Müasir dövrdə qadın sağlamlığının qorunmasında maarifləndirmə və vaxtında diaqnostika xüsusi önəm daşıyır. Bu istiqamətdə peşəkar həkimlərin üzərinə böyük məsuliyyət düşür. Uzunillik təcrübəsi, pasiyentlərinə diqqətli və məsuliyyətli yanaşması ilə seçilən mamoloq-radioloq Günel Qənbərova "İki sahil TV"yə verdiyi müsahibədə qadınlarda süd vəzisi sağlamlığına yanaşma və erkən diaqnostikanın əhəmiyyəti barədə dəyərli fikirlərini bölüşüb.
-Günel xanım, süd vəzisi ilə bağlı müayinələrə qadınların qorxu və utancaqlıq səbəbilə gec müraciət etməsi halları hələ də çoxdur. Bu psixoloji baryerləri necə aradan qaldırmaq olar?
-Bəli, bu, çox təəssüf doğuran reallıqlardan biridir. Qadınlarımız bəzən süd vəzisi müayinəsini tabu hesab edir, ya da xoşagəlməz diaqnozla üzləşməkdən qorxurlar. Halbuki vaxtında atılan addım onların həyatını xilas edə bilər. Bu baryerləri aşmaq üçün maarifləndirmə çox önəmlidir. Qadınlara izah edilməlidir ki, bu, sadəcə tibbi bir prosedurdur və utanılası heç nə yoxdur. Həmçinin, mamoloqların peşəkar, empatik yanaşması da qadınlarda inamı artırır. Həyat və sağlamlıq hər şeydən önəmlidir - bu fikir ictimai şüura daha dərindən yeridilməlidir.
-Azərbaycanda qadınlar arasında döş xəstəlikləri ilə bağlı müraciətlər daha çox hansı mərhələdə olur?
Təəssüf ki, əksər hallarda qadınlarımız döş xəstəlikləri ilə bağlı həkimə gec, yəni xəstəliyin irəliləmiş mərhələsində müraciət edirlər. Bu da əsasən maariflənmənin zəifliyi, qorxu, utancaqlıq və ya vaxtında müayinəyə önəm verilməməsi ilə bağlıdır. Halbuki ilkin mərhələdə aşkarlanan problemlər çox daha rahat və effektiv şəkildə müalicə edilə bilər.
-Erkən diaqnostikanın vacibliyi barədə nə deyə bilərsiniz? Qadınlar nə zaman və nə sıxlıqla müayinədən keçməlidir?
-Bunu xüsusi olaraq qeyd edim ki, erkən diaqnostika xüsusilə döş xərçəngi kimi xəstəliklərdə həyat qurtaran bir faktordur. 20 yaşdan etibarən qadınlar ayda bir dəfə döşlərini özləri mütəmadi yoxlamalı, 25 yaşdan sonra isə ildə bir dəfə həkim müayinəsindən keçməlidirlər. 40 yaşdan sonra isə hər il mamoloq konsultasiyası ilə yanaşı, mamoqrafiya müayinəsi də tövsiyə olunur. Erkən mərhələdə aşkarlanan xəstəliklər həm sağalma şansını artırır, həm də daha az travmatik müalicə üsullarına imkan verir.
-Bəzən qadınlar "xərçəng" sözünü eşidəndə xəstəlikdən çox bu sözün psixoloji təsiri ilə sarsılırlar. Hətta ən ağır formada belə illərlə yaşamaq mümkün olduğu halda, bu qorxunun təsirindən çox qısa zamanda həyatlarını itirirlər. Bu vəziyyəti necə izah edərdiniz?
-Təəssüf ki, "xərçəng" sözü uzun illərdir ki, insanlar üçün bir cəza kimi səslənir. Halbuki bu yanaşma artıq köhnəlib. Xərçəngin bir çox növü erkən mərhələdə aşkarlandıqda tam sağalma ilə nəticələnə bilər. Amma insanlar, xüsusilə də qadınlar bu diaqnozu eşidəndə tez bir zamanda ümidsizliyə qapılır, psixoloji olaraq sarsılır və bədən artıq mübarizədən imtina edir. Bu da xəstəliyin gedişinə ciddi təsir göstərir. Ona görə də həm pasiyentə, həm də ailəsinə düzgün psixoloji dəstək verilməli, diaqnozun son deyil, başlanğıc olduğu izah edilməlidir. Ümid yaşatdıqca həyat davam edir.
-Xərçəng diaqnozu alan bir qadının psixoloji durumu bəzən fiziki vəziyyətindən daha ağır ola bilir. Belə hallarda pasiyent və yaxınları üçün psixoloji dəstəyin əhəmiyyəti nədən ibarətdir?
-Bəli, bu cür hallarda psixoloji dəstək ən az tibbi müdaxilə qədər vacibdir. Xəstəliklə mübarizədə insanın ruh halı onun bədəninə birbaşa təsir edir. Diaqnozu qəbul etmək, müalicəyə inamla yanaşmaq və ümidsizliyə düşməmək üçün həm pasiyentə, həm də onun ailə üzvlərinə psixoloq dəstəyi tövsiyə olunur. Psixoloqun iştirakı ilə aparılan söhbətlər və dəstək, xəstənin özünəinamını artırır, xəstəliyi son deyil, yeni bir mərhələ kimi qəbul etməsinə kömək edir. Unutmamalıyıq ki, mübarizəyə ruhən hazır olan insan bəzən tibbi göstəriciləri çətin olan hallarda belə gözlənilməz uğurlar əldə edə bilir.
-Mastopatiya erkən yaşlarda da müşahidə oluna bilərmi? Qadınlar hansı yaşdan etibarən diqqətli olmalıdır?
-Əvvəllər mastopatiya əsasən 25-45 yaşarası qadınlarda daha çox müşahidə olunsa da, artıq xəstəliyin yaşı xeyli gəncləşib. Bu diaqnozla mənim təcrübəmdə 11, hətta 3 yaşlı pasiyentlər belə olub. 8 yaşından menstruasiya görməyə başlayan qızlar da müraciət ediblər. Bu kimi hormonal anormallıqlar gələcəkdə mastopatiya riskini artırır. Ona görə də, təkcə qadınlar deyil, yeniyetmə qızların da süd vəzilərində hər hansı ağrı, bərklik və ya dəyişiklik müşahidə edilərsə, vaxtında həkimə müraciət etməsi vacibdir. Erkən diaqnostika bu prosesin qarşısını almaqda əsas rol oynayır.
-Uşaqlıq dövründə və yeniyetməlikdə süd vəzisi sağlamlığına necə diqqət etmək lazımdır?
-Süd vəzisi sağlamlığına diqqət çox vacibdir, çünki bu mərhələ orqanizmin inkişaf etdiyi və hormonların aktiv olduğu bir dövrdür. İlk növbədə, düzgün gigiyena qaydalarına əməl etmək, müntəzəm olaraq süd vəzilərində hər hansı dəyişiklik olub-olmadığını yoxlamaq tövsiyə olunur. Yeniyetmələrə ağır fiziki yüklərdən qaçmaq, balanslı qidalanmaq, stresi minimuma endirmək və vaxtında tibbi müayinələrdən keçmək vacibdir. Həmçinin, hər hansı ağrı, şişkinlik, ya da dəri rəngində dəyişiklik müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir. Erkən yaşlarda sağlamlıq barədə məlumatlandırma və maarifləndirmə gələcəkdə daha ciddi problemlərin qarşısını almağa kömək edir.
-Döş vəzi xəstəliklərində erkən nikahın rolu nədən ibarətdir? Bu amil xəstəliklərin artmasına necə təsir edir?
-Erkən nikah və çoxsaylı hamiləliklər süd vəzi xəstəliklərinin artmasında mühüm rol oynayır. Məsələn, cənub bölgəsində qadınlar erkən yaşda ailə qurur, bəziləri hətta 14-15 yaşlarında ana olurlar. Bu zaman hormonal sistem tam inkişaf etmədiyindən, süd vəzilərində müxtəlif patologiyalar yarana bilər. Mənim təcrübəmdə 28 yaşında 14 yaşında qızı olan pasiyentlər olub. Erkən nikahın nəticəsində qadınların bədənində hormonal balans pozulur, bu da mastopatiya və digər döş xəstəliklərinə zəmin yaradır. Buna görə də erkən nikahın qarşısının alınması və qadınların vaxtında tibbi müayinələrdən keçməsi çox önəmlidir.
-Hansı hallarda qadınlar dərhal mamoloqa müraciət etməlidirlər?
-Qadınlar döşdə ağrı, şişkinlik, asimmetriya və ya dəridə qızartı, qabıqlama kimi dəyişikliklər müşahidə etdikdə, həmçinin döşdən şirə və ya qanlı ifrazat gəldikdə, dərhal mamoloqa müraciət etməlidirlər. Döşdə sərt və hərəkətsiz şişin hiss olunması, qoltuqaltı limfa düyünlərinin şişməsi və ya başqa narahatlıq verən dəyişikliklər olduqda da vaxt itirmədən mütəxəssisə getmək vacibdir. Erkən diaqnostika və vaxtında müdaxilə xəstəliklərin uğurla müalicəsində əsas rol oynayır. Buna görə, bu cür simptomlar yaranan kimi həkimə müraciət etmək çox önəmlidir.
-Mamoqrafiya, USM və digər görüntüləmə metodları arasında fərq nədədir və hansı hallarda tətbiq edilir?
-Mamoqrafiya əsasən döş toxumasının struktural dəyişikliklərini, kiçik şişləri və mikrokalsifikasiya sahələrini aşkar etmək üçün istifadə olunur və daha çox 40 yaşdan yuxarı qadınlarda tövsiyə edilir. USM (ultrasəs müayinəsi) isə daha çox gənc qadınlarda, döşdə kist və ya şişin maye tərkibini yoxlamaq üçün tətbiq edilir. Həmçinin, mammoqrafiyada görünməyən yumşaq toxuma dəyişikliklərinin müəyyənləşdirilməsində USM faydalıdır. Digər görüntüləmə metodları (məsələn, MRT) isə daha detallı analiz və mürəkkəb hallarda istifadə olunur. Hər bir metodun seçimi xəstənin yaşına, simptomlara və kliniki vəziyyətə uyğun olaraq həkim tərəfindən təyin edilir.
-Döş xərçəngi riskini artıran amillər hansılardır və bu risklərin qarşısını almaq üçün nələr tövsiyə edirsiniz?
-Bu xəstəliyin yaranmasını artıran bir sıra amillər mövcuddur. Bunlar arasında irsi meyillilik, hormonal disbalanslar, gecikmiş və ya uzun müddətli menapoz, piylənmə, siqaret və spirt istifadəsi, stress, qeyri-sağlam qidalanma və fiziki aktivliyin azlığı xüsusi yer tutur. Yaşın artması da risk faktorlarından biridir. Bu risklərin qarşısını almaq üçün müntəzəm tibbi müayinələr, xüsusilə mamoqrafiya və USM kimi görüntüləmə metodları ilə döş sağlamlığının izlənməsi vacibdir. Sağlam həyat tərzi düzgün qidalanma, mütəmadi fiziki aktivlik, spirt və siqaretdən uzaq durmaq, piylənmədən qorunmaq da əhəmiyyətlidir. Stresdən uzaq olmaq və onun idarə olunması da xəstəliyin riskini azaltmağa kömək edir. Erkən hamiləlik və uşağa süd vermək döş xərçəngi riskini azaldan təbii amillərdən sayılır. Hormonal müalicə alan qadınlar isə həkim nəzarətində olmalıdırlar. Ümumilikdə, döş xərçəngindən qorunmaq üçün profilaktik tədbirlərin həyata keçirilməsi və vaxtında diaqnostika çox önəmlidir. Bu yolla riskləri minimuma endirmək mümkündür.
-Qadınların döş sağlamlığı üçün evdə hansı müayinələri aparmaları mümkündür?
-Birinci növbədə evdə hər ay süd vəzilərini vizual və toxunuşla yoxlamağı öyrənməlidirlər. Bu, döşlərdə hər hansı şişkinlik, dəri dəyişiklikləri, şiş və ya ağrı hissinin vaxtında aşkar edilməsinə kömək edir. Ən yaxşı vaxt menstruasiya dövründən 5-7 gün keçdikdən sonra müayinə aparmaqdır, çünki o zaman döşlər daha az həssas olur. Əllərlə yoxlama zamanı hər iki döş və qoltuqaltı nahiyələr diqqətlə yoxlanmalıdır. Hər hansı anormallıq aşkar edilərsə, mütləq həkimə müraciət etmək vacibdir.
-Döş xərçəngi riskini azaltmaq üçün dietdə hansı qidaların olması tövsiyə edilir?
-Bu riski azaltmaq üçün pəhrizdə tərəvəz, meyvə, xüsusilə antioksidantlarla zəngin qidalardan (böyürtkən, portağal, ispanaq kimi) istifadə çox vacibdir. Həmçinin, lifli qidalar, yəni tam taxıllar, paxlalılar, qoz-fındıq, həmçinin omega-3 yağ turşuları ilə zəngin balıq növləri də faydalıdır. Qırmızı ətlə və şəkərlə zəngin qidaların, həmçinin çox yağlı və qızardılmış yeməklərin qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Sağlam həyat tərzi ilə birgə düzgün qidalanma döş sağlamlığının qorunmasında əsas rol oynayır.
- Bəzi xarici ölkələrdə 40 yaşdan yuxarı qadınlara müntəzəm olaraq döş müayinəsi üçün SMS xatırlatmaları göndərilir. Sizcə, Azərbaycanda belə bir sistem tətbiq olunsa, nəticələri necə ola bilər və hazırda maarifləndirmə işləri necə aparılır?
- Belə SMS xatırlatmaları Azərbaycanda da tətbiq olunarsa, qadınların müayinələrə vaxtında gəlməsi və döş sağlamlığına daha çox diqqət göstərməsi təmin edilə bilər. Ölkəmizdə oktyabr ayı döş sağlamlığı ilə bağlı maarifləndirmə ayı kimi xüsusi önəmə malikdir. Hazırda Azərbaycanda maarifləndirmə əsasən kütləvi tədbirlər, media və sosial platformalar vasitəsilə aparılır, lakin rəqəmsal texnologiyaların tətbiqi bu işi daha effektiv və davamlı edərdi. SMS xatırlatmaları fərdi yanaşma ilə xəstəliklərin erkən aşkarlanmasına böyük töhfə verər. Mən də bu kampaniyalarda fəal iştirak edir, qadınları erkən müayinə və profilaktik tədbirlər barədə məlumatlandırıram. Maarifləndirmə qadınlarda döş xəstəlikləri ilə bağlı qorxu və utancaqlığı azaltmağa, vaxtında müayinəyə təşviq etməyə kömək edir. Bu, xəstəliklərin erkən aşkarlanması və uğurlu müalicə üçün vacibdir.
Şəmsiyyə Əliqızı, “İki sahil”