09 sentyabr 2025 11:25
122

Azərbaycan TDT ölkələri gömrük orqanları rəhbərlərinin iclasında iştirak edib

Sentyabrın 6-dan 8-dək Türküstan şəhərində (Qazaxıstan) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan gömrük idarələri rəhbərlərinin 11-ci iclası keçirilib.

“İki sahil” Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Macarıstan, Gürcüstan və Türkmənistandan olan müşahidəçilər də iştirak ediblər.

Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Jandos Duysembiyev çıxışında görüşün Türküstanda keçirilməsinin təkcə praktiki deyil, həm də dərin simvolik əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türküstan Türk dünyasının mənəvi mərkəzi kimi qardaş xalqların birliyini və qarşılıqlı anlaşmasını təcəssüm etdirir və budəfəki görüş əməkdaşlığın gücləndirilməsi istəyinin daha bir təsdiqidir.

Sədr qeyd edib ki, son illərdə TDT ölkələri arasında iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirib ki, bu da rəqəmsal həllərin tətbiqi, prosedurların sadələşdirilməsi və etimadın gücləndirilməsinin nəticəsidir.

İclasın yekununda üç sənəd imzalanıb: 11-ci iclasın Protokolu; TIR Konvensiyasına 11 saylı Əlavənin tətbiqi ilə bağlı Birgə Bəyanat (1975); risklərin idarə edilməsi və gömrük laboratoriyalarının inkişafı sahəsində əməkdaşlığa dair memorandumlar.

İştirakçılar əməkdaşlığın daha da dərinləşdirilməsinə və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyib, birgə səylərin Türk dünyasının müasir, açıq və innovativ gömrük sisteminin formalaşmasına töhfə verəcəyini vurğulayıblar.