Dövlət başçısı İlham Əliyev ilk dəfə olaraq Bakının ev sahibliyi etdiyi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində onu da qeyd etmişdir ki, ölkəmiz hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır
Azərbaycanın iqtisadi, siyasi, humanitar və beynəlxalq mərkəz kimi tanınır. Bu faktın özü ölkəmizin hər bir sahədə zəngin potensiala və təcrübəyə malik olduğunu təsdiqləyir. Azərbaycanın təkmil inkişaf modelində də əsas hədəf hərtərəfli inkişafın təmin edilməsidir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın dünyaya bəlli olan iqtisadi imkanları barədə ətraflı məlumatı təbii ki, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri verir. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı, əməkdaşlığın coğrafiyasının gündən-günə genişlənməsini şərtləndirir. Bugünümüzün reallıqları daim dünənimizə qısa nəzər salmağı bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan ki, əgər hazırda yaşıl enerjiyə keçiddən bəhs ediriksə, bu, Azərbaycanın enerji diplomatiyasının uğurlu nəticəsidir.
Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir. 2030-cu ilədək respublikamızın «yaşıl artım» ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcək. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu məqsədlər üçün Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» və Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.
Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də potensialımız artacaq və bu, ixracatçı olaraq Azərbaycan, eyni zamanda, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.
Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər, əldə etdiyi nailiyyətlər artıq investorlara təqdim olunub. Ötən il paytaxt Bakının ev sahibliyi etdiyi COP29 Azərbaycan qarşısında yeni investisiyaların cəlbi üçün də əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın zamanlarda yaşıl enerjinin mühüm ixracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir.
Azərbaycanın son illərdə enerji sektorunda qazandığı uğurlar təbii ki, COP29 iqlim konfransına ev sahibliyi ilə bitmir. Son iki ilin əsas müzakirə mövzularından birinin məhz bu tədbir olduğu üçün onun təhlilinə daha çox diqqət yönəldilir. Qazanılan uğurlar Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində malik olduğu iqtisadi imkanlardan maksimum və səmərəli istifadəsini nümayiş etdirir. Azərbaycan qaz ixrac etdiyi ölkələrin coğrafiyası da genişlənir. Bu ilin avqust ayının 2-də qardaş Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanıldı. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 14-ə çatdı. Hansı ki, son aylara qədər Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 12 idi. Bunlar Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır. Qısa müddətdə bu sıraya daha iki ölkə - Ukrayna və Suriya da daxil oldu. Təbii ki, ölkələrin sayının 14 olması son deyil. Azərbaycan qazının alıcısı olan ölkələrin sayı getdikcə artır. Artıq yeni müraciətlər də var, bu istiqamətdə növbəti danışıqlar aparılır. Bu ilin iyulunda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev bildirdi ki, biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk.
Bu günlərdə ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da bütün bu məqamların açıqlanmasına, keçilən yolunun təhlilinə geniş imkanlar yaratdı. Cənab İlham Əliyev Forum iştirakçılarına müraciətində bildirdi ki, enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur. Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer aldı. Forum çərçivəsində ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya layihələrinə dair sənədlər imzalandı. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard dollardan çoxdur. Tədbir çərçivəsində imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyükmiqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.
Tədbir çərçivəsində SOCAR ilə "Italiana Petroli S.p.A." və "MIP S.p.A." arasında səhm alqı-satqısı Sazişi imzalandı. Saziş Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunun möhkəmlənməsinə, Avropa bazarına birbaşa çıxış imkanlarının artmasına, dəyər zəncirinin genişlənməsinə və logistika üstünlüklərinin güclənməsinə mühüm töhfələr verəcək. Azərbaycanın beynəlxalq investor kimi artan gücünü nümayiş etdirən bu əməkdaşlıq SOCAR-ın dərin bilik və təcrübəsinə göstərilən etimadın bariz nümunəsidir.
Adıçəkilən Forumun mövzusuna diqqət yetirdikdə görürük ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqenin tranzit imkanların genişlənməsində oynadığı rol da diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Ölkə Prezidenti bu reallığı da açıqlayır ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanılıb. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırılmağa başlandı. Eyni zamanda, qonşularla da bağlantı körpüləri quruldu: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.»
Ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.
Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın tranzit imkanlarının təqdimatında da öz sözünü dedi. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpaolunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir. Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində onu da qeyd etdi ki, ölkədə hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda, dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.
Dövlət başçısı İlham Əliyevin Nyu-Yorka səfəri çərçivəsində qarşı tərəflərin müraciəti əsasında keçirdiyi görüşlərdə də Azərbaycanın iqtisadi imkanlarına xüsusi diqqət yönəldildi. Aparıcı investisiya şirkətlərinin rəhbərləri bu məqamı xüsusi qeyd etdilər ki, Azərbaycanın strateji coğrafi mövqeyi və dayanıqlı inkişaf prioritetləri infrastruktur sahəsində uzunmüddətli investisiyalar üçün mühüm imkanlar yaradır. Enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduqlarını qeyd edən həmin şirkətlərin rəhbərləri vurğuladılar ki, ölkənizdə investorlar üçün sabit və əlverişli mühit mövcuddur.
Yeganə Əliyeva, «İki sahil»