25 sentyabr 2025 22:58
120

Bu gün Azərbaycan əsas söz sahiblərindən biridir

Sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası qlobal gündəlikdə mühüm yer tutdu. Bu yubiley sessiyası dünya ölkələrini bir araya gətirərək, beynəlxalq ictimaiyyətin qarşısında duran sülh, təhlükəsizlik, davamlı inkişaf və iqlim dəyişikliyi kimi həyati məsələlərin müzakirəsinə imkan yaratdı. Sessiyada dövlət və hökumət başçıları, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, çağdaş dünyanın üzləşdiyi çağırışlar və onlara qarşı birgə mübarizə yolları haqqında fikirlərini bölüşdülər. Xüsusilə, davam edən silahlı münaqişələr, qlobal ərzaq  böhranı, enerji təhlükəsizliyi ilə bağlı çətinliklər, yoxsulluğun azaldılması, bərpaolunan enerji mənbələrinin təşviqi və rəqəmsal transformasiya kimi məsələlər əsas müzakirə mövzularından biri oldu. Yubiley sessiyası, həmçinin BMT-nin fəaliyyətinin qiymətləndirilməsi və təşkilatın gələcək islahatları ilə bağlı geniş debatlara da meydan verdi. Azərbaycan da bu sessiyada fəal iştirak edərək, öz mövqeyini və prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırdı. Ölkəmizin regional təhlükəsizlik, enerji əməkdaşlığı və dayanıqlı inkişaf sahəsindəki təşəbbüsləri yüksək qiymətləndirildi. Azərbaycanın BMT-nin 80 illik yubiley tədbirində təmsil olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki artan rolunu və qlobal proseslərdə fəal iştirakını bir daha aydın şəkildə nümayiş etdirir. Bu iştirak ölkəmizin yalnız regional deyil, eyni zamanda, beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqi sahəsindəki mövqeyini və təşəbbüslərini BMT tribunasından ifadə etmək imkanlarını uğurla dəyərləndirdiyini göstərir. Azərbaycanın bu yüksək səviyyəli tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin beynəlxalq hüquqa, çoxtərəfli əməkdaşlıq prinsiplərinə və BMT-nin əsas məqsəd və vəzifələrinə sadiqliyinin bariz nümunəsidir. Bu, Azərbaycanın qlobal məsələlərə yalnız izləyici deyil, fəal tərəfdaş kimi yanaşdığını, milli maraqlarla yanaşı, ümumbəşəri dəyərlərin müdafiəsinə də töhfə vermək niyyətində olduğunu nümayiş etdirir.

Dövlət başçımızın Nyu-Yorka işgüzar səfəri həm ikitərəfli görüşlərin əhatə dairəsi, həm də beynəlxalq tribuna olan BMT Baş Assambleyasında planlaşdırılan çıxışı ilə beynəlxalq ictimaiyyətin diqqətindədir. Bu səfərin ən mühüm məqamlarından biri isə Prezidentin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdir. Prezident İlham Əliyevin “Brookfield Asset Management”, “Neuberger Berman”, “Blackstone” və digər nüfuzlu beynəlxalq investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri Azərbaycanın iqtisadi potensialına və investisiya mühitinə artan marağın göstəricisidir. Bu maliyyə institutlarının hər biri trilyonlarla dollarlıq kapitala nəzarət edir və qlobal iqtisadi sistemdə mühüm rol oynayır. Xüsusi qeyd olunmalı məqamlardan biri budur ki, bu görüşlər Azərbaycan tərəfinin təşəbbüsü ilə deyil, birbaşa qarşı tərəfin müraciəti əsasında təşkil olunub. Bu fakt  Azərbaycanın iqtisadi sabitliyinə, inkişaf strategiyasına və investorlar üçün cəlbedici imkanlar təklif etməsinə beynəlxalq maliyyə dairələrində göstərilən etimadın və marağın əyani sübutudur.

Ölkəmizin ABŞ-ın aparıcı investisiya şirkətləri və Avropa dövlətləri ilə formalaşan yeni əməkdaşlıqları  Azərbaycanın iqtisadi gələcəyi üçün bir neçə strateji üstünlük vəd edir. Birincisi bu əməkdaşlıqlar Azərbaycanın qlobal maliyyə və texnologiya axınlarına daha sıx inteqrasiyasını təmin edir. Belə bir inteqrasiya yalnız kapital yatırımı ilə məhdudlaşmır, eyni zamanda qabaqcıl idarəetmə təcrübələrinin, innovativ yanaşmaların və rəqəmsal transformasiya alətlərinin ölkəyə gətirilməsinə imkan yaradır. İkincisi,  yeni tərəfdaşlıqlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesini sürətləndirə bilər. Enerji sektoru ilə yanaşı, sənaye, yaşıl texnologiyalar, aqrobiznes, səhiyyə və maliyyə texnologiyaları kimi sahələrdə də sərmayə imkanlarının genişlənməsi, iqtisadiyyatın dayanıqlılığını artıracaq. Üçüncüsü, belə əməkdaşlıqlar Azərbaycanın beynəlxalq reytinqlərdə və investisiya cəlbediciliyi indekslərində mövqeyinin daha da möhkəmlənməsinə səbəb ola bilər. Bu isə gələcəkdə daha genişmiqyaslı layihələr üçün əlavə sərmayələrin cəlb edilməsini asanlaşdıracaq.  Qeyd edək ki, bu cür strateji tərəfdaşlıqlar  ölkəmizin regional liderlik mövqeyini gücləndirməklə yanaşı, enerji tranziti, logistika və ticarət qovşağı kimi rolunu daha da möhkəmləndirəcək. Dövlət başçımızın BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi görüşlər həm regional sülh gündəliyini, həm də qlobal maliyyə və enerji əməkdaşlığı məsələlərini əhatə edib. Səfərin diqqətçəkən məqamlarından biri isə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla səmimi söhbəti olub. Bu dialoq Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə həmin görüşə dair qısa bir video paylaşaraq, iki lider arasında açıq, dostyana və qarşılıqlı hörmət ruhunda aparılmış fikir mübadiləsini ictimaiyyətə təqdim edib. Bu münasibətlər ölkə rəhbərimizin dialoq və qarşılıqlı hörmətə əsaslanan xarici siyasət kursunun nəticəsi olaraq ortaya çıxıb. Dövlət başçımızın Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya, Bolqarıstan liderləri, eləcə də Avropa Şurasının Baş katibi ilə keçirdiyi görüşlər ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında təşəbbüskar rolunun bir daha təsdiqidir. Bu görüşlər, eyni zamanda, Azərbaycanın sülh gündəliyinə olan dəstəyi və marağı nümayiş etdirir. Dünya ictimaiyyəti, xüsusilə, Avropa və Afrika regionlarının siyasi rəhbərləri Azərbaycanın regionda həyata keçirdiyi konstruktiv və balanslaşdırılmış siyasəti, həmçinin sülhə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirirlər.

Bütün görüşlərdə avqustun 7-8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton sülh sammitində əldə olunan tarixi nailiyyətləri ilə yadda qaldı. Sammit çərçivəsində razılaşmaların əldə olunması və Azərbaycanla Ermənistan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində atılmış strateji əhəmiyyətli addım oldu. Bu tarixi sənəd bölgədə süni gərginlik yaratmağa çalışan xarici dairələrin, Ermənistandakı revanşist qüvvələrin, erməni lobbisinin və ümumilikdə Azərbaycanın inkişafına mane olmağa çalışan dairələrin planlarının iflasa uğradığını göstərdi. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə torpaqlarının işğalı dövründə belə həmişə münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verən, 44 günlük Vətən müharibəsindən dərhal sonra normallaşma və barışa nail olunması üçün təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasətinin məntiqi nəticəsidir. Bu sənəd, eyni zamanda, Azərbaycanın qətiyyətli, uzaqgörən və məsuliyyətli liderlik modeli ilə beynəlxalq səviyyədə tanınan sülh təşəbbüskarına çevrildiyini bir daha nümayiş etdirdi. BMT çərçivəsində keçirilən görüşlər zamanı xüsusilə, Finlandiya və Yunanıstan liderləri Azərbaycanın bu prosesdə oynadığı rolu “tarixi nailiyyət” kimi qiymətləndirərək, rəsmi Bakının dialoq və konstruktiv siyasətinə yüksək dəyər verdiklərini ifadə etdi. Bu kimi dəyərləndirmələr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq münasibətlərdə formalaşdırdığı sülh və sabitliyə əsaslanan siyasi kursunun uğurla nəticələndiyinin göstəricisidir. Bu yanaşma Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaş, sabitlik və əməkdaşlıq mənbəyi kimi nüfuzunu daha da möhkəmləndirir və ölkəmizin post-münaqişə dövründə sülh quruculuğunda öncül mövqe tutduğunu sübut edir.

Görüşlər zamanı müzakirə olunan məsələlər regional təhlükəsizlik, enerji əməkdaşlığı və çoxtərəfli əməkdaşlıq formatlarında əlaqələrin dərinləşdirilməsi kimi önəmli istiqamətləri əhatə etməklə, Azərbaycanın strateji tərəfdaş kimi önəmini bir daha ön plana çıxarır. Ümumilikdə Prezident İlham Əliyevin Nyu-York gündəliyi Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan güclənməsinin göstəricisidir. Bu cür diplomatik fəallıq, eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını dərinləşdirməyə hazır olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul edildi və bu addım ölkəmizin beynəlxalq ictimaiyyətə inteqrasiyasında mühüm rol oynadı. Azərbaycan BMT-nin 156-cı üzv dövləti kimi bu quruma qoşuldu. BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan, qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, regionda sülh və təhlükəsizliyin bərqərar olunması naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMT ilə 33 illik əməkdaşlıq çərçivəsində formalaşan qarşılıqlı etimada verdiyi dəyəri açıq şəkildə nümayiş etdirmişdir. Beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan BMT ilə əlaqələrin inkişafında mühüm uğurlara imza atıb. 2011-ci ildə BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq  2012-2013-cü illər üzrə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan  bu mühüm beynəlxalq platformada fəal iştirak etmişdir. Bundan əlavə, 2015-ci ildə BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edərək, bu sənəddə nəzərdə tutulan öhdəlikləri tam şəkildə yerinə yetirməsi Azərbaycanın qlobal səviyyədə qazandığı 33 illik etimadın bariz nümunəsidir. Bu kontekstdə BMT-nin və onun institutlarının effektivliyi, qlobal çağırışlara cavab vermək qabiliyyəti xüsusilə ön plana çıxır. Məhz bu səbəbdən, BMT-nin Baş katibi Antonio Quterreş və digər yüksək səviyyəli rəsmilər çıxışlarında təşkilatın bugünkü rolunun zəifləməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə edir və mövcud problemlərin həlli üçün islahatlar təklif edirlər.  Onlar qeyd edirlər ki, geosiyasi mənzərənin getdikcə daha da parçalanması BMT-nin fəaliyyətini xeyli çətinləşdirir. Bu gün bəzi ölkələrin beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə olan etimadının azalması əsas narahatlıq doğuran məsələlərdəndir. Bu hal BMT-nin qlobal sülh və təhlükəsizliyin təminindəki rolunu zəiflədir və təşkilatın qərarlarının icrasını daha da mürəkkəbləşdirir. Kibertəhlükəsizlik, süni intellektin tənzimlənməsi və iqlim dəyişikliyi kimi yeni çağırışlara qarşı BMT-nin mövcud mexanizmlərinin kifayət qədər effektiv olmaması da diqqətə çatdırılır. Bu çətinliklərin aradan qaldırılması və BMT-nin gücləndirilməsi üçün əsas yol çoxtərəfli (multilateral) sistemin bərpası və üzv dövlətlərin təşkilata olan sadiqliyinin artırılmasıdır. Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və səsvermə mexanizmlərinin yenilənməsi bu istiqamətdə irəli sürülən əsas təkliflərdəndir. Bu dəyişikliklər Şuranın daha demokratik və çevik fəaliyyət göstərməsinə imkan verə bilər. Eyni zamanda, müasir çağırışları əks etdirən yeni bir “Gündəlik”in hazırlanması da təklif olunur. Bu plan çərçivəsində gələcəkdə qlobal kibertəhlükəsizlik və süni intellektin tənzimlənməsi ilə bağlı beynəlxalq normaların formalaşdırılması nəzərdə tutulur. Təşkilatın maliyyə dayanıqlılığının artırılması və maliyyələşmə mexanizmlərinin üzv dövlətlərin fəaliyyətinə daha uyğun şəkildə qurulması da vacib hesab olunur. Bu təkliflər BMT-nin öz mövqeyini möhkəmləndirməsi və gələcək qlobal problemlərə daha effektiv cavab verə bilməsi istiqamətində atdığı vacib addımlar kimi qiymətləndirilir.

Şəmsiyyə Əliqızı, “İki sahil”