11 oktyabr 2025 02:14
108

Azərbaycan əməkdaşlığı, bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan münasibətləri təşviq edir

Xarici siyasətimizin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafı tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra daha aydın şəkildə nəzərə çarpır. Bu mühüm məqam da daim vurğulanır ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəldilir. Ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atması, hər bir sahədə zəngin təcrübəyə malik olması xüsusi vurğulanır. Prezident İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə   Düşənbəyə  səfəri də bu kontekstdə mühümü əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəldi. Tacikistan Prezidenti Emoməli Rəhmon dövlətimizin başçısını qarşıladı.  Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü oldu.  Görüşdə iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.

Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq və ümumi səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyasının subyektləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi diqqətdədir. Bu günlərdə Qəbələ şəhərinin ev sahibliyi ilə keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü bunun bariz nümunəsi oldu. Çıxışlarda bu reallıq xüsusi qeyd edildi ki, qardaş Azərbaycanın qətiyyəti, cəsarəti və haqlı mübarizəsi ilə qazandığı bu Zəfər  yalnız ərazilərinin işğaldan azad edilməsi deyil, ədalətin və milli qətiyyətin zəfəridir. Bu, böyük Türk dünyasının ortaq zəfəridir. Qarabağ Zəfəri bizə bir daha göstərdi ki, Türk dünyası birlikdə olanda hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Həmrəy şəkildə fəaliyyət göstərən türk dövlətləri yalnız öz təhlükəsizliyini deyil, regionda sülhün, sabitliyin və rifahın ən güclü təminatçısıdır. Biz eyni coğrafiyanın, eyni mədəniyyətin, eyni kökdən bəslənən ortaq tarixin mirasçılarıyıq. Biz bu gün yalnız bir araya gəlmirik, eyni zamanda, ortaq gələcəyimizi birlikdə formalaşdırırıq.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında əsas  nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Dövlət başçısı İlham Əliyev Qəbələ Zirvə Görüşündəki çıxışında da Azərbaycanın tranzit imkanlarından bəhs edərkən bildirdi ki, Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.  İki ölkənin iqtisadi münasibətlərindən bəhs edərkən  2008-ci ildə   Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılmasını qeyd etməliyik. Komissiyanın keçirilən iclasları əlaqələrimizin yeni prioritetlər üzrə inkişafı üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması ölkəmiz  üçün mühüm sosial-mədəni əhəmiyyət daşıdı və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin və həmrəyliyinin parlaq göstəricisi kimi dəyərləndirildi.

Bu gün Laçın şəhəri sakinlərinə qovuşan 6 şəhərdən biridir. Bu ilin 28 May-Müstəqillik Günündə azad edilmiş ərazilərimizdə sayca üçüncü olan Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilmişdir. Bu il 28 May-Müstəqillik Günündə Laçın şəhəri Azərbaycan, Türkiyə və Pakistan liderlərlərinin Zirvə Görüşünə ev sahibliyi etdi. Bunları qeyd etməklə azad edilmiş ərazilərimizin bu gün beynəlxalq mərkəzə evrildiyini, böyük strateji əhəmiyyətə malik ərazilər olduğunu bir daha diqqətə çatdırmaqdır. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal dövründən, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlardan bəhs etməsin. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycan bu torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda  dünyaya şəhərsalmanın  müasir təcrübəsini təqdim edir.   

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinə malikdir. Bunun üçün bugünədək ölkəmizdə ayrı-ayrı sahələr üzrə keçirilən beynəlxaq tədbirlərin təşkilinə diqqət yetirmək kifayətdir. III MDB oyunları da bu tərkibdəndir. Gəncə şəhərində qısa müddət icra edilən infrastruktur layihələri, iştirakçılar üçün yaradılan şərait yüksək dəyərləndirildi. Sentyabrın 28-də Gəncədə III MDB oyunlarının təntənəli açılış mərasimində bu əminlik ifadə edildi ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman Oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək. III MDB Oyunları ölkəmizin yüksək ev sahibliyi etdiyi növbəti beynəlxalq idman tədbiri kimi tarixə yazıldı.

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirildi.  Prezident İlham Əliyev iclasda iştirak etdi. Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış etdilər. Sonra tədbirin yekun sənədləri imzalandı. İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə” medalı təqdim olundu.

Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeganə Əliyeva, “İki sahil”