08 oktyabr 2026 16:54
106

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2027-ci il üçün müraciətlərin qəbuluna başlanılıb.

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biri olan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2027-ci il üçün müraciətlərin qəbuluna başlanılıb.

“İki sahil” xəbər verir ki,  İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən proqram yerli müəssisələrin texnoloji transformasiyasının sürətləndirilməsinə xidmət edir. Proqramın məqsədi qabaqcıl texnologiyaların tətbiqini təşviq etməklə bizneslərin əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq, innovativ və dayanıqlı istehsal imkanlarını genişləndirmək və ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq hər bir müəssisənin ehtiyac və prioritetləri nəzərə alınmaqla fərdiləşdirilmiş texnoloji transformasiya yol xəritəsi hazırlanır. Növbəti mərhələdə müəssisələrə müəyyən edilmiş həllərin tətbiqi üzrə texniki ekspert dəstəyi, eləcə də müvafiq maliyyə resurslarına çıxış istiqamətində dəstək göstərilir.

Qeyd edək ki, 2026-cı ildə 18 müəssisənin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və onlar üçün fərdi transformasiyaya dair yol xəritələri hazırlanıb. Bir sıra müəssisələr artıq həmin yol xəritələrində müəyyən edilmiş prioritet layihələrin icrasına başlayıblar. Tətbiq olunan həllər istehsal və idarəetmə proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması, məlumatlardan daha səmərəli istifadə və digər texnoloji inkişaf istiqamətlərini əhatə edir.

Proqram çərçivəsində 2030-cu ilədək ümumilikdə 65 müəssisənin sənaye 4.0 transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.

Həmçinin, proqram çərçivəsində təqdim olunan xidmətlər müəssisələr üçün ödənişsizdir.

Müəssisələr proqrama qoşulma meyarları ilə tanış olmaq və müraciət etmək üçün https://industry4.az saytından keçid edə bilərlər.