09 oktyabr 2025 00:57
101

Yeni reallıqlar, ortaq iradə…

Türk dünyası qlobal səhnədə öz yerini möhkəmlədir

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü həm məzmununa, həm də tarixi-siyasi çəkisinə görə, Türk dünyasının birliyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu toplantı təkcə təşkilat çərçivəsində cari məsələlərin müzakirə olunduğu tədbir deyil, həm də Türk coğrafiyasının beynəlxalq sistemdə artan strateji rolunun nümayişi idi. Zirvə Qəbələnin səfalı təbiətində, lakin dərin siyasi kontekstdə baş tutdu: qlobal səviyyədə geosiyasi gərginliklərin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir dövrdə türk dövlətlərinin sülh və sabitlik mesajı regional diplomatiya tarixində mühüm dönüş nöqtəsinə çevrildi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zirvə öncəsi keçirilən Xarici İşlər Nazirləri Şurasındakı çıxışı, əslində, bu diplomatik xəttin məntiqi başlanğıcını qoydu. Nazir bildirdi ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. Bu fikrin arxasında duran əsas məna bundan ibarətdir ki, dünya artıq təkqütblü sistemin sərhədlərini aşır, regional ittifaqlar, xüsusilə də mədəni, tarixi və strateji kökləri ortaq olan birliklər yeni qlobal nizamın dayaqlarına çevrilir. Məhz bu kontekstdə Azərbaycan diplomatiyasının səyləri də diqqət çəkir. Ceyhun Bayramovun qeyd etdiyi kimi “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb.”

Nazir Ceyhun Bayramovun digər fikri – TDT ölkələrinin təbii nəqliyyat-logistika körpüsü kimi Avropa və Asiya arasında körpü rolu oynaması – iqtisadi diplomatiyanın siyasi sabitliklə necə bağlı olduğunu aydın göstərir. “Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır.” Bu bəyanat təkcə logistik xəritədə bir xətt deyil, həm də siyasi coğrafiyanın yenidən formalaşmasıdır. Zəngəzur dəhlizi və TRIPP marşrutu Türk dünyasının fiziki, iqtisadi və mədəni inteqrasiyasını təmin edən strateji arteriyalardır.

Qəbələ Zirvəsinin iki əsas aspekti – sülh və təhlükəsizlik – əslində bir-birini tamamlayan və biri-birindən ayrı düşünülsə belə, hər biri digərinin zəmini üzərində yüksələn anlayışlardır. Sülh olmadan təhlükəsizlik dayanıqlı ola bilməz, təhlükəsizliksə sülhün qorunmasının ilkin şərtidir. Bu baxımdan Qəbələ Zirvə Görüşü Türk dünyasının qarşıdakı onilliklər üçün ortaq strateji prioritetlərini müəyyənləşdirən hadisəyə çevrildi.

Prezident İlham Əliyevin Zirvə Görüşündə səsləndirdiyi aşağıdakı fikirlər isə bu prioritetlərin siyasi mahiyyətini tam mənası ilə ifadə etdi: “Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.” Burada diqqətçəkən əsas xətt – gücün təkcə hərbi deyil, həm də sosial-iqtisadi və demoqrafik dayaqlarla təmin olunmasıdır.

Dövlət başçısının vurğuladığı kimi, TDT-nin təməl sənədi olan Naxçıvan Sazişi hələ 2009-cu ildə təşkilatın fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən sülhün və təhlükəsizliyin qorunmasını əsas məqsədlərdən biri kimi qeyd etmişdi. Bu, əslində, türk dövlətlərinin birləşmə fəlsəfəsinin mahiyyətini açır: əməkdaşlıq sülh üçün, sülh isə rifah üçün vasitədir. Prezident İlham Əliyevin “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” fikri isə regional təhlükəsizlik arxitekturasında yeni mərhələ açır. Bu təşəbbüs həm TDT daxilində strateji əlaqələrin dərinləşməsi, həm də regional müdafiə imkanlarının inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə tandeminin Cənubi Qafqazda yaratdığı siyasi reallıq artıq regionun sabitlik xəritəsini dəyişib. Bakı-İrəvan sülh prosesi bu reallığın mərkəzindədir. Prezident İlham Əliyevin ABŞ-da imzalanan sülh sazişinin paraflanmasını yada salaraq Cənubi Qafqazın “barış məkanına çevriləcəyinə inamını” ifadə etməsi, ATƏT-in Minsk qrupunun bağlanmasını vurğulaması regionda 30 illik ədalətsiz status-kvonun rəsmi şəkildə sona çatdığını göstərdi. Dövlət başçısının sözləri ilə desək: “Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.” Bu gündəlik yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, həm də bütün regionun gələcək inteqrasiyasına yönəlib.

Prezident İlham Əliyevin “Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir” fikri, bu konsepsiyanın əsas fəlsəfəsini tam əks etdirir. Azərbaycan bu inkişaf modelinin həm təşəbbüskarı, həm də lokomotividir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə Görüşündə çıxışı da bu istiqamətdə ümumi mövqeni daha da gücləndirdi. “Türkiyə Cənubi Qafqazda baş verənləri izləməklə yanaşı, həm də bölgədə sülhə və sabitliyə səmimi töhfə verməyə çalışır, deyən Ərdoğan Vaşinqtonda imzalanan Birgə Bəyannaməni “müsbət addım” adlandıraraq Türk dünyasının diplomatik həmrəyliyini təsdiqlədi. O, həmçinin “beynəlxalq hüquq böhranı” və “BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi” fonunda TDT-nin vahid səs kimi çıxış etməsinin əhəmiyyətini vurğuladı.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də çıxışında Azərbaycanın regional təşəbbüslərini yüksək qiymətləndirərək, ölkəmizin sülh missiyasını və TDT-nin möhkəmlənməsində oynadığı rolu ön plana çəkdi. Oxşar şəkildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də “Ermənistanla imzalanmış Bəyannamənin regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində mühüm addım” olduğunu bildirib, bunu “Azərbaycanın siyasi iradəsinin və liderliyinin bariz göstəricisi” adlandırdı. Macarıstanın Baş naziri Viktor Orban isə çıxışında Azərbaycan Prezidentinin “uğurlu və uzaqgörən siyasət” yürütməsini xüsusi vurğuladı.

Beləliklə, Qəbələ Zirvəsi göstərdi ki, türk dövlətləri arasında həmrəyliyin mahiyyəti təkcə mədəni bağlarla deyil, həm də siyasi etimad və ortaq strateji vizyonla möhkəmlənir. Azərbaycan bu vizyonun mərkəzində dayanaraq sülhü, sabitliyi və inkişafı bir-birinə bağlayan əsas aktor rolunda çıxış edir.

Nəticə etibarilə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Azərbaycan “gücdən sülh naminə istifadə” modelini təqdim etdi. Qəbələ Zirvə Görüşü bu modelin beynəlxalq müstəviyə daşındığı nöqtə oldu. Bu Zirvə həm də təsdiqlədi ki, TDT çərçivəsində sülh, təhlükəsizlik və inkişaf üçlüyü gələcək onilliklərin əsas prioritet xəttidir. Azərbaycan isə bu prioritetlərin həyata keçirilməsində aparıcı mövqeyini qoruyaraq, Türk dünyasının inteqrasiyasına yeni nəfəs gətirəcək.

Nigar Orucova, “İki sahil”