05 sentyabr 2025 23:15
121

Bu günədək salamat qalmış yeganə klassik Azərbaycan mədrəsəsi Ordubad Mədrəsəsi

Ordubad şəhərində “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb. Bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında əksini tapmış layihələr, habelə investisiya layihələri nazirlik tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Görülən işlərin davamı olaraq, "Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə "BİMD" QSC ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, X–XIV əsrlərdə İslam dünyası bəşəriyyət sivilizasiyasının ön sıralarında idi: “O dövrdə ən iri elm mərkəzləri – universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və zəngin kitabxanalar məhz müsəlman Şərqində fəaliyyət göstərirdi. Burada yetişən alimlər həm Şərq, həm də Qərb mədəniyyətinin inkişafına güclü təsir göstərmişlər. Azərbaycan şəhərlərində də böyük məscidlərin yanında mədrəsələr fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında ərəb və fars dilləri, qrammatika, məntiq, kəlam, fiqh, riyaziyyat, tarix, ədəbiyyat, kalliqrafiya kimi fənlər tədris olunur, daha iri mədrəsələrdə isə yunan fəlsəfəsi, həndəsə, tibb, əlkimya, astrologiya və natiqlik də öyrədilirdi.

Azərbaycanın qədim mədəniyyət və elm ocaqlarından biri də Naxçıvanda yerləşən Ordubad şəhəridir. Bu ərazi əsrlər boyu mühüm ticarət yollarının üzərində yerləşdiyi üçün həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyıb. Ordubadın təbiəti və tarixi irsi hər zaman səyyahların diqqətini çəkib, onların qeydlərində öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin 1980-ci illərdə Ordubadı “Azərbaycanın incisi” adlandırması da şəhərin qədim və zəngin mədəniyyətinin bariz göstəricisidir.

Şəhərin mərkəzində XVIII əsrə aid olan Ordubad mədrəsəsi yerləşir. Tədqiqatçılara görə, bina bu günədək salamat qalmış yeganə klassik Azərbaycan mədrəsəsidir. Mədrəsənin tikintisi Səfəvi hökmdarı Şah Sultan Hüseynin dövründə aparılmış və dövlətin yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənmişdir. Giriş qapısı üzərindəki kitabədə elmin, təhsilin, mədəniyyətin və ordunun güclənməsi üçün bu məkanın yaradıldığı qeyd olunmuşdur.

Tarixi mənbələrə əsasən, mədrəsə əvvəlcə hərbi məktəb kimi fəaliyyət göstərmiş, daha sonra isə yerli dükanlardan vəqf hesabına maliyyələşdirilərək təhsil mərkəzinə çevrilmişdir. “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə göstərilir ki, mədrəsə müxtəlif mənbələrdən gəlir əldə edir, müəllim və idarəçilərinə maaş ödəyirdi”.

Milli Məclisin deputatı daha sonra vurğuladı ki, memarlıq baxımından mədrəsə qapalı həyət formasında tikilmiş, dörd tərəfi tələbələrin hücrələri ilə əhatə olunmuşdur: “Fasadında oxvari tağlar ardıcıllıqla düzülərək xüsusi ahəng yaratmış, lakin dekorativ elementlərdən istifadə olunmamış, diqqət daha çox strukturun sadəliyinə və möhkəmliyinə yönəlmişdir. Tədqiqatçılar bu mədrəsənin plan quruluşunu Azərbaycan karvansara memarlığı ilə müqayisə edirlər.

Burada bir sıra görkəmli şəxsiyyətlər təhsil almışdır. Onların arasında yazıçı Məmməd Səid Ordubadi, diplomat İbrahim Əbilov, kimyaçı alim Yusif Məmmədəliyev kimi adlar xüsusi yer tutur. Mədrəsə Sovet dövrünə qədər fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə Ordubad mədrəsəsi ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Hazırda Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bərpa layihələri çərçivəsində mədrəsənin də rekonstruksiyası planlaşdırılır. Bu işlər Ordubadın tarixi simasının qorunmasına, şəhərin mədəni irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcəkdir.

Sonda bir daha qeyd edim ki, Ordubad mədrəsəsi təkcə qədim memarlıq nümunəsi deyil, həm də Azərbaycan xalqının elmə, maarifə və mədəniyyətə verdiyi böyük önəmin canlı şahididir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”