Bu, sadəcə yarış deyil, həm də diplomatiyanın təntənəsidir
Sentyabrın 28-də Azərbaycanın qədim mədəniyyət beşiyi Gəncədə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin III Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Bu hadisə sadəcə bir idman yarışının startı deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, idman ölkəsi imicinin və humanitar əməkdaşlıq sahəsində təşəbbüskarlığının bariz göstəricisi oldu. Xüsusilə də tarixi ədalətin bərpa edildiyi, Vətən müharibəsinin acı xatirələrinin hələ təzə olduğu bir dövrdə Gəncənin MDB Oyunlarının idman paytaxtı seçilməsi mühüm simvolik məna daşıyır. 2020-ci ilin payızında Ermənistanın raket hücumları nəticəsində dinc insanların həyatını itirdiyi, uşaqların valideynsiz qaldığı bu şəhərdə artıq sülhün, həmrəyliyin və idmanın bayramı təşkil olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışdan öncə məhz həmin qurbanların ailə üzvləri ilə görüşərək Azərbaycanın daim onların yanında olduğunu bir daha nümayiş etdirdilər. Bu, həm şəhidlərin ruhuna ehtiram, həm də idmanın xalqlar arasında dostluq və barış mesajı daşımasının ən təsirli nümunəsi idi.
Azərbaycan son illərdə beynəlxalq idman xəritəsində özünəməxsus mövqeyini möhkəmləndirib. Dövlət başçısının idman siyasəti nəticəsində ölkəmizdə müasir komplekslər, stadionlar, Olimpiya idman mərkəzləri inşa olunub, paytaxtla yanaşı regionlarda da böyük infrastruktur layihələri reallaşdırılıb. Elə Yevlax Olimpiya İdman Kompleksinin açılışı da bu siyasətin davamıdır. Prezident İlham Əliyevin sentyabrın 27-də açılışını etdiyi bu kompleks əslində MDB Oyunlarına verilən dəyərin parlaq nümunəsidir. 5,8 hektarlıq ərazidə yerləşən, müxtəlif idman növləri üzrə zallar və meydançalarla təchiz olunan bu mərkəz həm gənclərin sağlam həyat tərzinə, həm də gələcək beynəlxalq yarışların təşkilinə xidmət edəcək. Kompleksdə güləş, cüdo, boks, taekvondo, karate kimi milli və beynəlxalq uğurlar qazandığımız idman növləri üçün xüsusi zalların olması Azərbaycanın gələcək çempionlarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. MDB Oyunları çərçivəsində məhz boks yarışlarının burada keçirilməsi təsadüfi deyil, bu həm də ölkəmizin ənənəvi güclü olduğu idman sahəsindəki mövqeyini nümayiş etdirir.
“Hər qəlbdə bir qələbə!”
III MDB Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə yadda qaldı. “Hər qəlbdə bir qələbə!” şüarı altında keçirilən bu idman bayramı Azərbaycanın yeddi şəhərində — Gəncə, Qəbələ, Şəki, Yevlax, Mingəçevir, Göygöl və Xankəndidə təşkil olub. Bu, bir daha göstərir ki, Azərbaycan yalnız paytaxt Bakı ilə deyil, bütün regionları ilə birlikdə beynəlxalq idman mərkəzinə çevrilmək əzmindədir. MDB Oyunları ölkəmizin yüksək təşkilatçılıq bacarığının təsdiqi olmaqla yanaşı, həm də regionlarda idmanın inkişafı üçün yeni imkanlar açır. Regionlarımızda möhtəşəm idman komplekslərinin tikilməsi, yeni stadionların istifadəyə verilməsi, yerli gənclərin bu sahəyə marağının artması Azərbaycanın idman diplomatiyasının uğurla davam etməsinə şərait yaradır.
MDB Oyunlarının coğrafiyası genişlənir
MDB Oyunlarının tarixinə nəzər salsaq, görərik ki, birinci yarışlar 2021-ci ildə Rusiyanın Kazan şəhərində, ikinci Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə təşkil edilib. Bu dəfə isə seçimin Azərbaycana düşməsi ölkəmizə göstərilən beynəlxalq etimadın bariz nümunəsidir. Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə aparılan hazırlıq işləri nəticəsində MDB Oyunları artıq Azərbaycanın beynəlxalq idman tarixində daha bir parlaq səhifə açır. Açılış mərasimində bildirildiyi kimi, yarışlarda MDB ölkələri ilə yanaşı, Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən də idmançılar iştirak edir. Bu fakt MDB Oyunlarının coğrafiyasının genişləndiyini və artıq beynəlxalq arenada əhəmiyyətli idman hadisəsinə çevrildiyini göstərir.
Oyunlar çərçivəsində 23 idman növü üzrə 1694 medal uğrunda mübarizə aparır. 2400 nəfərlik idmançı və nümayəndə heyəti Azərbaycanın yeddi şəhərində yarışır. Bu rəqəmlər MDB Oyunlarının miqyasını, iştirakçı dövlətlərin marağını və idmanın xalqlar arasında körpü rolunu bir daha təsdiqləyir. Burada idman sadəcə idman deyil, həm də humanitar əməkdaşlıq, dostluq və mədəniyyətlərarası ünsiyyət vasitəsidir. Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimovun da açılışda vurğuladığı kimi, MDB Oyunları idman sahəsində həmrəyliyin güclü simvoluna çevrilib. Azərbaycan da bu həmrəyliyin mərkəzində dayanaraq xalqları yaxınlaşdıran təşəbbüslərə ev sahibliyi edir.
Azərbaycanın son 10-15 ildə ev sahibliyi etdiyi beynəlxalq yarışlar sadalananda siyahı kifayət qədər zəngindir: 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, mütəmadi keçirilən Formula 1 yarışları, müxtəlif Dünya və Avropa çempionatları. Bütün bunlar ölkəmizin təşkilatçılıq bacarığını nümayiş etdirib. MDB Oyunlarının Azərbaycana həvalə edilməsi də bu uğurlu təcrübənin davamı kimi dəyərləndirilə bilər.
Gənclər üçün stimul, gələcək üçün ümid...
Bu yarışların keçirilməsi həm də Azərbaycanın gənclər siyasətinə mühüm dəstəkdir. Müasir dövrdə gənclərin sosial şəbəkələr və rəqəmsal asılılıqla üzləşdiyi, müxtəlif çağırışlara məruz qaldığı bir şəraitdə idman sağlam həyat tərzi, intizam, məqsədyönlülük və liderlik keyfiyyətlərini təşviq edən ən güclü vasitədir. III MDB Oyunları da məhz bu baxımdan gənclərə yeni stimul verir. İdmançılar yalnız öz bacarıqlarını nümayiş etdirmir, həm də ölkələr arasında dostluq mesajı daşıyırlar.
Azərbaycanın idman diplomatiyası, eyni zamanda, dövlətin imicinə xidmət edir. İdman vasitəsilə ölkəmiz dünyaya sülh, həmrəylik və əməkdaşlıq mesajı ötürür. MDB Oyunlarının Gəncədə keçirilməsi isə xüsusi rəmzi məna daşıyır: vaxtilə düşmən raketlərinin hədəfinə çevrilmiş bu şəhər bu gün idman vasitəsilə həmrəylik və dostluq meydanına çevrilib. Bu, həm Azərbaycanın möhkəm iradəsinin, həm də xalqımızın gələcəyə inamla baxmasının göstəricisidir.
İdman ölkəsi imici möhkəmlənir
Nəticə etibarilə sentyabrın 28-də start götürən III MDB Oyunları Azərbaycanın beynəlxalq idman tarixində növbəti uğurlu səhifədir. Gəncə MDB-nin idman paytaxtına çevrilərək bir daha göstərdi ki, ölkəmiz təkcə regionda deyil, bütün dünyada mötəbər idman tədbirlərinin keçirildiyi mərkəzlərdən biridir. Oyunlar oktyabrın 8-dək davam edəcək, lakin onların yaratdığı dostluq, həmrəylik və əməkdaşlıq mühiti çox daha uzun müddət yaşayacaq. Azərbaycan üçün isə bu yarışlar həm idman diplomatiyası, həm də ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından əvəzsiz bir töhfədir.
Nigar Orucova, "İki sahil"