30 sentyabr 2025 01:58
97

III MDB Oyunları hər bir ürəkdə qələbə işığı yandıracaq

Azərbaycanın bu idman tədbirinə ev sahibliyi  onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək

Azərbaycanın təkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza atmasını şərtləndirir. Bu gün ölkəmizə hansı sahədən baxsaq inkişaf və tərəqqinin, zəngin təcrübənin şahidi olarıq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin 2003-cü ildə  xalın böyük əksəriyyətinin səsini qazanaq Prezident seçilməsindən sonra  əsas çağırışlardan biri iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasıdır. Bu məqsədə nail olmaq üçün Regional inkişaf proqramlarının icrasına start verildi. Bu günədək 4 Dövlət Proqramının icrası bölgələrin hərtərəfli inkişafına geniş imkanlar yaratdı. Bunu digər sahədər kimi, idmanın inkişafı içtiqamtəində də atılan addımlarda aydın görmək mümkündür. Ötən ilin  idman yekunlarına həsr olunan mərasimdə dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və 2024-cü ildə  Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik.  197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olundu və qonaqların məmnunluğu xüsusi qeyd edildi. Həmin mərasimdə diqqəti   Azərbaycanın növbəti böyük idman yarışına- III MDB Oyunlarına  ev sahibliyinə yönəldən cənab ilham Əliyev bildirdi ki, bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əgər biz 2015-ci ilin Avropa Oyunları ilə müqayisə etsək, o vaxt təqribən 5000-5500 iştirakçı var idi. Mərasimdə cənab İlham Əliyev bu çağırışı etmişdir: «Gəncə şəhərində  7000 iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün əlbəttə ki, şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Gələn ildən başlayaraq Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. Əlbəttə ki, biz təbii olaraq bu Oyunlara da hazırlaşırıq. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.»

Artıq həmin gün yetişdi. Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Tədbirdən əvvəl  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşdülər. Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izlədilər. Tədbirin ölkəmizin  təqdimatında, idmanın gələcək inkişafında rolundan bəhs etmədən öncə ölkəmizdə idmanın inkişafı istiqamətində atılan addımlara diqqət yönəldək.

Azərbaycan idman ölkəsidir. Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır.  Ümummilli Lider Heydər Əliyev  «İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur» fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən Ümummilli Lider  Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı  biri-birindən əhəmiyyətli addımların   Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman ölkəsi  kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə  yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə  keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman  sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

O da məlumdur ki,  ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə  konkret bir sahənin adı, eyni zamanda, əlamətdar hadisələr  ilə bağlanır. 2012-ci ilin «İdman ili» elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Sənəddə bu fikir öz əksini tapmışdı ki,  Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə  medala layiq görülməsi bunun əyani sübutudur.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir.  Əvvəldə də qeyd etdiyimiz kimi,  2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin Birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə İslam həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən  IV İslam Həmrəyliyi Oyunlarının  keçirilməsi də deyilənlərin təsdiqidir.

Təbii ki,  uğurlu nəticə əldə etmək üçün işlərin kompleks şəkildə görülməsi zəruridir.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşkilatçılığı ilə hər iki Oyunun yüksək səviyyədə təşkili beynəlxalq səviyyədə təqdir edildi. Dövlət başçısı İlham Əliyev çıxışlarında bildirir ki, Oyunların keçirilməsi, əlbəttə, böyük təşkilatçılıq məsələlərini də əhatə edir. Biz 2017-ci ildə  İslam Həmrəyliyi  Oyunlarını hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz.   

İlk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ərəfələrdə dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssislərinin ölkəmizə dəvət olunaraq,   yerli mütəxəssislərimizlə birgə səyləri nəticəsində hazırlıq işləri yüksək səviyyədə təşkil edildi. Qısa zamanda görülən işlər dünyanı heyrətləndirdi. Hər iki Oyunlar  bu heyrətə səbəb olan məqamlarla yadda qaldı. Hazırlığın səviyyəsini daim yüksək qiymətləndirən Beynəlxalq və Avropa Olimpiya komitələrinin nümayəndələri bu inamı ifadə edirdilər ki, Azərbaycan idman ölkəsi olaraq bu tədbirləri ən yüksək səviyyədə keçirmək imkanlarına malikdir. Yeni idman mərkəzləri tikilib istifadəyə verildi. Onlar  paytaxtımızın simasına xüsusi gözəllik verməklə beynəlxalq standartlara tam uyğun avadanlıqlarla təmin olundu.

Hər bir uğurlu nəticə yeni hədəflərə böyük stimuldur. Dövlət başçısı İlham Əliyev daim bu tezisi irələ sürür ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Son 22 ilin  reallıqlarına nəzər salanda Azərbaycanın bütün sahələrdə təkmil təcrübəyə malik olduğunu, hər zaman yeniliyə maraq göstərdiyini, hər bir yeni təcrübənin ölkəmizdə tətbiqini əsas hədəf kimi qarşıya qoyduğunu böyük əminliklə qeyd edə bilərik. Uğurlarımız, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bu baxımdan ki, iqtisadi tərəqqinin hər bir ölkənin hərtərəfli inkişafında əsas amil olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hər bir sahədə konkret proqramın icrasını uğurla həyata keçirməyə şərait yaratdığını böyük əminliklə qeyd edə bilərik. Bakı və Bakıətrafı qəsəbələrin, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həm paytaxt Bakıda, həm də bölgələrdə  idman kompleksləri tikilib istifadəyə verilib. Bu idman kompleksləri gənclərin idmanın hər biri növünə dərindən yiyələnmələrinə geniş imkanlar açır. Həmçinin gənclərin sağlam ruhda tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədilə onların asudə vaxtlardan səmərəli istifadə etməsində də bu idman komplekslərinin əhəmiyyəti böyükdür.

Son  beş  ilin qürurverici məqamlarından biri azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bu ərazilərimizdə də idman infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Qeyd edək ki, 2023-cü ilin dekabrında  xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Dövlətimizin başçısı İlham Əliyev  oyundan əvvəl stadionda çıxışı zamanı bildirdi ki, biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın uğurlarından böyük qürur hissi ilə bəhs edilir, hədəflər açıqlanarkən işğaldan azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir.

Tarixi Zəfərimizin reallıqlarından biri budur  ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev  bildirir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Beş ildir idmançılarımız qalib Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin idman yarışlarında da özünü ifadə etməsi üçün  səylərini daha da artırırlar. Dövlət başçısı ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı da etdi ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. 

III MDB Oyunlarına qədər hazırlıq prosesi də yüksək səviyyədə həyata keçirildi. Cənab İlham Əliyev ötən ilin iyul ayında «III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında» Sərəncam  imzaladı. Sənəddə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildiyi önə çəkilərək bu əminlik ifadə edildi ki,  Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək.

III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək.  Oyunlar «Hər qəlbdə bir qələbə» şüarı  altında Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunacaq.

Dövlət başçısı İlham Əliyev III MDB Oyunlarının açılışından öncə  sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi. Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək. Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Açılış mərasimində də bu məqamlara bir daha diqqət yönəldildi ki. son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür. Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm də paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə də bağlıdır.

Prezident İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının  açılışında iştirak etdi. Görülən bu kimi işlər dövlət başçısı İlham Əliyevin yuxarıda qeyd etdiyimiz «Həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin» çağırışının reallıqda əksini tapmasına xidmət edir.

Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.  Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir. Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub. Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür. Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb. Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub. Bütün bunlar, eyni zamanda,  Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyev  sentyabrın 27-də Gəncə Stadionunun açılışında iştirak etdi.  Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında stadionun tikintisi ilə bağlı Sərəncam imzalamışdı.  Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulmuşdu. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış oldular.

Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimində III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək  bildirdi ki, bu gündən etibarən Gəncə və daha altı şəhərimiz – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edəcək. On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır. Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək.  Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir. İrimiqyaslı idman yarışlarının ölkənin regionlarında təşkilinə göstərdiyi qayğıya və verdiyi dəstəyə görə Azərbaycan  Prezidentinə dərin minnətdarlığımızı ifadə edirik.

Təşkilat Komitəsi olaraq bu əminlik də ifadə olundu ki,  şəhərlərimiz MDB Oyunlarının keçirilməsinə, idmançıları azərbaycanlılara xas qonaqpərvərliklə qəbul etməyə tam hazırdır. Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq.

Mərasim iştirakçılarını salamlayan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov isə vurğuladı ki, xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir. MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəylik simvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə gün ərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların və tamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına ev sahibliyi edəcək. Gənclərin çoxsaylı çağırışlarla üz-üzə qaldığı dövrdə idman zamanla sınaqdan keçmiş bir yolu – intizam, məqsədyönlülük və sağlam həyat tərzi yolunu təşviq və təklif edir. Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm də istənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.  III MDB Oyunları Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

İdmançıların və onların məşqçilərinin andiçmə mərasimindən sonra   Prezident İlham Əliyev III MDB Oyunlarını açıq elan etdi.

Gəncə şəhəri III MDB Oyunlarının “İdman Paytaxtı” seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edildi. Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub. Xatırladaq ki,  I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.

Yeganə Əliyeva, «İki sahil»