Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bir daha bildirdi ki, bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir
Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqun mövcud olduğunu önə çəkərək bildirmişdir: «Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır… Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. …Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. …Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir.»
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaratdı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da geniş bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu məsələyə xüsusi diqqət göstərdi. Bildirdi ki, təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir. Çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur. Cənab İlham Əliyev müxbirin «Amerikalı sərmayədarlar tərəfindən» sualına gəldikdə isə vurğuladı ki, hələ qərar verilməyib. Amma bəli, bu, amerikalı investorlar tərəfindən həyata keçirilə bilər. Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar. Layihənin həyata keçirilməsi çox yaxındır və indi iş Ermənistanın üzərinə düşür. Azərbaycanın iki hissəsini birləşdirən bütün infrastruktur bizim ərazimizdə artıq yaradılır. Amma bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir.
Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmiz beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Bu baxımdan Davos Dünya İqtisadi Forumunun hesabatı daim önə çəkilir. Azərbaycan həmin hesabatda istər avtomobil yollarının keyfiyyətinə, istər dəmir yollarının, istərsə də hava nəqliyyatının səmərəliliyinə görə öncül yerlərdədir. Bu yerləri əldə etmək böyük səy və düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaratdı. Azərbaycanın iqtisadi imkanları bütün sahələrdə qarşıya qoyulan hədəflərə zamanında nail olmağa stimul verir. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, yol olmayan yerdə inkişaf da olmur. Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. BTQ-nin əsas missiyası yalnız Asiya ilə Avropa arasında yükdaşımaları həyata keçirmək deyil. Eyni zamanda, Şimaldan və Cənubdan gələn yüklərin Asiya və Avropaya daşınmasını təmin etmək də bu dəmir yolu xəttinin əhəmiyyətini bir daha göstərir. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır.
Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma sahəsində də ciddi addımlar atılır. Eyni zamanda, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılaraq müştərək müəssisələr qurulmaqdadır. Ölkəmizin dünya okeanlarına birbaşa çıxışının olmadığını nəzərə alsaq, belə bir vəziyyətdə həyata keçirilən düzgün strateji layihələr və infrastruktur investisiyaları sayəsində Azərbaycanın Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirdiyini əminliklə qeyd edə bilərik. Azərbaycan coğrafi mövqeyindən maksimum istifadə edərək və məqsədyönlü addımlar ataraq, qlobal nəqliyyat sistemində mühüm yer tutub.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri təbii ki, yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son illərdə Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, bu regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana çoxsaylı səfərlər ediblər. Cənab İlham Əliyevin bu günlərdə Türkmənistana işgüzar səfəri mühüm məqamları ilə diqqətdə oldu. Səfər çərçivəsində keçirilən Türkmənistan, Azərbaycan və Özbəkisan arasında yüksəksəviyyəli görüş özündə mühüm məqamları, çağırışları ehtiva etdi. Bu birlik türk dünyasının həmrəyliyinin gücləndirilməsində, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasında öz sözünü deyəcək. Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin mətbuata birgə bəyanatları, həmçinin onların iştirakı ilə müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması bu görüşün əhəmiyyətini nümayiş etdirir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev «Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. Sonra «Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu», «Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol» və «Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu» imzalandı. Liderlər mətbuata birgə bəyanatlarında həm ayrı-ayrılıqda ölkələr arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafından, Azərbaycan-Türkmənistan-Özbəkistan birliyinin gələcək üçün nələri vəd etməsindən bəhs etdilər. Keçirilən yüksəksəviyyəli görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq. Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri geniş müzakirə edildi. Üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, həm də böyük region üçün mühüm əhəmiyyət daşıyacaq. Üç ölkənin liderlərinin mətbuata birgə bəyanatında isə cənab İlham Əliyev qeyd etdi ki, artıq müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, üçtərəfli əməkdaşlıq formatı yaradılsın və bizim növbəti görüşümüzə konkret istiqamətlər üzrə təkliflər verilsin. Bütün göstərişlər verildi. Burada səsləndi - nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd etdi ki, görüşümüz xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi. Coğrafi mövqeyi, iqtisadiyyat və nəqliyyat-kommunikasiya üzrə qarşılıqlı əlaqələri nəzərə alaraq belə bir əməkdaşlıq hamımız üçün faydalı olacaq. Mürəkkəb qlobal siyasi proseslər və dəyişkən dünyanın iqtisadi konyunkturası şəraitində tərəfdaşlığımız dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Danışıqlar zamanı nəqliyyat dəhlizlərinin inkişafı, o cümlədən Türkmənbaşı və Bakı limanlarının imkanlarından səmərəli istifadə, birgə logistika infrastrukturunun formalaşması məsələlərinə xüsusi diqqət yetirdik. Bundan başqa, üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. Söhbət karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrdən gedir. Əmtəə dövriyyəsinin böyük həcmdə artırılması və sənaye kooperasiyası miqyaslarının genişləndirilməsi danışıqların gündəliyində əsas yer tutdu. Ölkələrimizin regionlarının potensialının daha çox cəlb edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradılacaq. Su ehtiyatlarının rasional istifadəsi və ekoloji təhdidlərə qarşı fəaliyyət sahələrində əməkdaşlığı genişləndirəcəyik. Turizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbul olunması təklif edildi. Əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin reallaşdırılması üzrə iş müvafiq nazirliklər tərəfindən “Yol Xəritəsi” əsasında həyata keçiriləcək. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isə vurğuladı ki, ölkələrimizin iqtisadi əməkdaşlıq baxımından potensialı nəzərdən keçirildi ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək.
Göründüyü kimi, türk dövlətlərinin istər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması, yeni prioritetlər üzrə inkişafı, öz növbəsində, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev daim çıxışlarında bildirir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amalına sadiq qalacaq.
Xatırladaq ki, 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (hazırda Türk Dövlətləri Təşkilatı) uğurla sədrlik edən Azərbaycan həmin dövrdə üzv ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səy göstərdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək beynəlxalq təşkilat statusu qazanması Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri uzaqgörən siyasətin, gərgin zəhmətin bariz nümunəsidir. Azərbaycanın Türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində göstərdiyi səy Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, 2021-ci ildə təşkilatın İstanbulda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevə Türk dünyasının Ali Ordeni təqdim olundu.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu davam edəcək.
Dövlət başçısı İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində türkdilli dövlətlər arasında Azərbaycanın mühüm roluna xüsusi diqqət yönəldərək bildirdi ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir. Türkiyə ilə çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Rəcəb Tayyib Ərdoğanla imzalanan, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il Azərbaycan Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladı. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə strateji tərəfdaşlıq müqavilələrimiz və bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır: «Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir. Bizim geniş coğrafiyamız var.»
Cənab İlham Əliyev qardaş Türkiyənin qlobal miqyasda aparıcı hərbi gücündən bəhs edərək vurğuladı ki, Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. O da qeyd edildi ki, Türk Dövlətləri Təşkilatının bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də təşkilatı onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Gələcəkdə Türk Dövlətləri Təşkilatını mühüm qlobal iştirakçılardan biri kimi görürük. Fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.
Bu günümüzün reallıqları dövlət başçısı İlham Əliyevin ötən il müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində səsləndirdiyi «Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik» çağırışı istiqamətində atılan addımların əsas tərkib hissələridir.
Yeganə Əliyeva, “İki sahil”