Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən “Yaşıl keçid çağırışına cavab – Milli İqlim Planları (NDC-lər və NAP-lar), investisiya platformaları və keçid planları” mövzusunda sessiya keçirilib.
“İki sahil” xəbər verir ki, GLOBE International-ın icraçı direktoru Malini Mehranın moderatorluğu ilə keçən sessiyada çıxış edən Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov COP29-dan etibarən çox böyük nailiyyətlər əldə edildiyini deyib: "Bu nailiyyətlər yalnız ölkəmiz üçün deyil, həm də beynəlxalq tərəfdaşlarımız qarşısında sərgiləyə biləcəyimiz uğurlardır. İqlim dəyişikliyi ilə bağlı uzun müddət çalışdıq və indi düşünürük ki, bu prosesi daha da sürətləndirməyin yollarını tapmalıyıq".
O qeyd edib ki, hər bir ölkə öz milli maraqlarını qoruyur və həll yolları bu maraqlarla uyğun olmalıdır. Xüsusilə innovasiya sahəsində bu uyğunluq daha vacibdir. “Hökumətlər bu gündəliyi sürətləndirmək üçün mühüm rol oynaya bilər. Məsələn, qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq hədəflərini daha da irəli apara bilərlər. Lakin bu hədəflərə nail olmaq üçün özəl sektorun aktiv iştirakı mütləqdir. Hökumətlər bu təşəbbüsləri təbliğ etməli, yaşıl texnologiyaların tətbiqini təşviq etməlidirlər. Çünki yaşıl texnologiyalar özləri yüksək maliyyə tələb edir və yalnız həm dövlətin, həm də özəl sektorun dəstəyi ilə geniş yayılmaq imkanına malikdir”, - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, Nyu-York və Berlin kimi şəhərlərdə bu sahədə maarifləndirmə tədbirləri geniş həyata keçirilir: “Bu nümunələr göstərir ki, həm ictimaiyyətin məlumatlandırılması, həm də texnologiyaların tətbiqi iqlim siyasətinin uğurlu olmasında həlledici rol oynayır. İnanırıq ki, hökumətlər, özəl sektor və cəmiyyət birgə çalışdıqda daha dayanıqlı, yaşıl və sabit gələcək üçün əhəmiyyətli addımlar atıla bilər”.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in istinad mənbəyi olduğunu diqqətə çatdıran Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva burada vahid vizyon müəyyənləşdirildiyini qeyd edib: "Eləcə də əsas məsələlərdən biri iqlim dəyişikliyinin təsirləri ilə mübarizədir. Strategiyada istixana qazlarının azaldılması, yeni texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrinin işə salınması və xüsusən də işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların tətbiqi, su resurslarından səmərəli istifadə və s. qeyd olunur. Həmin tədbirlər ətraf mühit texnologiyaları ilə mümkün ola bilər. Artıq öhdəliklər də müəyyənləşdirilib. Xüsusilə də innovativ təşəbbüslər, yaşıl enerji texnologiyası, dayanıqlı kənd təsərrüfatı, ağıllı texnologiyalara əsaslanan kənd konseptleri vasitəsilə Azərbaycanın Qarabağ zonasının sıfır emissiyalı zonaya çevrilməsi hədəflənir. Bu da neçə hektar torpaq sahəsinin əhatə edilməsi deməkdir".
Nazir müavininin sözlərinə görə, yaşıl keçid real hədəflər üzərində qurulmalıdır. “Bu, bizim üçün əsas hədəfdir. Sosial-iqtisadi siyasət strategiyası çərçivəsində Azərbaycan 2022-2026-cı illərdə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən hədəflər müəyyənləşdirilib. 70 faizə yaxın müsbət tendensiya əldə olunub. Bu hesabat dövrü üçün kifayət qədər böyük nailiyyətlərin olduğunu görürük. İndi isə növbəti faza: 2026-2030-cu illər üçün hazırlıqlar gedir. İqlim dəyişikliyi fəaliyyətlərinin müzakirəsi aparılır. Fəaliyyət planı və strategiya haqqında işlər gedir. Xüsusilə də dayanıqlı meşə idarəçiliyi və yaşıllıqların artırılması, hidrometeoroloji monitorinq xidmətinin genişləndirilməsi, eyni zamanda, havanın keyfiyyətinin artırılması, Xəzər dənizinin ətraf mühitinin qorunması, tullantıların idarəolunması, torpaq resurslarından səmərəli istifadə, müxtəlifliyin təmin edilməsi və digər ətraf mühitə nəzarət mexanizmlərinin işə salınması istiqamətlərində tədbirlər həyata keçirilir”, - deyə o diqqətə çatdırıb.
BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı çox effektiv işlər gördüyünü qeyd edib. "Buna görə Azərbaycan Prezidentinə çox təşəkkür edirəm. İqlim dəyişikliyi mürəkkəb məsələdir, çoxlu çıxışlar var. COP29-dan indiyədək qarşımızda olan vəzifələr barədə məlumatlıyıq. İqlim dəyişikliyi ilə bağlı maliyyə vəsaiti təmin edilməlidir. Həmin vəsait 1,3 trilyon dollar olmalıdır ki, iqlim dəyişikliyi ilə effektiv mübarizə aparıla bilsin. Bu məsələ ətrafında fikir mübadiləsi aparılmalı, fəaliyyətimizi elə qurmalıyıq ki, iqtisadiyyata töhfə verək. Burada geosiyasi məsələ də var. Biz bu mürəkkəb məsələdə həmrəylik nümayiş etdirməliyik. Paris müqaviləsi çərçivəsində fəaliyyət göstərməli, milli səviyyədə töhfələr verməliyik. Bu illər ərzində nailiyyətlər olsa da, səylər davam etməlidir. Maliyyəni də vəziyyətə adaptasiya etməliyik. Dəm qazı buraxılışını 2019-cu ilə nisbətdə azaltmışıq. Alternativ enerji mənbələrinə sərmayə yatırmalıyıq. Həmin enerji mənbələrinə keçid etməliyik. Keçid məsələsinə diqqət yetirilir. Biz iqlim dəyişikliyi ilə mübarizədə bərabər, müştərək məsuliyyət daşımalıyıq. İnteqrasiya şəklində ətraf mühiti sənayenin zərərlərindən qorumalıyıq. Keçid zamanı riskləri nəzərə almalıyıq. Bərabər olmalı, emissiya qarşısında böyük mübarizə aparmalıyıq. Bununla daha təhlükəsiz və parlaq gələcək qura bilərik", - deyə o vurğulayıb.
“NDC Partnership”in ölkələrlə əlaqələr üzrə direktor müavini Estefania Ardila Robles NDC (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr - red.) tərəfdaşlığının məqsədinin Paris Sazişinin 2030-cu ilə qədərki gündəmini Davamlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq və NDC-nin ikitərəfli və çoxtərəfli donor proqramları vasitəsilə həyata keçirilməsi üçün əlaqələndirmək olduğunu bildirib. "Biz mövcud olan boşluqları aradan qaldırmaqdan ötrü bir çox ölkələrə və təşkilatlara kömək göstəririk. Bugünədək 29 ölkə NDC sahəsində dəstək alıb", - deyə direktor müavini qeyd edib.
Onun sözlərinə görə, hazırda NDC-lərin qiymətləndirilməsi aparılır. İlkin qiymətləndirmə onu göstərir ki, bir çox ölkələr artıq planlar təqdim ediblər.
Mərkəzi Asiya üzrə İqlim Dəyişikliyi və Dayanıqlılıq Xidmətlərinin rəhbəri Viktor Kovalenko aparılan müzakirələrin bir çox fəaliyyətlərə təsir göstərəcəyini qeyd edib: "Fikirlərin sistemləşdirilməsinə ehtiyac var. Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda iqlim dəyişikliyi ilə bağlı baxışlar Qərbi Avropadan, Amerika Birləşmiş Ştatlarından fərqlənir".
Özəl sektorların hökumətdən konkret hədəflər gözlədiyini deyən Viktor Kovalenko dekarbonizasiya məqsədlərinin təkcə dövlətin üzərinə düşməməli olduğunu bildirib.
Sessiya müzakirələrlə davam edib.