Audit obyektlərində təkrar nöqsanların baş verməsinin əsas səbəbi insan resursları ilə bağlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının əməkdaşı Vüsal Quliyev məlumat verib.
O qeyd edib ki, zəif daxili nəzarət sistemi, hesabatlılıq mexanizmlərinin kifayət qədər işləməməsi və psixoloji amillər bu halları şərtləndirir. Beynəlxalq təcrübədə tətbiq edilən “5 niyə?” metodunun köməyi ilə nöqsanların kök səbəblərinin araşdırılması tövsiyə olunur. Lakin çox vaxt suallara dəqiq cavab verilməməsi metodun effektivliyini azaldır. Müəllif vurğulayıb ki, insan resursları ilə bağlı problemlər aradan qaldırılmadan nöqsanların təkrarlanmasının qarşısını almaq çətindir.
Son illərdə audit obyektlərində eyni nöqsanların təkrar baş verməsi müşahidə olunur. Onun sözlərinə görə, 2022-ci ildə Palata tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərindən 13-ü ən azı 3-cü dəfə eyni obyektə dair olub. Bu göstərici 2023-cü ildə 14, 2024-cü ildə isə 19-a yüksəlib. Müəllif bildirir ki, eyni əməkdaşların eyni nöqsanlara təkrar yol verməsi dövlət maliyyə idarəçiliyi baxımından ciddi siqnaldır və ictimai etimadın zəifləməsinə gətirib çıxara bilər.