10 oktyabr 2025 12:27
121

Metronun “Həzi Aslanov-Əhmədli” stansiyasında qatarların hərəkət intervalı 5 dəqiqə azaldılıb

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır.

“İki sahil” xəbər verir ki,  QSC-dən bildirilib ki, yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.

Plana uyğun olaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilib.

Xatırladaq ki, 2024-cü il noyabr ayının 30-da “Həzi Aslanov” stansiyasının dalan yolunda başlanılmış əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar Qırmızı və Yaşıl xətlərdə yeni hərəkət qrafiki tətbiq edilib, qatarların hərəkəti hələlik yalnız “Əhmədli” stansiyasına qədər təşkil edilir. Təmir işlərinin yalnız dalan hissədə aparılması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyası sərnişinlərin girişinə bağlanmadan xüsusi hərəkət cədvəli qurulub və 10 dəqiqəlik interval tətbiq edilib. Hazırda tətbiq edilən yeni interval sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də artan sərnişin axınının daha çevik və operativ şəkildə tənzimlənməsinə xidmət edir.

Yeni hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi saytında yerləşdiriləcək.