Cari ilin 7 ayında bu dövlətlərlə 12 milyard 404,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirilib ki, bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur
Azərbaycanın iqtisadi ikişafının daha bir göstəricisi həm də ticarət dövriyyəsində baş verən artımlardır. Təbii ki, bu proses zamanı ölkəmizin ixrac və idxal etdiyi məhsulların çeşidləri də zənginləşmişdir. Ticarət dövriyyəsində yenə də həmişəki kimi Avropa İttifaqı (Aİ) ölkələri öndə gəlir. Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan bu dövlətlərlə 12 milyard 404,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu isə 2024-cü ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, son bir ildə Azərbaycanın ittifaq ölkələrinə ixracının dəyəri 14,7 faiz artaraq 10 milyard 715,4 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, ötən bir il ərzində bu ölkələrlə 1 milyard 688,8 milyon dollarlıq idxal əməliyyatları aparılıb ki, bu da 9,7 faiz artım deməkdir. Cari ilin yeddi ayı ərzində ittifaq ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,4 faiz, idxalında payı isə 12,4 faiz təşkil edib.
Sözügedən komitənin hesabatında 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox idxal-ixrac əməliyyatları apardığı ölkələrin də adları öz əksini tapıb. Yəni konkret olaraq siyahıda ilk yerlərdə İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya qərarlaşıb.
Hesabat dövründə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 7 milyard 498,6 milyon dollar təşkil edib. Bunun isə 7 milyard 195,3 milyon dolları ixracın, 303,3 milyon dolları isə idxalın payına düşür. Ümumilikdə, son bir ildə bu ölkə ilə ticarət dövriyyəsi 20,6 faiz, yəni ixrac 21,5 faiz, idxal isə 2,8 faiz artıb.
Cari ilin 7 ayında ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin həcmi 888,6 milyon dollara, o cümlədən ixrac 376,4 milyon dollara, idxal isə 512,2 milyon dollara çatıb. Son bir ildə bu ölkə ilə ticarət dövriyyəsi 4,7 faiz, yəni idxal 9,7 faiz artıb, ixrac isə 1,3 faiz azalıb.
Yanvar-iyul aylarında Azərbaycan Çexiya ilə 593,2 milyon dollarlıq ticarət əməliyyatları aparıb. Bunun da 548,3 milyon dolları ixracın, 44,9 milyon dolları isə idxalın payına düşür. Son bir ildə bu ölkə ilə ticarət dövriyyəsi 6,2 faiz, yəni ixrac 8,3 faiz azalıb, idxal isə 29,4 faiz artıb.
Bununla yanaşı, cari ilin 7 ayında ölkəmizin Yunanıstanla ticarət dövriyyəsinin həcmi 436,2 milyon dollar, o cümlədən ixrac 410 milyon dollar, idxal isə 26,2 milyon dollar təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ölkə ilə ticarət dövriyyəsi 1,2 faiz artmışdır. Düzdür bu ölkə ilə ixrac 11,4 faiz artıb, idxal isə 30,2 faiz azalıb.
Hesabat dövründə Azərbaycan İspaniya ilə 148,3 milyon dollarlıq ticarət əməliyyatları aparıb. Ümumi ticarət dövriyyəsinin 6,1 milyon dolları ixracın, 142,2 milyon dolları isə idxalın payına düşür. Son bir ildə isə bu ölkə ilə aparılmış ticarət dövriyyəsində 23,5 faiz, o cümlədən ixracda 18,7 dəfə azalma, idxalda isə 77,8 faiz artım qeydə alınıb.
Azərbaycanın Avropa İttifaqı ölkələrindən sonra ən çox ticarət dövriyyəsi apardığı Türk Dövlətləri Təşkilatına üzv ölkələrdir. Yenə də Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatı əsasında aparılan hesablamalara görə, 2025- ci ilin yanvar- iyul aylarında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz və ya 324,3 milyon ABŞ dolları artıb. Hesabat dövründə respublikamızın TDT -yə üzv ölkələrlə ticarət dövriyyəsi 4,228 milyard ABŞ dolları təşkil edib. Bir sözlə, bu göstəricilərdən aydın olur ki, sözügedən ölkələrlə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,6 faizinə çatıb.
TDT ölkələri arasında əsas ticarət partnyorumuz yenə də qardaş Türkiyədir. Məlumdur ki. Türkiyənin inkişaf edən iqtisadiyyatı bu ölkəni məşhur böyük G-20-lərin sırasına qoşmuşdur. Məhz bu səbəbdən də Türkiyə ilə iqtisadi və ticari əlaqələrin inkişafı həm də keyfiyyətli və səmərəli nəticələr deməkdir.
Qeyd edək ki, 2025-ci ildə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard dollara çatıb. Qırğızıstanla ticarət dövriyyəsi iki dəfə artaraq 40 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 517 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,3 dəfə artaraq 269 milyon dollara bərabər olub.
Elçin Zaman, «İki sahil"