18 sentyabr 2025 09:45
89

Stadionları 23 minlikdir, “Real”la oyununa 140 min bilet sifarişi alıblar

"Kayrat”ın (Qazaxıstan) baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasında Madrid “Real”ı ilə qarşıdakı oyunları barədə fikirlərini bölüşüb. Matç sentyabrın 30-da Almatıda keçiriləcək.

“İki sahil” Rusiyanın championat.com saytına istinadən xəbər verir ki, Urazbaxtin matça böyük maraq olduğunu deyib:

“Klubda hərəyə beş bilet verdilər. Stadionumuz elə də böyük deyil - cəmi 23 min tamaşaçı tutumu var.  Mənim aldığım məlumata görə, “Real”la oyuna təxminən 140 min bilet müraciəti olunub. Rəhbərlik bizə izah etdi ki, bütün biletləri sadəcə paylaya bilmərik. Çünki onda adi azarkeşlərin bilet alma imkanı qalmayacaq. Bəli, böyük ajiotaj var, amma bizim bütün Çempionlar Liqası oyunlarımızda belə maraq olub. Hətta futbola heç vaxt getməyən insanlar belə indi gəlmək istəyirlər. Biz də təəccüblənirik: insanlar “Real”ı görmək istəyir, yoxsa bizi?”.

Xatırladaq ki, “Kayrat” “Real”la 2-ci turda qarşılaşacaq. Bu gün keçiriləcək ilk turun matçında isə onlar Lissabonda yerli “Sportinq”in qonağı olacaqlar.