02 sentyabr 2025 17:00
249

“SOCAR Türkiyə” sosial layihələrə sərmayə qoymağa davam edir - FOTO

Şirkət 2020–2024-cü illər ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinin nəticələrinə dair “Sosial təsir hesabatı”nı təqdim edib

Türkiyənin ən böyük birbaşa xarici investoru və ən iri inteqrə sənaye qrupu olan “SOCAR Türkiyə” 2020–2024-cü illər ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinin nəticələrinə dair “Sosial təsir hesabatı”nı təqdim edib. Beş illik dövrdə könüllülük, ətraf mühit, fəlakət, səhiyyə və təhsil sahələrində həyata keçirilən layihələr insanların həyat keyfiyyətinə və cəmiyyətin inkişafına birbaşa töhfə verib. Şirkətin “Öncə İnsan” yanaşması ilə formalaşan bu layihələri çoxşaxəli əməkdaşlıq formatı və davamlı təsiri ilə fərqlənir. Bu yanaşma cəmiyyətə ümid, işçilərə diqqət, gənclərə isə imkanlar təqdim etməklə, “SOCAR Türkiyə”nin yalnız istehsalat fəaliyyətlərində deyil, sosial dəstək proqramlarında da özünü göstərdiyini nümayiş etdirir. Bu yanaşma çərçivəsində könüllülük əsasında icra edilən layihələr dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilərək sosial təsirin daha da gücləndirilməsinə xidmət edir.

Sosial məsuliyyət – strateji dəyər

Hesabatda yer alan “Sosial geri qayıtma təhlili” nəticələri “SOCAR Türkiyə”nin sosial investisiyalarının güclü təsirini rəqəmlərlə ortaya qoyur. Təhlilə əsasən, yatırılan hər vəsaitin qarşılığında təqribən 3 vahid sosial dəyər yaradılıb. Xüsusilə Aliağa bölgəsində həyata keçirilən könüllülük fəaliyyəti və idman layihələri yerli əhali arasında əhəmiyyətli və ölçülə bilən dəyişikliklərə səbəb olub.

Təhsil, ətraf mühit və sağlamlıq layihələri

Təhsil sahəsində – qız uşaqlarının dəstəklənməsi, məktəb və kitabxana, texniki və peşə təhsili proqramları, eləcə də rəqəmsal vasitələrin təminatı daxil olmaqla çoxsaylı təşəbbüslər icra edilib və bu layihələrdə 15 müxtəlif qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq həyata keçirilib.

Ətraf mühit sahəsində – 400 mindən çox ağac əkilib, 16 parkda abadlıq işləri aparılıb və sahilboyu təmizlik aksiyaları təşkil olunub.

Fəlakətlər sahəsində – xüsusilə 6 fevral zəlzələsindən sonra “SOCAR Türkiyə Könüllüləri” həmin bölgələrdə fəal şəkildə iştirak edib. Şirkətin təqdim etdiyi maddi və mənəvi yardımlarla yanaşı, işçilərdən ibarət könüllülər də ianələr vasitəsilə dəstək göstəriblər.

Səhiyyə sahəsində – Aliağa Dövlət Xəstəxanasında tibbi xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artıran yeni yanıq şöbəsi istifadəyə verilib və xəstəxananın ümumi gücü genişləndirilib.

Könüllülüyün güclü nəticələri

Hesabatın diqqətçəkən nəticələrindən biri də “SOCAR Türkiyə Könüllüləri”nin yaratdığı sosial təsirin miqyasıdır. Belə ki, könüllülərin 91%-i emosional rifahlarının artdığını, 90%-i sosial və ekoloji məsələlərdə məlumatlılığın yüksəldiyini, 81%-i isə peşəkar və sosial bacarıqlarının inkişaf etdiyini bildiriblər. Bu göstəricilər könüllülüyün yalnız cəmiyyət üçün deyil, həm də insanlar üçün güclü nəticələr doğurduğunu sübut edir.

İdman və sosial inteqrasiya

Aliağada fəaliyyət göstərən “Petkim” İdman Klubunun idman məktəbləri və yay tədbirlərinin təşkili idmana maraq hissini gücləndirib. Uşaqların 92%-ində şəxsi və sosial, 86%-ində isə zehni və fiziki inkişaf təmin olunub. Valideynlər arasında aparılan sorğular nəticəsində idmana marağın artdığı, ailə daxilində idman vərdişlərinin formalaşdığı və ümumi həyat keyfiyyətində müsbət dəyişikliklərin baş verdiyi məlum olub.

Ümumilikdə hesabatın nəticələri “SOCAR Türkiyə”nin sosial fayda yaratmaq yanaşmasını daha da gücləndirən mühüm məqamları ortaya qoyur. “Əvvəlcə İnsan” prinsipini bütün fəaliyyətlərinin mərkəzinə yerləşdirən şirkət, sosial təsiri yalnız nəticə deyil, həm də dayanıqlı inkişaf yolunda strateji bir məqam kimi qiymətləndirir. Bu istiqamətdə “SOCAR Türkiyə” cəmiyyəti gücləndirən və uzunmüddətli fayda verən layihələrə sərmayə qoymağa davam edir.

Orxan Vahidoğlu, “İki sahil”