Rusiya Prezidentinin açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir
Ötən ilin dekabrın 25-də AZAL sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Azərbaycanla Rusiya arasındakı soyuqluq inkişaf edərək birtərəfli ittihamlarla davam etdi. Xüsusilə rusiyalı jurnalistlərin ölkəmiz əleyhinə qarayaxma kampaniyaları və təhdidləri münaqişəni daha da kəskinləşdirirdi. Lakin Prezident İlham Əliyev xalqımızın yekdil fikrini ifadə edərək Rusiyadan haqlı olaraq tələb edirdi ki, təyyarə qəzasına şərait yaradanlar cəzalarını alsınlar. Ən əsası isə Rusiya hökuməti həlak olanların ailələrinə və yaralılara kompensasiya ödəsin.
Məhz bu gərginliyə son qoyulması prosesi oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün səfər etdiyi Düşənbə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşündə reallaşdı. Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirdi ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Rusiya lideri, həmçinin əlavə etdi ki, hadisəyə tam nöqtə qoymaq üçün bir qədər zaman lazımdır: “Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq”.
Rusiya Prezidentinin bu açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir.
Münasibətləri pozmağa çalışan Simonyanlar, Solovyovlar, Zatulinlər öz məqsədlərinə nail ola bilmədilər
Artıq dünya mətbuatı da Przident İlham Əliyevlə Prezident Vladimir Putinin Düşənbə görüşlərini iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirir. Elə Rusiya lideri də eyni fikri səsləndirməklə bildirdi ki, gələcəkdə iki ölkə arasındakı iqtsadi, siyasi və humanitar əməkdaşlıq tamamilə yeni, daha yüksək səviyyədə davam edəcəkdir: “Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.
Eyni zamanda Prezident Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. O, Preziden İlham Əliyevə xitabən dedi: “Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Ancaq biz indi bu barədə hələ danışacağıq. Birincisi, bununla bağlı Sizə minnətdarıq, ikincisi, əlbəttə, özümüz də hər şeyi edəcəyik ki, bu dinamika qorunub saxlanılsın”.
Azərbaycan Prezidenti AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür etdi: “Bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”.
Prezident İlham Əliyev həmçinin əlavə etdi ki, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb.
Görüşdə digər diqqətçəkən məqam Prezident Vladimir Putinin bundan sonra da iki qonşu ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik səviyyəsində davam edəcəyinə ümid etdiyini bildirməsidir. O dedi: “Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin.”
Bəli, məhz Azərbaycan və Rusiya prezidentlərinin Düşənbə görüşü və aparılmış müzakirələr ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini göstərdi. Son dövrlərdə Azərbaycanı da narahat edən əsas məsələlərdən biri də Rusiyada anti-Azərbaycan və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məqsədyönlü fəaliyyəti idi. Putinin media qarşıslnda açıqlamaları həm də bu məsələyə aydınlıq gətirdi.
Ən əsası isə Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvvələr, xüsusilə Simonyan, Solovyov, Zatulin və digər bu kimi ermənipərəstlər öz məqsədlərinə nail ola bilmədilər.
Elçin Zaman, “İki sahil”