15 sentyabr 2025 17:17
114

Biləsuvarda 624 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

Biləsuvar rayon Rafiq Rzayev adına Nəsimi kənd tam orta məktəbi üçün inşa olunan 624 şagird yerlik yeni binanın açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, təhsil işçiləri, müəllim və şagirdlər iştirak ediblər. Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, dövlət himni səsləndirilib.

Çıxış edənlər yeni məktəb binasının istifadəyə verilməsini ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirərək, pedaqoji kollektivə və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıblar.

Qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriyaları, kitabxana, akt və idman zalları, yeməkxana ilə tanış olublar. Müasir standartlara uyğun tikilən məktəbdə, həmçinin videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri də quraşdırılıb.

Qeyd edək ki, 1972-ci ildən fəaliyyət göstərən məktəbin köhnə binası yararsız vəziyyətdə olduğundan 2023-cü ilin fevralında yeni tikintiyə başlanılıb və bu gün istifadəyə verilib.