05 sentyabr 2025 00:13
167

Əsas hədəf əməkdaşlıqda etimad mühitinin daha da möhkəmləndirilməsidir

Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu çağırışı səsləndirdi ki, imzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, bu sahədə yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə əsas diqqət göstərilən məsələlərdən biri də məhz bu oldu.  Ümumilikdə şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz  davamlı tərəfdaşlığa və əməkdaşlığa sadiqdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli tərəfdaşlardan  olan Azərbaycan xüsusilə bərpaolunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu çağırışı səsləndirdi ki,  bizim bərpaolunan enerji potensialımız aşağı qiymətləndirilməməlidir. İmzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı və Çindən yatırılan investisiyalara əsasən, biz 2030-cu ilədək 6 giqavat Günəş və külək enerjisinə sahib olmağı planlaşdırırıq. Bundan əlavə,  Qarabağda fəal şəkildə su elektrik stansiyaları inşa edirik: «Artıq demək olar ki, 300 meqavat enerji əldə etmişik. Beləliklə, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Çünki bizim faydalı qazıntı yanacağımız var, həmçinin biz bərpaolunan enerji üzərində fəal şəkildə işləyirik. Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub.» Cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik. Beləliklə, bir çox layihələr reallaşma mərhələsindədir.  Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən birini biz  sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçmişik. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, bizim xarici siyasət gündəliyimizin böyük bir hissəsidir.

Onu da qeyd edək ki, 2030-cu ilədək respublikamızın «yaşıl artım”» ölkəsinə çevrilməsini və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir. Perspektivlərin vəd deyil, əməli iş olduğunu təsdiqləyən fakt Ermənistanın işğalından azad edilmiş ərazilərdə  yeni generasiya güclərinin yaradılmasıdır. Bu amillər beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Yuxarıda da qeyd etdiyimiz kimi,  bu məqsədlər üçün Səudiyyə Ərəbistanı Krallığının «Masdar» və «ACWA Power» şirkətləri ilə müqavilələr imzalanıb. Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerjii» zonası üçün konseptual layihələr hazırlanıb, müasir dövrün tələbinə uyğun bərpaolunan enerji mənbələrindən ibarət unikal «yaşıl enerji» zonası konsepsiyasının yaradılması üçün nəzərdə tutulan layihələrin həlli istiqamətində işlər davam etdirilir. Azərbaycanın nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, dünya ölkələrinin maraq göstərdiyi bərpaolunan enerji sahəsində Azərbaycanın zəngin təbii resurslara malik olması «yaşıl artım» layihəsinin həlli üçün geniş imkanlar vəd edir.

Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün «açıq qapı» siyasətinə sadiqdir. Enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə mənbə  Azərbaycandır.  Dövlət başçısı İlham Əliyev  sözügedən müsahibədə onu da qeyd etdi ki, bizim təbii qaz üçün əsas istiqamətimiz Avropadır. Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı onların enerji təhlükəsizliyində həqiqətən də mühüm rol oynayır və bu rol artacaq. Mən artıq qarşıdan gələn illər üçün planlarımızı açıq elan etmişəm. Biz 2030-cu ilədək bu gün sahib olduğumuzdan əlavə 8 milyard kubmetr təbii qazı əmin şəkildə təmin edəcəyik. Məsələ onun necə, hansı istiqamətdə istifadə olunmasıdır: «Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Artıq qeyd etdiyim kimi, düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir.» O da qeyd olundu ki, bərpaolunan enerjidə əsas sərmayədarlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir. Onlar bizim əsas sərmayədarlardır. Onlar indi investisiya yatırırlar.

Zəngin neft-qaz yataqlarının istismarı ilə qarşıdakı onillər ərzində ölkəmizin inkişafı daha etibarlı təmin olunacaq, iqtisadiyyatımız çoxşaxəli şəkildə inkişaf edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində bundan sonra da etibarlı tərəfdaş olacaq. Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Bundan sonra isə qaz təchizatçısı kimi də  potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir. Ölkəmizin dünyanın enerji xəritəsində möhkəmlənən rolu daha da artacaq.

Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza  iqtisadi və siyasi dividend gətirən «Əsrin müqaviləsi»nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan enerji layihələrini icra etməklə neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.

2020-ci ildə tarixi Zəfərimiz  Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının davamı olaraq «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi olduğunu nəzərə alsaq,  tarixi  Zəfərimizin reallıqlarının yol açdığı yeniliklər sırasında bu əlaqələrin qurulduğunu və yüksələn xətlə inkişaf etdiyini qeyd edə bilərik.

Azərbaycan neft ölkəsi kimi hazırda ekoloji mühitin sağlamlaşdırılmasında maraqlıdır. Meşə sahələrinin artırılması, təsərrüfat sahələrinin planlı şəkildə genişləndirilməsi, müasir aqrotexniki vasitələrdən istifadə, alternativ enerjiyə üstünlük verilməsi və sair kimi məsələlər iqlim dəyişikliyi probleminin həllində qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan  bu istiqamətdə mühüm addımlar atır. Bu irəliləyiş dünya ölkələrinin diqqətindən yayınmır.  COP29-da dünya ölkələri Azərbaycanın malik olduğu resursları və imkanları əyani şəkildə gördülər.

Cənab İlham Əliyev  bir mühüm məqamı da diqqətə çatdırır ki,   COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gəldi, iki həftə ərzində Bakı dünyanın mərkəzi oldu.  Dövlətimizin başçısı öncədən bu əminliyi ifadə etmişdir ki,  COP29 beynəlxalq konfransını da  yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda  enerji siyasətimizin prioritetidir.

Cənab İlham Əliyevin bu əminliyi reallıqda öz əksini tapdı. COP29 hələ də uğurlu nəticələri ilə daim diqqətdə saxlanılır. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in «Təmiz ətraf mühit» və «yaşıl artım ölkəsi» hədəfində  bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə  iki məqsədin  reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olundu. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Göründüyü kimi, hər dövrün öz çağırışı vardır. Müstəqilliyimizin bərpasından ötən 34 ilə yaxın  dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Qarabağımız və Şərqi Zəngəzurumuz zəngin bərpaolunan enerji potensialına malikdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  azad edilmiş ərazilərdə  digər mühüm məsələ də var. Yeni idarəçilik modeli sınaqdan keçirilir. Artıq Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb.  Onların sayı daha çox olacaq: «Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin. Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda biz Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik.» 

Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır. Ölkəmiz qarşısına qoyduğu hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu qeyd etməklə yanaşı, səylərini də artırır. Ölkəmizin tezliklə bərpaolunan enerji mərkəzi kimi tanınacağı şübhəsizdir. Əsas olan hədəf və ona nail olmaq üçün birgə səylərin göstərilməsi, yeni tərəfdaşların qazanılması, əməkdaşlıqda etimad mühitinin daha da möhkəmləndirilməsidir. Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.

Yeganə Əliyeva, “İki sahil”