olar ki, müharibənin dərk edilməsi onun qarşısının alınması üçün ilkin şərtdir. Müharibəsiz dünya isə düşünülmüş və məqsədyönlü inkişaf strategiyalarının mümkün nəticəsi ola bilər.
Müharibəsiz dünya daha gözəldir. Yaşasın sülh!
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri