Milli Məclisin deputatı: Əgər Arman Tatoyanın özü də təşkilatımıza üzv olmaq üçün İcmamıza müraciət etsə...
Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycan sakinlərinin qeydiyyatının aparılması Ermənistanda bəzi dairələri təşvişə salıb. Hətta bu günlərdə Ermənistan Respublikasının keçmiş hüquq müdafiəçisi Arman Tatoyan bildirib ki, Azərbaycan 100 mindən çox qondarma Qərbi azərbaycanlının Ermənistanda məskunlaşmaq üçün qeydiyyatını artıq başa çatdırdıqlarını və qeydiyyatın davam etdiyini rəsmən açıqlayıb: ”Azərbaycanda insanlar artıq Ermənistanda yaşamağa hazırlanır.” O həmçinin bildirib ki, Qərbi Azərbaycan proqramının son məqsədi Ermənistanda demoqrafik mənzərənin kəskin şəkildə dəyişdirilməsi və Ermənistanın tamamilə zəbt edilməsidir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın indiyədək heç bir ölkənin, o cümlədən Ermənistanın ərazisində gözü olmayıb. Digər tərəfdən, təcavüzkar ölkə müxtəlif illərdə 300 mindən çox soydaşımızı hazırkı Ermənistan ərazisindən zorla deportasiya edib.
...o vəsiqədən birini də ona verərik, amma bir şərtlə ki...
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanın keçmiş insan hüquqları müdafiəçisi, hüquq professoru Arman Tatoyanın və Ermənistanda onun kimilərin Qərbi Azərbaycan İcması tərəfindən Qərbi azərbaycanlıların qeydiyyatının aparılması və İcmanın üzvlərinə üzvlük vəsiqələrinin verilməsi ilə bağlı təşvişinin heç bir əsası yoxdur və hətta təəccüb, bir az da gülüş doğurur: “Birincisi, Qərbi Azərbaycan İcması bir ictimai təşkilatdır və kimləri üzvlüyə qəbul etməsi və öz üzvlərinə üzvlük vəsiqəsi verməsi onun hüququdur və bunun heç kəsə aidiyyatı yoxdur. Əgər Arman Tatoyanın özü də təşkilatımıza üzv olmaq üçün İcmamıza müraciət etsə, onun da müraciətinə baxa bilərik, çünki İcmamızın üzvlərinin əksəriyyəti kimi, Arman Tatoyan da Qərbi Azərbaycan, yəni indiki Ermənistan doğumludur. Onu qəbul edib-etməmək isə İcmamızın daxili işidir, əgər qəbul etsək, o vəsiqədən birini də ona verərik, amma bir şərtlə ki, vəsiqədəki “Ata yurdu” bölməsinə öz ata yurdunu dəqiq yazsın. Ola bilər Arman Tatoyan bilməsin ki, onun əcdadları indiki Ermənistandakı ermənilərin 90 faizi kimi, son 200 ildə bu ərazilərə İran, Osmanlı, Suriya, Livan, Yunanıstan, Fransa və s. ölkələrin hansı birindən gəlib, lakin narahat olmasın, bu barədə rəsmi statistikalar var və istəsə, onun üçün mən bunu dəqiqləşdirə bilərəm”.
Qərbi Azərbaycana qayıdanda Arman Tatoyan kimilər üçün çoxlu tarixi ədəbiyyat aparmaq da boynumuzun borcu olsun
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, həmçinin vurğuladı: “Digər tərəfdən, Arman Tatoyan yazır ki, ”Azərbaycanda insanlar artıq Ermənistanda yaşamağa hazırlanır.” Bu bədbəxt yaddan çıxarır ki, bu insanlar, onların babaları, babalarının babaları və onların bütün əcdadları minillər boyu məhz o ərazidə yaşayıblar və bu ərazidən 1987-ci ildə Qarabağ münaqişəsi başlayanda ermənilər tərəfindən vəhşicəsinə qovulublar. Bu gün 44 yaşlı Arman Tatoyanın o vaxt cəmi 6 yaşı olub, uşaq olub, yadında qalmayıb, amma professor adamdır, oxuduqlarından həqiqəti öyrənə bilərdi. Görünür, oxuduqları da, Sero Xanzadyanın, Silva Kaputikyanın, Zori Balayanın yazdıqlarından başqa bir şey olmayıb. Neynəmək olar, Qərbi Azərbaycana qayıdanda Arman Tatoyan kimilər üçün çoxlu tarixi ədəbiyyat aparmaq da boynumuzun borcu olsun”.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir. Prezident İlham Əliyevin təbirincə desək, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Belə ki, 2022-ci il 3 avqustda "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin ümumi yığıncağında "Qərbi Azərbaycan İcması" adlanmağa başlayıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”