22 sentyabr 2025 16:18
124

4SİM bu il də INMerge İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

29-30 sentyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində regionun ən böyük innovasiya tədbirlərindən biri olan INMerge İnnovasiya Sammiti keçiriləcək. Bu il sammitdə Microsoft, OpenAI, Netflix, Pixar, Amazon, NVIDIA, TikTok, Harvard Busines School və IE University kimi aparıcı şirkət və universitetlərin tanınmış mütəxəssisləri çıxış edəcək. İnMerge 2025 gələcək texnologiyalar və sənaye 4.0 sahəsində ən son trendlərlə sıx bağlı olacaq.

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “PAŞA Holdinq”-in təşkilatçılığı ilə keçirilən sammitin artıq 3-cü ildir ki, əsas tərəfdaşıdır.

Sammitin ilk günündə rəsmi açılış mərasimindən sonra 4SİM tərəfindən 2 panel sessiyası və 3 beynəlxalq ekspertin təqdimatlarından ibarət “Sənaye 4.0” vertikalı təşkil ediləcək. “Data əsaslı qərarlar: Analitika və süni intellektlə ağıllı müəssisələrin inkişafı” mövzusunda keçiriləcək sessiyada şirkətlərin texnoloji transformasiya prosesində süni intellektin istifadəsi müzakirə olunacaq. “Akademiya və sənaye arasında körpü: Sənaye 4.0 üçün insan kapitalının formalaşdırılması” mövzusunda paneldə təhsil müəssisələri ilə biznesin əməkdaşlığı, rəqəmsal bacarıqların inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Sessiyalarla yanaşı, innovasiya sahəsində beynəlxalq səviyyədə tanınmış ekspertlər “Sənaye 4.0”ın gələcəyinə dair çıxış edəcək. “EndeavorXR” şirkətinin təsisçisi və Baş icraçı direktoru Emi Pek “Şirkətlərin gələcəyə hazırlanması: qabaqcıl texnologiyaların inteqrasiyası”, “Daedalus Futures” şirkətinin təsisçisi Oliver Smit “Süni intellektlə gücləndirilmiş əməliyyatlar: Avtonom sənayenin imkanları” və İspaniyanın İE Universitetinin İnnovasiya və texnologiya üzrə məsləhətçisi Alberto Levi isə “İnsan-Süni intellekt dövrü: Sənaye 4.0-dövründə bacarıqların, rolların və öyrənmənin yenidən formalaşdırılması” mövzusunda fikirlərini bölüşəcəklər.

Sammitin ikinci günü “Sənaye 4.0 Hazırlıq” Proqramına həsr olunmuş məlumat sessiyası keçiriləcək.  Tədbirdə proqrama bu il qoşulacaq yerli şirkətlərin nümayəndələri iştirak edəcək. Proqramın tətbiqi və beynəlxalq trendlərlə uyğunluğuna dair məlumat veriləcək.

Sammit çərçivəsində iki gün ərzində 4SİM-in stendi fəaliyyət göstərəcək. Burada iştirakçılar qurumun həyata keçirdiyi layihələr barədə məlumat alacaq və sənaye 4.0 mövzusuna həsr olunmuş viktorinada iştirak edərək “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qoşulmaq imkanı əldə edəcəklər.

INMerge İnnovasiya Sammiti regionda innovasiya, texnologiya və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq üçün mühüm platformadır. Bu il tədbirdə 100-dən çox startap, 150-dən çox tanınmış spiker, 5000 nəfər iştirakçının qatılması gözlənilir.