14 noyabr 2026 20:51
205

Təhsil və milli kimlik fenomeninin konseptual əsasları  

Yapon təhsil modeli

Yaponiya təhsil modeli milli kimliyin qorunması məsələsinə daha fərqli yanaşan bir sistemdir. Burada məktəb insanın cəmiyyətə münasibətini formalaşdıran, davranış mədəniyyətini öyrədən və kollektiv düşüncə hissini inkişaf etdirən sosial mühitdir. Yaponiyada təhsil fərdi uğurdan daha çox ictimai məsuliyyət anlayışı ilə əlaqələndirilir. Əsas məqsədlərdən biri şagirdin cəmiyyət daxilində uyğun davranmağı bacaran fərd kimi yetişdirilməsidir.

Yaponiyanın müasir təhsil sistemi XIX əsrin ikinci yarısında baş verən modernləşmə prosesləri ilə sıx bağlıdır. Meiji Restorasiyası dövründə ölkə Qərb təcrübəsini öyrənməyə başlasa da, milli ənənələrin qorunması əsas prinsip kimi saxlanıldı. Dövlət texnoloji inkişafın yalnız iqtisadi dəyişikliklə mümkün olmadığını, bunun ortaq düşüncə sistemi və sosial birliklə bağlı olduğunu dərk edərək təhsili məhz bu əlaqələrin tam mərkəzində saxladı.

İkinci Dünya müharibəsindən sonra Yaponiyada təhsil sistemində ciddi dəyişikliklər edildi. Müharibədən sonra yeni kurikulum fərdin azad inkişafı, vətəndaş məsuliyyəti və demokratik düşüncə prinsiplərinə əsaslandı. Bununla yanaşı, milli mədəniyyətin qorunması istiqaməti də saxlanıldı. "Dəyişmək, lakin özünü itirməmək" yapon modelinin əsas meyarına çevrildi.

Yaponiyada müəllimə münasibət də fərqlidir. Müəllim davranış nümunəsi və ictimai nüfuz sahibi kimi qəbul edilir. Bu səbəbdən məktəbdə münasibətlər hörmət və etibar üzərində qurulur.

Müasir dövrdə Yaponiya yüksək texnologiya və qlobal inteqrasiya ilə tanınsa da, təhsil sistemi milli kimlik məsələsini arxa plana keçirmir. Əksinə, yeni biliklər və qlobal bacarıqlar milli dəyərlərlə paralel şəkildə təqdim olunur. Bu model göstərir ki, modernləşmə milli kimliyin zəifləməsi demək deyil, uyğun təhsil siyasəti olduqda ənənə ilə yenilik eyni sistem daxilində yaşaya bilir.

Təhsilin yapon modeli göstərir ki, milli kimlik gündəlik sosial təcrübə, davranış etikası və kollektiv məsuliyyət hissi ilə sinxronluq təşkil edir və bu modelin əsas gücü ondadır ki, qloballaşmanı milli kimlik üçün təhlükə qəbul etmir. Əksinə, yeni bilik və bacarıqları milli dəyərlərlə uyğunlaşdıraraq ənənə ilə modernliyi eyni sistem daxilində birləşdirir. Bu yanaşma təhsilin gələcəyə hazırlıq vasitəsi olmaqla  cəmiyyətin özünü qoruma və yenidən qurma mexanizmi kimi təsdiq edir.

Sovet təhsil sistemi  

XX əsrdə sovet təhsil sistemi milli kimliklərin formalaşmasına təsir göstərən ən geniş və mərkəzləşdirilmiş modellərdən biri hesab olunur. Bu sistemdə təhsil dövlət ideologiyasının yayılması, sosial davranış normalarının formalaşdırılması və vahid kollektiv mənsubiyyət anlayışının yaradılması üçün istifadə olunan əsas vasitələrdən biri kimi fəaliyyət göstərirdi. 

Bu strukturun nəzəri izahını italyan filosofu və siyasi nəzəriyyəçi Antonio Gramsci belə verir: "Dominant ideologiya yalnız zor vasitəsilə deyil, həm də mədəni hegemonluq vasitəsilə cəmiyyətin şüuruna yerləşdirilir". O hesab edirdi ki, təhsil sistemi dominant ideologiyanın sosial norma kimi sabitləşməsini təmin edən əsas vasitədir.

Sovet təhsil modelinin ideoloji konsolidasiyası həm də milli intellektual mühitlərin nəzarət altına alınması ilə də müşayiət olunurdu. Bu kontekstdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay mühüm intellektual hadisə kimi çıxış edir. Qurultay türk xalqları arasında dil, əlifba və mədəni yaxınlaşma ideyalarını elmi müstəvidə formalaşdıran platforma idi. Sonrakı mərhələdə bu təşəbbüslər mərkəzləşdirilmiş ideoloji sistem baxımından alternativ inteqrasiya modeli kimi qiymətləndirildi və tədricən məhdudlaşdırıldı.

1930-cu illərdən etibarən Sovet İttifaqında genişmiqyaslı siyasi repressiya dalğası formalaşdı. Bu prosesdə təhsil və elmi mühitdə fəaliyyət göstərən ziyalı təbəqə sistemli şəkildə nəzarət altına alındı. Lavrentiy Beriyanın rəhbərliyində formalaşan təhlükəsizlik aparatı repressiya mexanizmlərinin əsas icraedici strukturlarından biri idi. Bu sistem siyasi nəzarət funksiyası olmaqla yanaşı, intellektual sahənin ideoloji filtrasiya mexanizmi kimi də çıxış edirdi.

Azərbaycan mühitində bu proses bir sıra görkəmli ziyalıların taleyində öz əksini tapdı. Mikayıl Müşfiq 1937-ci il repressiya dalğasında "əks-inqilabi fəaliyyət" ittihamı ilə güllələndi. Hüseyn Cavid "pantürkist ideyaların təbliği" ittihamı ilə həbs edilərək Sibirə sürgün olundu və orada vəfat etdi. Əhməd Cavad "millətçilik" və "antisovet fəaliyyət" ittihamları ilə repressiyaya məruz qaldı. Bu cinayət işləri sovet istintaq sistemində ideoloji meyarlara əsaslanan hüquqi konstruksiyalar kimi formalaşdırılırdı.

Bu prosesin daha geniş nəticəsi Azərbaycan intellektual mühitində struktur dəyişiklikləri yaratması idi. Ziyalı təbəqənin bir hissəsi fiziki olaraq məhv edilirdi, digər hissəsi ideoloji uyğunlaşma çərçivəsində fəaliyyətini davam etdirməyə məcbur qalırdı. Beləliklə, elmi və ədəbi düşüncə xəttində davamlılıq qırılır, fikir cərəyanları selektiv şəkildə formalaşırdı.

XX əsrin son mərhələsində, xüsusilə, 1980-ci illərin sonu və 1991-ci il ərəfəsində ideoloji monolitlik zəifləməyə başladı. Milli dillərin və mədəni komponentlərin rolu artdı, təhsil sistemi daxilində milli kimliklər yenidən aktuallaşdı. Bu proses sovet ideoloji modelindən milli dövlətçilik mərhələsinə keçidin intellektual əsaslarını formalaşdırdı.

Beləliklə, sovet təhsil sistemi milli kimliyin formalaşmasında həm inteqrasiyaedici, həm də transformasiyaedici ideoloji mexanizm kimi çıxış etmişdir. Bu modeldə kimlik çoxqatlı strukturda saxlanılır, lakin üstün identiklik kimi vahid siyasi-sosial çərçivə formalaşdırılırdı.

Azərbaycan təhsil sistemi və gözləntilər Zəfər kontekstində

Müasir Azərbaycan dövlətinin inkişaf siyasətində təhsil sistemi dövlətin uzunmüddətli dayanıqlığını təmin edən əsas istiqamətlərdən biri hesab olunur. Təhsilə bu şəkildə yanaşılması insan kapitalının inkişafı ilə yanaşı, ictimai sabitliyin qorunmasına, strateji düşüncə qabiliyyətinin güclənməsinə və dövlətçilik şüurunun formalaşmasına mühüm təsir göstərir. Təhsil həm də təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Burada söhbət təkcə hərbi təhlükəsizlikdən getmir, informasiya axınları, sosial sabitlik, mədəni davamlılıq və vətəndaş şüuru da bu çərçivəyə daxildir. Bu mənada təhsil sistemi dövlətin "yumşaq güc" elementlərindən biri kimi formalaşır. 

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttində təhsil həmişə xüsusi yer tutub. O, təhsili milli təhlükəsizliyin əsas dayaqlarından biri kimi görür və gələcəyin savadlı, milli ruhlu kadrlarla qurulacağını vurğulayırdı. Onun məşhur "Təhsil millətin gələcəyidir" fikri bu yanaşmanın ən qısa ifadəsidir. Sovet dövründə minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərə göndərilməsi də məhz bu strateji baxışın tərkib hissəsi idi.  1970-1980-ci illərdə Azərbaycandan minlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi milli kadr potensialının formalaşdırılması istiqamətində uzunmüddətli dövlət siyasətinə çevrilməsi də gələcək müstəqil dövlətçilik modelinin intellektual bazasının hazırlanmasına xidmət edirdi. Yaponiyada tələbələrlə görüşü zamanı "Dilinizi, dininizi, milli adət-ənənələrinizi unutmayın. Öz milli köklərinizə bağlı olun" söyləməsi Ümummilli Lider Heydər Əliyevin təhsil və milli kimlik arasındakı əlaqənin nə qədər sinxron olduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu yanaşma daha aydın strateji istiqamət qazanmış, təhsil siyasəti Azərbaycanın uzunmüddətli inkişaf məqsədləri ilə daha sıx əlaqələndirilmişdir. Təhsil sahəsində aparılan dəyişikliklər proqram və infrastruktur yenilənməsi ilə birgə cəmiyyətin gələcək ehtiyaclarına cavab verən insan potensialının formalaşdırılmasına yönəlmişdir. Rəqəmsal texnologiyaların tətbiqi, innovasiya mühitinin genişlənməsi və elmi tədqiqat imkanlarının artırılması bu siyasətin əsas istiqamətləri sırasında yer almışdır.

Bu gün təhsil iqtisadi inkişafın tərkib hissəsi kimi qiymətləndirilir. Çünki müasir dövrdə güclü iqtisadiyyat  təbii resurslara yanaşı, bilik və bacarıqlara əsaslanan insan kapitalına da ehtiyac duyur. Bu baxımdan məktəb və universitetlər əmək bazarının tələblərinə uyğun düşünən, texnologiyadan istifadə etməyi bacaran, eyni zamanda milli dəyərlərə bağlı vətəndaşların hazırlanmasında mühüm rol oynayır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində də insan kapitalının inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Burada əsas məqsəd peşəkar kadr hazırlamaq, eyni zamanda dəyişən dünyaya uyğunlaşa bilən, təşəbbüskar, sosial məsuliyyət hissi olan və ölkənin inkişafında iştirak edən fərdlərin yetişdirilməsidir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin və təhsil mühitinin qurulması həmin bölgələrin sosial və mədəni həyatının yenidən formalaşdırılması kimi də qiymətləndirilə bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən humanitar siyasət təhsilin sosial təhlükəsizlik komponentini gücləndirir. Təhsil infrastrukturunun inkişafı, regionlarda məktəb şəbəkəsinin genişləndirilməsi və mədəni irsin qorunmasına yönəlmiş layihələr sosial bərabərliyin təmin olunmasına və regionlararası inkişaf fərqlərinin azaldılmasına xidmət edir. Bu proses sosial inteqrasiyanı gücləndirməklə yanaşı, dövlətin daxili sabitlik potensialını artırır.

Möhtəşəm Zəfərimizdən sonrakı mərhələdə milli kimliyin möhkəmləndirilməsi prosesi çox əhəmiyyətli hadisə olaraq xüsusi diqqət tələb edir. Bu dövr təhsil üçün ayrıca mənəvi və ideoloji məsuliyyət yaradır. Bu mərhələdə əsas məsələ Zəfərimizi yalnız tarixi hadisə kimi saxlamaq yox, onu ictimai şüurun daimi hissəsinə çevirməkdir. Burada təhsil sistemi xüsusi rol oynayır. Zəfərin təhsildə təqdimatı təkcə tarix dərsi məsələsi yox, həm də identiklik məsələsidir.

Zəfərin təhsilə inteqrasiyası onun emosional çərçivədən çıxaraq düşüncə səviyyəsinə yüksəlməsini təmin edir. Qürur hissi yalnız duyğu kimi qaldıqda zəifləyə bilir, amma təhsil vasitəsilə bu hiss daha sabit və davamlı bir ideyaya çevrilir.

Kollektiv yaddaş nəzəriyyələrində də göstərilir ki, cəmiyyət öz keçmişini daim yenidən qurur. Milli kimlik nəzəriyyələrində kollektiv yaddaş anlayışı cəmiyyətin özünü anlama mexanizmi kimi xarakterizə olunur. Fransız sosioloqu Moris Halbvaks (Maurice Halbwachs) göstərirdi ki: "Fərdi yaddaş yalnız sosial çərçivələr daxilində mövcuddur, kollektiv yaddaş isə cəmiyyətin özünü davamlı olaraq yenidən qurma mexanizmidir". Belə yanaşma şanlı Zəfərimizin təhsil sistemində xüsusi metodoloji yanaşma ilə təqdim edilməsinin əhəmiyyətini ortaya qoyur. Çünki qələbə tarixi fakt olmaqla yanaşı, milli mənəvi strukturun formalaşdırılmasına təsir edən mühüm simvolik hadisə kimi çıxış edir.

Bu kontekstdə təhsildən gözləntilər odur ki,  möhtəşəm Zəfərimizi informativ bilik səviyyəsindən  fəlsəfi və siyasi düşüncə kateqoriyasına çevirməyi öhtəsinə götürsün. Bunun üçün məktəb və universitetlərdə Zəfərimiz, ona aparan siyasi iradə, sosial birlik, milli həmrəylik, vətəndaş məsuliyyəti və dövlətçilik konsepsiyası sistemli şəkildə təhlil olunmalıdır. Həmçinin bu prosesin milli psixologiyada yaratdığı dəyişiklikləri də cəmiyyətə izah etməlidir. Məhz bu yanaşma ilə fərdlərin keçmişə münasibətini passiv müşahidədən aktiv identifikasiya mərhələsinə keçirmək olar. Zəfərimizin təhsil müstəvisində inteqrasiyası milli kimliyin emosional komponenti ilə intellektual komponenti arasında əlaqə yaradacağı şübhəsizdi. Qələbə ancaq hiss olunan duyğu formasında saxlanılarsa, zamanla emosional zəifləmə riski ilə qarşılaşar. Təhsil isə həmin duyğunu konseptual düşüncəyə çevirərək onun uzunmüddətli sosial təsirini qorumaq gücünə malikdir. Bu səbəbdən Zəfər anlayışı məktəb mühitində dövlətçilik fəlsəfəsinin praktik nəticəsi kimi təqdim olunmalıdır. Qələbənin milli qürura çevrilməsi prosesi məhz təhsildən başlamalıdı, çünki milli qürur cəmiyyətin öz potensialına inamını gücləndirən, gələcəyə yönəlmiş fəaliyyət motivasiyası yaradan və kollektiv məsuliyyət hissini artıran sosial-psixoloji kateqoriyadır. Qalibiyyətin qürura transformasiyası cəmiyyətin özünə inamını sabitləşdirir, milli inkişafın mənəvi bazasını möhkəmləndirir və dövlətçilik düşüncəsini dərinləşdirir. Düşünürəm ki, belə yanaşma məktəb mühitində formalaşan "qalibiyyətdən-qürura" düşüncə modeli gələcək nəsillərin dövlətə münasibətini formalaşdırar, milli maraqları yüksəldər və kollektiv dəyərlərlə əlaqəsin dərinləşdirər.

Belə yanaşma olarsa, Qələbəmiz xalqımızın sürunda yalnız keçmiş hadisə kimi qalmayacaq, eyni zamanda milli inkişafın gələcək trayektoriyasını müəyyən edən ideoloji baza rolunu oynayacaq.

Müqayisəli baxanda görünür ki, təhsilə baxış müxtəlif yanaşmaları özündə ehtiva edir. Hər ölkə onu öz tarixi, siyasi təcrübəsi və cəmiyyətin ehtiyaclarına görə formalaşdırıb. Ona görə də müasir dünyanın qüdrətli dövlətləri sırasında yer alan Azərbaycan təhsil sistemini formalaşdırarkən, bu modellərin işlək tərəflərini tarixi keçmiş və mental dəyərlər sistemimizə uyğun olanlarını seçməlidir.

Belə qənaətə gəlmək olar ki, alman təcrübəsindən götürülə bilən əsas xətt tarix və dövlətçilik şüurunun ardıcıl, məntiqi bir inkişaf kimi öyrədilməsidir. Yəni şagird tarixə təkcə keçmiş hadisələr kimi baxmamalı, onun bugünkü dövlət düşüncəsinə necə gəlib çıxdığını hiss etməlidir. Bu, milli kimliyi daha dərin və düşünülmüş şəkildə möhkəmləndirir.

Fransız modelində isə vətəndaşlıq ideyası ön plandadır. Orada məktəb həm də insanın necə davranacağını öyrəndiyi məkandır. Azərbaycan üçün də bu vacibdir: şagird öz hüququnu bildiyi kimi, məsuliyyətini də dərk etməlidir. Bu balans olmayanda milli kimlik daha çox şüar səviyyəsində qalır.

Sovet təcrübəsinin müsbət tərəfi kimi isə təhsilin geniş kütlələrə açılması və sosial yüksəliş imkanı yaratması qeyd oluna bilər. Bu yanaşma ideoloji yükdən təmizlənib bərabər təhsil imkanları və regionlar arasında fərqin azaldılması formasında davam etdirilə bilər. Bu, milli kimliyin "hamıya aid" hissini gücləndirir.

Yapon modeli isə tamam başqa bir məqamı göstərir: milli kimlik təkcə dərsdə öyrədilmir, gündəlik davranışda yaşayır. İntizam, qarşılıqlı hörmət, kollektiv məsuliyyət - bunlar məktəbin içində formalaşanda cəmiyyətin bütövlüyü də daha dayanıqlı olur.

Bu dörd xətt bir araya gələndə Azərbaycan təhsilinin əsas istiqaməti də aydın görünür: tarixdən gələn yaddaşı qorumaq, vətəndaşlıq şüurunu gücləndirmək, təhsili hamı üçün əlçatan saxlamaq və davranış mədəniyyətini məktəbin içində formalaşdırmaqla daha da inkişaf etdirmək. Bu çərçivədə möhtəşəm Zəfərimiz ayrıca bir dönüş nöqtəsi kimi təqdim olunmalıdır. Düzgün yanaşma ilə Zəfərimizi zamanla qürura çevirməli - yəni emosional hissdən çıxıb düşünülmüş milli kimlik elementinə dönməkdir. Bu keçid çox vacibdir, çünki qürur hissi cəmiyyətin öz gələcəyinə inamını sabitləşdirir. Bu  qarşıdakı qələbələrin açarı ola bilər.

Ümumiləşdirsək, bu qənaətə gələ bilərik ki, Azərbaycan təhsili bu modellərdən hər birinin işlək mexanizmlərini bir sistemdə birləşdirməlidir. Elə bir balans qurulmalıdır ki, milli kimlik həm tarixdən qidalansın, həm vətəndaşlıqla güclənsin, həm sosial ədalətlə genişlənsin, həm də gündəlik davranışda yaşasın. Bu halda Zəfər də sadəcə bir tarix yox, davam edən milli şüurun dayağına çevrilər.

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri