10 oktyabr 2025 00:36
383

SOCAR-da insan kapitalı və inklüzivlik

SOCAR-da həyata keçirilən kadr siyasəti şirkətin mövcud kadrların saxlanılmasına, onların inkişaf etdirilməsinə, insan resursları imkanlarından daha səmərəli istifadə edilməsinə, eyni zamanda beynəlxalq standartlara, bazar iqtisadiyyatında daima dəyişən tələbatlara cavab verən və SOCAR-ın inkişafı strategiyasına uyğun əmək münasibətlərinin tənzimlənməsinə yönəlib. 01.01.2025-ci il tarixinə SOCAR üzrə işçilərin faktiki sayı 48069 nəfər təşkil edib. 48069 nəfərin 5798 nəfəri rəhbər işçi, 8471 nəfəri mütəxəssis, 729 nəfəri texniki icraçı və 33071 nəfəri fəhlədir. O cümlədən 7595 nəfəri qadın, 17805 nəfəri ali təhsillidir.

Bu dövr ərzində SOCAR üzrə neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə və “Neftçilər Günü” ilə bağlı olaraq 123 nəfər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri Neftçi” döş nişanı və 284 nəfər “Fəxri Fərmanı” ilə təltif olunub. Eyni zamanda, “Neftçilər Günü” münasibətilə Azərbaycan Prezidentinin 20.09.2024-cü il tarixli Sərəncamına əsasən 1 nəfər “Əməkdar mühəndis”, 4 nəfər “3-cü dərəcəli” Əmək ordeni, 24 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. “Əmək veteranı” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli, 1999-cu il 24 sentyabr tarixli 150 nömrəli qərarlarına uyğun olaraq aparılır. Müəssisələrdən “Əmək veteranı” adının verilməsi ilə əlaqədar aidiyyəti üzrə daxil olan bütün sənədlər bir daha yoxlanılır və SOCAR-ın müvafiq əmrləri ilə rəsmiləşdirilir. 01.01.2025-ci il tarixinədək “Əmək veteranı” adının verilməsi, vəsiqənin dəyişdirilməsi məqsədilə SOCAR üzrə 312 “Əmək veteranı” vəsiqəsi doldurulub, dəyişdirilib və müraciət edən şəxslərə təqdim edilib.

Bundan əlavə, SOCAR-ın korporativ dəyərlərindən olan qayğı dəyərinin bir parçası olaraq işçilərə psixoloji dəstək göstərilməsi ilə bağlı müvafiq tədbirlər görülüb, işçilər üçün təlimlər təşkil olunub, Baş ofisdə bununla bağlı müvafiq sessiyalar təşkil olunub. SOCAR-ın müəssisə və idarələrində bu istiqamətdə maarifləndirici tədbirlər keçirilib. Vətən müharibəsində şəhid olan SOCAR əməkdaşlarının ailələri Yeni il, Novruz, Qurban bayramlarında və Zəfər Günündə ziyarət olunub onlara daim qayğı göstərilib.

Ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar işğaldan azad edilmiş ərazilərin qaz təchizatı üçün magistral şəbəkənin qurulması işləri, qaz təchizatı üçün yeni magistral qaz kəmərinin və qazpaylayıcı stansiyalarının tikintisi işləri ilə əlaqədar olaraq həmin ərazilərə icazə məktubları və gedəcək əməkdaşlar üçün icazə bildirişləri aidiyyəti struktur tərəfindən icra olunur. Beləliklə, 2024-cü il ərzində 316 məktub hazırlanmış Daxili İşlər Nazirliyinə və Nazirlər Kabinetinə göndərilib, 6000-ə yaxın əməkdaşa isə işğaldan azad olunmuş ərazilərə buraxılış portalında müvafiq icazələr alınıb. 2024-cü il ərzində müsabiqə nəticəsində 1380 nəfər, ümumilikdə isə 1848 nəfər işə qəbul olunub.

Onu da qeyd edək ki, 2024-cü il ərzində SOCAR-ın www.socar.az veb-saytının “Karyera” bölməsinin “SOCAR-da iş imkanları” bölümündə “vakansiyalar” hissəsində (www.socar.jobs) 1417 vakant yer elan olunub və bu vakansiyalar üzrə elektron qaydada müraciət etmiş 30512 vətəndaşın təqdim etdiyi məlumatların vakansiyaların tələblərinə uyğunluğu yoxlanılıb, onlardan 10695 nəfər növbəti mərhələyə (test və ya müsahibə mərhələsinə) buraxılıb. 1316 nəfər peşə sınaq imtahanlarında (fəhlə peşələri üzrə praktiki bacarıqların yoxlanılması), 2157 nəfər isə müsahibə mərhələsində iştirak edib ki, onlardan müsabiqədən müvəffəqiyyətlə keçmiş 983 nəfəri işlə təmin edilmək üçün SOCAR-ın müəssisə və təşkilatlarına göndərilib, 603 nəfəri isə SOCAR-ın Kadr ehtiyatı bazasına daxil edilib. Həmçinin SOCAR-ın Kadr ehtiyatı bazasından 397 nəfər şirkətin müəssisə və təşkilatlarına işə qəbul üçün göndərilib.

Mövcud əmək bazarında tələb və təklifdən irəli gələn imkanların qiymətləndirilməsi və bu sahədə kadrların cəlb edilməsi ilə bağlı biznes proseslərin operativliyinin artırılması, işə qəbul qərarlarının verilməsi zəncirinin qısaldılması nəticəsində biznes vahidlərində çevik qərar vermə sisteminin formalaşdırılması, axtarış və seçim etmə yetkinliyinin gücləndirilməsi, eyni zamanda, biznes vahidlərinin səlahiyyətləndirilməsi ilə yanaşı, keyfiyyət və uyğunluq parametrlərinə görə məsuliyyətin artırılması məqsədilə işə qəbul səlahiyyətlərinin müəssisələrə ötürülməsi prosesi 2024-cü ildə də davam etdirilib. SOCAR-ın 07.03.2024- cü il tarixli əmri ilə səlahiyyətlərin tam ötürüldüyü müəssisələrin sayı 9-a çatdırılıb. Hesabat dövrü ərzində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərini bitirən məzunlardan 225 nəfər işlə təmin edilib.

Ali təhsilli gənclərin məşğulluğunun təmin edilməsi məqsədi ilə 2024-cü ildə keçirilmiş “Gənc İstedadlar Proqramı” çərçivəsində təcrübəni müvəffəqiyyətlə bitirən 114 nəfərdən 92 nəfəri SOCAR-ın müəssisələrində işlə təmin olunub və digər 22 gəncin şəxsi səbəblərdən (hərbi xidmət, ali təhsilin davam etdirilməsi, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması və s.) əmək münasibətlərinin rəsmiləşdirilməsi mümkün olmayıb. Bununla yanaşı, növbəti il ərzində keçirilməsi planlaşdırılan “Gənc İstedadlar Proqramı” və “Çalışan Tələbə” təcrübə proqramları 2024-cü ilin sonlarında elan edilib və nəticədə 5820 nəfərin müraciəti qəbul olunub və növbəti müsabiqə mərhələlərinə cəlb edilmələri üçün ilkin seçim prosesi həyata keçirilib.

2024-cü il ərzində Liderlik Səriştə Modeli ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib. İlk olaraq müəyyən edilən Liderlik Səriştə Modeli üzrə SOCAR-ın müəssisələri – “SOCAR Upstream Management İnternational” MMC, “SOCAR Midstream Operations” MMC, “SOCAR Downstream Management” MMC, Türkiyə, Gürcüstan və Rusiya üzrə sessiyalar təşkil olunaraq kommunikasiyası təmin edilib. Bundan əlavə, “SOCAR Green” MMC, “SOCAR Upstream Operations Management” MMC, “BOS Shelf” MMC və “Azfen” birgə müəssisələrinin İnsan Resursları (İR) komandalarına da modelin əsasları təqdim olunub.

Liderlik Səriştə Modelinin tətbiqinə dair əlavə tapşırıqların müəyyən edilməsi haqqında əmr təsdiqlənib və SOCAR Qrup müəssisələrinə yayılıb. Əmrlə birlikdə davranış səriştələrinin qiymətləndirmə blankı, hədəf və səriştə kartı, həmçinin Liderlik Səriştə İnkişafı Matrisası müəssisələrin İnsan Resursları xidmətlərinə elektron poçt vasitəsilə göndərilib, bu sənədlərə uyğun işlərin icrasının vacibliyi xüsusi olaraq vurğulanıb. Modelin tətbiq dairəsinə daxil olan müəssisələrin İnsan Resursları komandalarına və biznes üzrə xətti rəhbərlərə təlimlər keçirilib, eyni zamanda, Baş ofis və SOCAR-ın strukturlu müəssisələrinin işə qəbul mütəxəssislərinə səriştə əsaslı seçim təlimləri təşkil olunub. İnsan resursları mütəxəssisləri arasından daxili təlimçilərin formalaşdırılması təmin edilib, müəssisələr tərəfindən Liderlik Səriştə Modelinə uyğun yenilənmiş müsahibə formaları hazırlanaraq aidiyyəti üzrə paylaşılıb. Bununla yanaşı, Liderlik Səriştə Modeli ilə bağlı təlimat kitabçası hazırlanıb, modelin psixometrik testlərə inteqrasiyası ilə əlaqədar bütün müvafiq görüşlərdə iştirak edilib və meyarlar müəyyən olunub. Həmçinin təsdiq olunan Liderlik Səriştə Modelinin özünü inkişaf tövsiyələri yenidən nəzərdən keçirilib, kitabça əlavə inkişaf metodları ilə zənginləşdirilərək istifadəyə təqdim olunub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən “Yüksəliş” müsabiqəsinə SOCAR-ın İnsan Kapitalı və İnklüzivlik Seqmentinə daxil olan strukturların əməkdaşları qiymətləndirici ekspert qismində dəvət edilib, qiymətləndirici ekspertlər üçün nəzərdə tutulan təlimlərdə, müsabiqənin yarımfinal və final mərhələlərində iştirak ediblər. Eyni zamanda, SOCAR-ın birbaşa tabeliyində olan struktur bölmələrində həyata keçirilən 9354 başqa işə keçirmə əməliyyatının qanunvericiliyin (VTİSK) və SOCAR-ın daxili normativ sənədlərinin tələblərinə uyğunluğu yoxlanılıb. 2024-cü il ərzində SOCAR-ın müəssisə və təşkilatlarında ümumilikdə Tarif-İxtisas (kvalifikasiya) Komissiyalarının iclaslarında 2123 nəfər işçinin əməyin ödənilməsi dərəcəsinin (ƏÖD) dəyişdirilməsi məsələsinə baxılıb, onlardan 702 nəfərinin iddiası təmin olunub.

Bir faktı da vurğulamaq lazımdır ki, SOCAR illərdir ödənişsiz əsaslarla təcrübə proqramları həyata keçirir. Hər il SOCAR Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində NÖC və avtomatika, ekologiya, energetika, geoloji-kəşfiyyat, informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, kimya-texnologiya, mexanika, qaz neft mədən, tikinti ixtisas qrupları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə istehsalat təcrübəsi keçmək üçün real şərait yaradır. 2024-cü ildə ölkə daxilində və xaricdə təhsil alan 1172 tələbə “Ödənişsiz İstehsalat Təcrübəsi” Proqramı vasitəsilə SOCAR-ın müəssisələrində təcrübə keçmək imkanı əldə edib.

Ölkədə həyata keçirilən neft-qaz layihələrində yerli kadrların faiz göstəricilərinin Hasilatın Pay Bölgüsü Sazişlərində (HPBS) göstərilən hədlərə çatdırılması istiqamətində müəyyən işlər görülüb, Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə milliləşdirmə və yerli kadrların potensialının artırılması istiqamətində əməkdaşlıqlar genişləndirilib. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və digər irimiqyaslı layihələrə cəlb olunan milli kadrların sayı Hasilatın Pay Bölgüsü Sazişlərində (HPBS) göstərilən hədəflərə çatdırılıb. SOCAR-ın xarici tərəfdaşlarla birgə həyata keçirdiyi layihələrdə kadrların milliləşdirilməsi, yerli kadrların bilik və bacarıqlarının artırılması, əcnəbi vətəndaşların həmin layihələrdə iştirakının tənzimlənməsi ilə bağlı işlər qarşılıqlı olaraq davam etdirilib.

Qeyd edək ki, HPBS və digər müqavilələr çərçivəsində fəaliyyət göstərən şirkətlərin müraciətləri əsasında 2024-cü il ərzində 885 əcnəbi mütəxəssisin iş icazəsi müraciətinə baxılıb. Əcnəbi mütəxəssislərin iş icazəsi müraciətlərinə onların fəaliyyətə cəlb olunmalarının zəruriliyi, təhsil və təcrübəsi, tutduqları vəzifələrin yerli əmək ehtiyatları hesabına doldurulmasının mümkünlüyü və aparılan işlərin xüsusiyyəti nəzərə alınmaqla dərindən araşdırılaraq müvafiq rəylər verilib. Bundan əlavə, 2024-cü ildə 712 mütəxəssisin ölkəyə girişinə və çıxışına icazə alınması üçün aidiyyəti dövlət orqanlarına müraciət edilib.

“Almaniya Yay Düşərgəsi” proqramı üzrə SOCAR əməkdaşlarının orta məktəblərdə təhsil alan övladlarının biliyinin qiymətləndirilməsi ilə bağlı 82 nəfər imtahanlarda iştirak edib, ən yüksək bal toplamış 25 şagirdin proqramda iştirakı təmin edilib. 2024-cü il ərzində SOCAR-ın “Xarici Təqaüd Proqramı” (XTP) çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində təhsilini uğurla başa vurmuş 1 nəfər məzun SOCAR-ın strukturunda işlə təmin edilib. Həmçinin 2024-cü il ərzində SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində IE Universiteti, Qlazqo Universiteti, Aberdin Universiteti və s. dünyanın qabaqcıl universitetlərində ümumilikdə 9 əməkdaş XTP çərçivəsində ali təhsil almaq fürsəti əldə edib. Hər il olduğu kimi, 2024-cü ildə də SOCAR-ın strukturuna daxil olan qurumların, eləcə də bu qurumlarda çalışan işçilərin əmək şəraiti diqqətdə saxlanılıb. Belə ki, bu istiqamət üzrə müəssisə və işçilərdən daxil olan çoxsaylı müraciətlərə baxılır və müvafiq qaydada icrası təmin edilir. Hesabat dövründə SOCAR üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 1017,22 mln. manat, işçilərin orta aylıq əmək haqqı isə 1872,80 manat təşkil edib.

SOCAR-ın və ANQSİHİRK-nın 03 iyul 2012-ci il tarixli 81 və 14-29 nömrəli “SOCAR-da işçilərin sayının optimallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar artıq işçi qüvvələrinin sərbəstləşdirilməsinin stimullaşdırılması” haqqında Əmr-qərarının icrası ilə əlaqədar 2024-cü il ərzində SOCAR-ın müəssisə və təşkilatlarında işçilərin sayının optimallaşdırılması ilə bağlı mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilib.

SOCAR-ın strukturuna daxil olan qurumlar üzrə hesablanmış əmək haqqı və ona bərabər tutulan digər ödənişlər barədə hesabatlar əsasında əmək haqqının strukturu araşdırılır, müvafiq təkliflər hazırlanır və SOCAR-ın strukturuna daxil olan qurumlarda fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə işçilərin sayının və əmək haqqı xərclərinin optimallaşdırılması ilə bağlı işlər davam etdirilir.

Əməyin təşkili ilə bağlı təkmilləşdirmə, o cümlədən vəzifə standartlarının hazırlanması işləri də davam etdirilir. SOCAR-ın “Azneft” İB-nin 1 və 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarələri üzrə 526 vahid, Heydər Əliyev adına BDÖZ üzrə 65 vahid, Nəqliyyat İdarəsi üzrə 1411 vahid, Sosial İnkişaf İdarəsi üzrə 248 vahid, Bakı Ali Neft Məktəbi üzrə 166 vahid vəzifə (peşə) standartı hazırlanmış və SOCAR-ın vəzifələr arxitekturasına əlavə edilib. Bununla da SOCAR-ın strukturuna daxil olan bütün qurumlar üzrə iş yerləri müvafiq vəzifə (peşə) standartları ilə təmin edilib. Eyni zamanda, standartların tətbiq olunduğu qurumlarda ştat və struktur dəyişiklikləri nəzərə alınaraq yenilənməsi işləri müntəzəm olaraq aparılır. Hesabat ilində tətbiqinə başlanılan “Dərəcələndirmə sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində SOCAR üzrə vəzifələrin dəyərləndirilməsi, iş ailələrinin yenidən formalaşdırılması, mükafatlandırma sisteminin fundamental əsaslarının yenilənməsi kimi irihəcmli proseslər həyata keçirilib. Layihənin icrasının əsas mərhələlərinin 2025-ci ilin ilk yarısında yekunlaşması planlaşdırılır.

SOCAR-da əməkdaşların fəaliyyətinin effektivliyinin təmin edilməsi, eləcədə strateji hədəflər ilə işçilərin fəaliyyətlərinin uyğunlaşdırılması məqsədilə performans idarəetmə sistemi çərçivəsində 2024-cü ildə bütün mühəndis-qulluqçu heyətə fərdi hədəflər müəyyən edilib. Bu məqsədlə 2024-cü ilin hədəflərin təyini dövründə seqment və müəssisələr üzrə 38 uzlaşma sessiyası təşkil edilib və 22 müəssisə rəhbərinə SOCAR-ın korporativ ƏSG-ləri şaxələndirilib. Müəssisələrdə çalışan strateji rəhbərlərlə də uzlaşma sessiyaları keçirilərək müəssisənin korporativ ƏSG-lərinin işçi heyətinədək şaxələndirilməsi təmin edilib.

SOCAR-ın 28 noyabr 2024-cü il tarixli “2023-cü il üzrə performans əsaslı illik mükafatlandırma barədə” əmrinə əsasən 2024-cü ildə SOCAR-da ilk dəfə olaraq performans əsaslı illik mükafatlandırma prosesinə start verilib və 2023-cü ilin nəticələrinə əsasən işçilərin mükafatlandırılması həyata keçirilib. Fəhlə heyəti də daxil olmaqla, hədəflərinə uğurla çatmış digər mütəxəssis və texniki icraçı kateqoriyasına aid işçilərlə birgə ümumilikdə 39264 nəfər əməkdaşa 43318,75 min manat məbləğində bonus ödənişi edilib. Rəhbər kateqoriyalı işçilər üçün analoji ödəniş 2025-ci ilin 1-ci rübündə həyata keçirilib.

Performans idarəetmə prosesinin kommunikasiya planına əsasən, 2024-cü il ərzində performans idarəetmə mədəniyyətinin yüksəldilməsi məqsədilə SOCAR üzrə rəhbər və mütəxəssis heyət mütəmadi şəkildə Performans İdarəetmə sisteminin əsas qayda və prinsiplərini özündə əks etdirən məlumatlandırıcı kommunikasiya materialları ilə təmin edilib. Eləcə də 2031 nəfər xətti rəhbərə “Kouçvari Performans idarəetmə” mövzusunda maarifləndirmə təlimi keçirilib. SOCAR-ın Baş ofisində və strukturlu müəssisələrdə performans idarəetmə ilə bağlı xətti rəhbərlər birbaşa dəstək proseslərinin həyata keçirilməsi məqsədilə 150 nəfər civarında Performans ekspert və məsləhətçi təyin edilib, onların da maarifləndirilməsi həyata keçirilib.

Orxan Vahidoğlu, “İki sahil”