01 sentyabr 2025 16:25
164

Bakıda ICPC-nin 49-cu dünya finalı keçirilir

Bakıda Azərbaycan Mərkəzi Bankının (AMB) tərəfdaşlığı, "ICPC Foundation" təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi ilə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı keçirilir.

“İki sahil” xəbər verir ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan, sentyabrın 5-dək davam edəcək müsabiqə "ICPC Azərbaycan" icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutur.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edir.

Ümumilikdə, ICPC-nin rəsmi mərhələləri hər il 110-dan çox ölkədən, 3 500-ə yaxın universiteti təmsil edən 70 000-dən artıq ən güclü tələbə-proqramçını bir araya gətirir.

Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur.

Azərbaycanın müxtəlif universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər.

Qeyd edəki, ICPC 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.