28 avqust 2025 09:27
175

Sosial şəbəkə asılılığı psixoloji asılılıq sayılırmı?

Müasir dövrdə texnologiyanın və internetin sürətli inkişafı insanların gündəlik həyatında köklü dəyişikliklərə səbəb olub. Xüsusilə sosial şəbəkələr həyatın ayrılmaz bir hissəsinə çevrilib. Əvvəlcə ünsiyyət vasitəsi kimi istifadə edilən bu platformalar zamanla insanın emosional və psixoloji durumuna təsir edən bir vasitəyə çevrilib. Nəticədə, bəzi hallarda insanlar bu şəbəkələrdən asılı vəziyyətə düşür və sosial şəbəkə asılılığı anlayışı formalaşır.

Psixoloq Arzu Qurbanlı “İki sahil” TV-yə müsahibəsində sosial şəbəkə asılılığının psixoloji tərəfləri ilə bağlı ətraflı fikir bildirdi.

-Arzu xanım,  sosial şəbəkə asılılığı psixoloji asılılıq sayılırmı? Bu asılılığın formalaşmasında əsas psixoloji səbəblər nələrdir?

-Sosial şəbəkə asılılığı müasir dövrdə geniş yayılmış və psixoloji asılılıq kimi qəbul edilən ciddi bir problemdir. Bu asılılıq insanın gündəlik həyat fəaliyyətinə, emosional vəziyyətinə və sosial münasibətlərinə təsirsiz ötüşmür. Əslində, sosial şəbəkələr ilk baxışda ünsiyyət qurmaq, məlumat əldə etmək və əylənmək üçün əlverişli platforma kimi görünsə də, zamanla insanlarda onlarsız qala bilməmə halı formalaşır. Bu isə artıq psixoloji asılılığın göstəricisidir. Bu asılılığın formalaşmasında bir sıra psixoloji səbəblər mühüm rol oynayır. Ən başlıcası, insanlarda tənhalıq hissinin güclənməsi və sosial mühitdən uzaqlaşma meyillərinin artmasıdır. Bəzi insanlar özlərini yalnız sosial şəbəkələrdə qəbul olunmuş və dəyərli hiss edirlər. Bəyənilmək, paylaşdıqları məzmunlara reaksiya almaq onları müvəqqəti məmnunluq hissi ilə təmin edir. Bundan başqa, real həyatda qarşılaşdıqları problemlərdən qaçmaq və özlərini daha xoşbəxt hiss etmək üçün virtual aləmə sığınanlar da az deyil. Eyni zamanda, sosial müqayisə psixoloji təzyiqi daha da artırır. İnsanlar digərlərinin həyatlarını müşahidə edərək özlərini onlarla müqayisə edir və bu da narazılıq, özünəinam itkisi və stresə səbəb olur. “Nəyisə qaçırmaq qorxusu” (FOMO) da insanları daim onlayn qalmağa vadar edir. Nəticədə isə asılılıq daha da dərinləşir və şəxs bu vərdişdən ayrılmaqda çətinlik çəkir.

-Asılılığı olan şəxslərdə hansı davranış və əlamətlər müşahidə olunur? Bu problemdən əziyyət çəkən şəxs özündə dəyişiklik edə bilərmi, yoxsa mütləq mütəxəssis dəstəyi vacibdir?

- Sosial şəbəkə asılılığı olan şəxslərdə bir sıra xarakterik davranış və əlamətlər müşahidə olunur. Ən çox rast gəlinən hallardan biri odur ki, şəxs gündəlik fəaliyyətini ikinci plana atır və vaxtının böyük hissəsini onlayn keçirir. Gecə saatlarında yuxudan oyanaraq sosial şəbəkələrə daxil olmaq, gün ərzində davamlı olaraq telefona baxmaq, paylaşım etməyə və ona gələn reaksiyaları izləməyə həddindən artıq önəm vermək bu asılılığın göstəriciləridir. Bu şəxslərdə emosional gərginlik, əsəbilik, diqqət yayınıqlığı və real sosial münasibətlərdən uzaqlaşma da tez-tez müşahidə olunur. Əgər bir müddət sosial şəbəkədən uzaq qalarsa, narahatlıq, darıxma və hətta panik hal belə yaranır. Asılılıqdan əziyyət çəkən şəxs müəyyən dərəcədə bunun fərqinə varıb iradə göstərməklə özündə dəyişiklik edə bilər. Lakin bu hər zaman kifayət etmir. Əgər sosial şəbəkə istifadəsi artıq gündəlik həyat keyfiyyətini, münasibətləri və iş fəaliyyətini mənfi təsirləndirirsə, bu zaman psixoloq dəstəyi zəruridir. Mütəxəssis həm problemin kök səbəblərini müəyyən edir, həm də real həyatla yenidən sağlam əlaqə qurmaq üçün fərdi strategiyalar təqdim edir. Əsas məqsəd texnologiyadan balanslı və nəzarətli şəkildə istifadə vərdişini formalaşdırmaqdır. 

-Sosial şəbəkələrə aludəçiliyin uşaq və yeniyetmələrdə yaratdığı əsas təhlükələr nələrdir? 

-Sosial şəbəkələrə aludəçiliyin uşaq və yeniyetmələr üçün yaratdığı əsas təhlükələr həm psixoloji, həm sosial, həm də inkişafla bağlıdır. İlk növbədə bu onların psixi sağlamlığına mənfi təsir göstərir. Uzun müddət onlayn olmaq diqqət dağınıqlığına, yuxu pozuntularına, əhvalın tez-tez dəyişməsinə və aqressiv davranışlara səbəb ola bilər.  Digər mühüm təhlükə isə özünəgüvənin azalmasıdır. Yeniyetmələr sosial şəbəkələrdə gördükləri “ideal” həyatlarla özlərini müqayisə etdikcə, dəyərsizlik hissi, depressiya və narahatlıq yaşaya bilirlər. Bundan əlavə, bu yaş qrupundakı uşaqlar sosial bacarıqlarını real həyatda inkişaf etdirməkdə çətinlik çəkirlər. Virtual aləmdə ünsiyyət qurmağa alışan yeniyetmələr real münasibətlərdə özlərini ifadə etməkdə və sosial əlaqə qurmaqda çətinlik yaşayırlar.  Nəhayət, internetdəki təhlükəli məzmun, zorakılıq, kiberbullinq, yalan informasiyalar və xarici təsirlər onların formalaşmaqda olan şəxsiyyətlərinə mənfi təsir göstərə bilər. Valideyn nəzarəti və maarifləndirici tədbirlər bu risklərin azaldılmasında mühüm rol oynayır.

-Valideynlər övladlarının sosial şəbəkə asılılığını necə fərq edə bilər?

-Valideynlər övladlarının sosial şəbəkə asılılığına düşüb-düşmədiyini gündəlik müşahidələr əsasında müəyyən edə bilərlər. Əgər uşaq sosial şəbəkələrdə keçirdiyi vaxtı idarə edə bilmirsə, gündəlik fəaliyyətini, dərslərini və sosial ünsiyyətini bu səbəbdən axsatmağa başlayıbsa, bu, artıq asılılığın göstəricisidir. Cihaza çıxış məhdudlaşdırıldıqda əsəbi, narahat və ya aqressiv davranırsa, bu da ciddi xəbərdarlıq siqnalıdır. Eyni zamanda, sosial şəbəkələrdəki fəaliyyətinə həddən artıq önəm verən, real həyatdan uzaqlaşaraq virtual məkanda yaşamağa meyilli olan uşaqlarda bu problemin dərinləşdiyini görmək mümkündür. Valideynlər bu kimi əlamətləri vaxtında fərq etməli, övladları ilə açıq ünsiyyət quraraq balanslı istifadə vərdişləri formalaşdırmağa çalışmalıdırlar. Gərəkli hallarda isə psixoloq dəstəyi almaqdan çəkinməməlidirlər.

-Bu asılılıqla mübarizədə hansı psixoloji üsullar və terapiyalar tətbiq olunur?

Sosial şəbəkə asılılığı ilə mübarizədə müxtəlif psixoloji yanaşmalar və terapiya üsulları tətbiq olunur. Ən geniş yayılmış və effektiv metodlardan biri Koqnitiv Davranışçı Terapiya (CBT)-dır. Bu üsul insanın düşüncə və davranışlarını dəyişdirməyə yönəlir. Məsələn, şəxs asılılığına səbəb olan düşüncə tərzini müəyyən edir və onu daha funksional düşüncə ilə əvəzləməyə çalışır. Digər yanaşmalara motivasiya artırıcı terapiya, emosiyaların tənzimlənməsi texnikaları, stress və vaxt idarəetmə bacarıqlarının inkişafı, ailə terapiyası və rəqəmsal detoks proqramları daxildir. Bu üsullar insanın həyatına daha balanslı münasibət gətirməsinə, real sosial əlaqələri gücləndirməsinə və virtual aləmdən asılılığını azaltmasına yardım edir. Müalicə fərdi yanaşma tələb etdiyindən, asılılığın dərəcəsinə və şəxsin psixoloji vəziyyətinə uyğun fərqli üsullar tətbiq oluna bilər. Mütəxəssis dəstəyi bu prosesdə əsas rol oynayır.

-Həyatın digər sahələrində balans yaratmaq sosial şəbəkə asılılığının qarşısını almağa kömək edirmi? Sosial şəbəkələrdən düzgün istifadə vərdişi necə formalaşdırıla bilər?  

-Sosial şəbəkələrdən düzgün istifadə vərdişinin formalaşdırılması üçün ilk növbədə fərdi sərhədlər müəyyən olunmalı, rəqəmsal intizam inkişaf etdirilməlidir. Gündəlik istifadə üçün vaxt limiti qoymaq, bildirişləri deaktiv etmək, sosial şəbəkəyə giriş üçün konkret saatlar təyin etmək və bu rejimə riayət etmək önəmlidir. Eyni zamanda sosial media platformalarında keçirdiyiniz vaxtı izləmək üçün tətbiqlərdən istifadə faydalı ola bilər. Həyatın digər sahələrində balans yaratmaq, məsələn, ailə ilə daha çox vaxt keçirmək, fiziki aktivliyə üstünlük vermək, hobbilərə və real sosial münasibətlərə yer ayırmaq sosial şəbəkə asılılığının qarşısını almağa kömək edir. İnsan gündəlik həyatında mənalı məşğuliyyətlərə fokuslandıqda, virtual dünyaya ehtiyac və maraq da azalır. Bu səbəbdən sağlam yaşam tərzi və sosial balans həm psixoloji rifah, həm də rəqəmsal asılılığın qarşısının alınması baxımından mühüm rol oynayır.

-Sosial şəbəkələrdən faydalı istifadə zamanı hansı risklərə diqqət etmək lazımdır?

-Sosial şəbəkələrdən faydalı istifadə etmək mümkündür, lakin bunun üçün riskləri dərk edib, onlardan qorunmaq lazımdır. Şəxsi məlumatların qorunması, düzgün informasiya mənbələrinə üstünlük vermək və vaxt idarəsi sosial şəbəkələrin mənfi təsirlərinin qarşısını almağa kömək edir. Belə balanslı yanaşma həm təhlükəsiz, həm də səmərəli istifadə təmin edir. Sosial şəbəkələrdən faydalı istifadə zamanı qarşıya çıxacaq biləcək əsas risklərdən biri şəxsi məlumatların icazəsiz paylaşılmasıdır. Bu, şəxsi təhlükəsizliyə və məxfiliyə ciddi zərər verə bilər. Eyni zamanda, sosial şəbəkələrdə yayılmış yanlış və ya manipulyasiya olunmuş informasiyalara inanmaq, dezinformasiya yaymaq riski də mövcuddur ki, bu da istifadəçilərin qərar verməsində səhvlərə səbəb ola bilər.  Həmçinin, vaxtın düzgün idarə olunmaması nəticəsində sosial şəbəkələrdə çox uzun müddət keçirmək həyatın digər vacib sahələrindən yayındırır, bu da stress və psixoloji gərginlik yarada bilər. Ona görə də sosial şəbəkələrdən istifadə edərkən şəxsi məlumatların qorunmasına, mənbələrin dəqiqliyinə diqqət yetirmək, vaxtı məhdudlaşdırmaq və psixoloji sağlamlığı qorumaq vacibdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”